“BP-Azerbaijan” şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz yatağından ilk aşağı təzyiqli qazın hasilatını 2029-cu ilin ortalarına planlaşdırır.
Operativ Media xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Şirkət qeyd edib ki, qaz yataqlarının işlənməsi zamanı lay təzyiqinin azalması təbii bir prosesdir və bu, qaz hasilatının həcminin tədricən azalmasına səbəb olur: "Bu vəziyyətdə qazın kompressiyası neft-qaz sənayesində geniş tətbiq edilən və özünü doğruldan bir texnologiyadır. Aşağı təzyiqli qaz ehtiyatlarının hasilatı və onların maksimum səmərə ilə çıxarılması məqsədilə yeni kompressor platformasının inşası planlaşdırılır.
Layihə çərçivəsində aşağıdakı işlərin həyata keçirilməsi nəzərdə tutulur:
- Elektrik enerjisi ilə işləyən pilotsuz “Shah Deniz Compression” (SDC) kompressor platformasının tikintisi;
- Mövcud “Shah Deniz Alpha” (SDA) və “Shah Deniz Bravo” (SDB) platformalarından qazın ixracı və idxalı üçün mədəndaxili sualtı qaz kəmərlərinin çəkilməsi;
- SDC platformasının elektrik enerjisi ilə təmin olunması, həmçinin SDA və SDB platformalarının ehtiyat elektrik enerjisi üçün fiber-optik kabellərin quraşdırılması.
“BP-Azerbaijan” bildirib ki, yeni SDC platforması “Shah Deniz Alpha” platformasından 10 km, “Shah Deniz Bravo” platformasından isə 3 km məsafədə, 85 metr dərinlikdə quraşdırılacaq: "Bu platformalarda hasil ediləcək qaz kompressiya üçün əvvəlcə yeni platformaya, daha sonra isə Səngəçal terminalına nəql olunacaq".
Qeyd olunur ki, SDC platformasının istifadəyə verilməsi “Şahdəniz” yatağındakı quyuların və yatağın istismar müddətini uzadacaq. Layihə çərçivəsində “Shah Deniz Alpha” platformasından aşağı təzyiqli qazın hasilatına, qrafikə uyğun olaraq, 2029-cu ilin ortalarında, “Shah Deniz Bravo” platformasından isə 2030-cu ilin ortalarında başlanması planlaşdırılır.
Şirkət bildirir ki, layihə zamanı Səngəçal terminalında nə yeni infrastrukturun tikintisinə, nə də ərazisinin genişləndirilməsinə ehtiyac olmayacaq, çünki işlər SDA, SDB platformalarının və terminalın mövcud infrastrukturunda aparılacaq.
"Layihə çərçivəsində SDC platformasının dayaq bloku və üst tikililəri, eləcə də sualtı infrastrukturun komponentlərinin Azərbaycanda tikilməsi planlaşdırılır. Tikinti podratçıları üzrə tender prosedurlarının 2025-ci ilin ikinci rübünün sonuna qədər başa çatdırılması nəzərdə tutulur. Sahildə tikinti işləri və obyektlərin istismara verilməsi əsasən 2026-2028-ci illər ərzində həyata keçiriləcək", - şirkətdən bildirilib.
Gözlənilir ki, SDC layihəsinin tikinti mərhələsində 2 600 nəfərə yaxın yerli işçi qüvvəsi iştirak edəcək. Qeyd olunub ki, xidmət personalı olmadan işləyən SDC platformasının istismar mərhələsində yalnız məhdud sayda mütəxəssislər cəlb ediləcək.
Xatırladaq ki, “BP-Azerbaijan”ın mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı daha əvvəl bildirib ki, layihənin maliyyələşdirilməsi ilə bağlı yekun qərarının (FID) 2025-ci ildə qəbul edilməsi planlaşdırılır.