Bakı, TurkicWorld
Ötən il noyabrın 7-də Eritreyada saxlanılan üç Azərbaycan gəmisi hələ də buraxılmayıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq "Caspian Marine Services B.V." şirkətindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan gəmilərindəki heyət üzvləri ilə mütəmadi olaraq əlaqə saxlanılır: "Onların hər birinin vəziyyəti yaxşıdır. Heyət üzvləri qida ilə təmin olunur, onlar ailə üzvləri ilə əlaqə saxlayırlar".
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə isə TurkicWorld-in sorğusuna cavab olaraq bildirib ki, Eritreyada saxlanılan gəmilərimizlə bağlı qarşı tərəflərlə danışıqlar davam edir.
"Bu istiqamətdə hələ ki, yeni bir məlumat yoxdur", - deyə o əlavə edib.
Xatırladaq ki, 2024-cü il noyabrın 7-də "Caspian Marine Services B.V." şirkətinin Azərbaycandakı filialı tərəfindən istismar olunan Azərbaycanın dövlət bayrağı altında üzən "CMS Pəhləvan", "CMS İgid" və "CMS-3" gəmiləri Süveyş kanalı istiqamətindən Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərinə səfəri zamanı hava şəraitinin kəskinləşməsi nəticəsində Eritreyanın ərazi sularına məcburi giriş edib. Keçid zamanı Eritreyanın liman qurumları ilə əvvəlcədən əlaqə saxlanılsa da, məlumat vermək mümkün olmadığından, dövlətin 12 millik ərazi sularına giriş olunduqdan sonra bu dövlətin müvafiq qurumu tərəfindən girişin icazəsiz olduğu vurğulanaraq gəmilər saxlanılıb.
Gəmilərdə heyət üzvlərindən 18 nəfəri Azərbaycan, 6 nəfəri isə əcnəbi vətəndaşları olmaqla, ümumilikdə 24 nəfər mövcuddur.