(Resenziya)
Əməkdar incəsənət xadimi, yazıçı-publisist, jurnalist, dramaturq, aktyor, rejissor Ağalar İdrisoğlunun tərcüməsi və bəzi əlavələri əsasında hazırlanan, məşhur osetin dramaturqu, rejissoru, keçmiş Sovetlər Birliyində çox tanınan Georgi ( Geor) Xuqayevin “Varlı ev” əsəri dövlət sifarişi ilə Sumqayıt Dövlət Dram Teatrında tamaşaya qoyuldu. Xalq artisti Firudin Məhərrəmovun böyük ustalıqla və yüksək peşəkarlıqla quruluş verdiyi bu tamaşanın ilk premyerası yanvar ayının 16-da yüksək təmtəraqla baş tutdu. Yer və sıra sayından artıq zala toplaşan tamaşaçı həddindən artıq çox gəldiyindən zala əlavə çoxlu stullar qoyuldu. Müxtəlif kontingentlərdən olan tamaşaçılar sumqayıtlı aktyorların yüksək səviyyədə nümayiş etdirdiyi iki hissəli faciəyə böyük maraqla baxdılar. Teatrsevərlər osetin xalqının insan taleyinə zərbə vuran konservativ adətləri, bu adətlərin qurbanına çevrilən varlı evin bir-birini anlamayan ailə üzvlərinin acı taleyi və müharibənin törətdiyi fəsadları ilə üzləşərək əmin oldular ki, xoşbəxtlik var-dövlətdə, sərvətdə deyil, qəlbi gözəl duyğularla və sevgi hissləri ilə dolu olan insanların bir-birinə qarşılıqlı xoş münasibətlərindədir.
Bu əsərdə həm də qırmızı xəttlə müharibələrin törətdiyi dəhşətli faciələr bütün əsər boyu və hətta sonda daha qabarıq formada göstərilir. Bu müharibənin fonunda ailədə də dəhşətli müharibə olur. Belə ki, iştirakçılar bunun fonunda bir-birilə kəskin konfliktdə olurlar. Bir vaxtlar mahalda hamının həsəd apardığı bu ailə, ailənin sahibi, çox varlı adam Beçirin qəddarlığı, heç kiminlə hesablaşmaq istəməməsi və kiçik oğlu, müharibədən “qara kağızı” gələn Uarinin həyat yoldaşı Saniyyəti, zorla böyük oğlu, şikəst Sərmətə verməklə və tamaşanın ikinci hissəsində Uarinin sağ qalaraq geri qayıtması, onun arvadının böyük qardaşı Sərmətdən uşaq doğması ilə vəziyyət çox pisləşir. Bundan sonra da dəhşətli konfliktlər başlayır... Və tamaşanın sonuna yaxın məlum olur ki, bu iki oğlanın heç birinin anası, ailənin xanımı, varlı qızı, Beçirin arvadı İrmanın uşaqları deyil. Sərmət, Beçirin Mamaçadan doğulan oğludur. Uarini isə Beçir başqa adamın oğlu olduğu halda oğurlayıb evə gətirib. Və belə düşünüb ki, “qoy adamlar bilməsinlər ki, İrma sonsuz deyil”. İrma da hər iki oğlanı öz oğlu kimi qəbul edib və böyüdüb. Onlar da İrmanı öz doğma anaları bilirlər. Sonda bütün bunlar açılır, aydınlaşır. Beləliklə, Sərmətin gətirdiyi Mamaça, onun arvadı Saniətin uşağını doğuzdurmaq üçün gəldiyi vaxt daha dəhşətli hadisələr ortaya çıxır. Belə ki, əsl adını, soyadını gizlədən və ona təcavüz edən, ondan uşağa qalan, bu uşağı doğmağa məcbur olan Mamaça Beçiri tanıyır və ondan bu iki oğlandan hansı onun oğlu olduğunu deməyi tələb edir. Çünki Beçir həmin uşağı oğurlayıb aparıbmış. Məlum olur ki, Sərmət onun oğludur. Sərmət bu evə, bu ailəyə, atasına nifrət etdiyinə görə anası Mamaça ilə gedir. Bu dəhşətləri görən Uari də, İrmanın yalvarışlarına, fəryadına baxmayaraq, evdən gedir. Bu dərdlərə və əri Beçirin əclaflığına, qaniçənliyinə, onu qəddarcasına döyərək alçaldan və buna dözə bilməyən İrma da özünü qayadan çaya atıb, intihar eləyir. Sərmətdən oğlu olan Saniyyət də atası ilə öz doğma evlərinə gedir. Sonda bütün bu dəhşətləri görən, çox qəddar adam olan Beçir sınır, hətta bu törətdiyi hadisələrdən dəli olur. Bu iki mərtəbəli varlı evi yandırır ki, heç kimə qismət olmasın. Özünün də ürəyi partlayır və ölüm qabağı bir qurtum su istəyir və ona heç kimi su belə vermir. O, evlə birlikdə yanır...
Yaradıcı kollektivin gərgin əməyi sayəsində böyük tamaşaçı rəğbətini qazanan faciənin aktyorları - Əməkdar artistlər Rauf Ağakişiyevin (Beçir), Xatirə Süleymanovanın (İrma), Sədaqət Nuriyevanın ( Mamaça), aktyorlar- Habil Xanlarovun (Həbi), Oktay Mehdiyevin (Sərmət), Məryəm Hüseynlinin (Saniyyət), Şəmistan Süleymanlının (Uari) yaratdığı obrazların təsiri altına düşən tamaşaçı XX əsrin əvvəllərində Qafqaz vilayətlərindən birində baş verən hadisələrlə sanki səhnədə deyil, həyatda canlı rastlaşırdı. Və məhz ona görə də tamaşaçılar hər epizodu sürəkli alqışlarla qarşılayırdılar.
Tamaşaçı zövqünü oxşayan səhnə əsəri gurultulu alqışlarla bitdi. Tamaşanın ilk premyerasından əvvəl və sonda çıxış edib bu faciə və onun hazırlanması haqqında fikirlərini söyləyən Xalq artisti, teatrın baş rejissoru, quruluşçu rejissor Firudin Məhərrəmov səhnəyə əsərin tərcüməçisi, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlunu dəvət etdi. Səhnələşdirilən “Varlı ev” əsərinin tərcüməçisi Ağalar İdrisoğlu pyesin daha da məzmunlu və maraqlı alınması üçün özünün bəzi əlavələrini etdiyini vurğuladı. Dramaturq, rejissor Ağalar İdrisoğlu bildirdi ki, ilk dəfə 1992-ci ildə onun quruluş verdiyi “Varlı ev” əsəri əsasında hazırlanan bu tamaşa Azərbaycan Dövlət Televiziyası tərəfindən çəkilib və tamaşanın lenti hazırda qızıl fondda saxlanılır.
Ağalar İdrisoğlu həmin vaxtlardan sevilən tamaşanın ilk aktyorlarını - Beçir rolunun ifaçısı, Xalq artisti Məzahir Süleymanovu, Saniyyət rolunun ifaçısı, Əməkdar artist Almaz Amanovanı, Sərmət rolunun ifaçısı aktyor Sabir Qurbanovu, Uari rolunun ifaçıları - aktyor Rüstəm Rüstəmovu, Əməkdar artist Nazir Rüstəmovu səhnəyə dəvət edərək izləyicilərə təqdim etdi və məlum oldu ki, bugünkü tamaşada əsərin baş qəhrəmanı Beçir rolunun ifaçısı, Əməkdar artist Rauf Ağakişiyev də bir vaxtlar, birinci tamaşada Uari rolunu oynayıb. Sonda xatirə şəkilləri çəkildi.
Tamaşadan sonra mən, Əməkdar incsənət xadimi, yazıçı, rejissor, jurnalist Ağalar İdrisoğlundan bu gün baxdığı “Varlı ev” tamaşası haqqında və gələcək işləri barəsində danışmağını xahiş etdim. O, bu haqda belə dedi:
- Mən ayrı-ayrı səbəblərdən, on il rəhbərlik etdiyim, bədii rəhbəri-direktoru olduğum bu teatra gəlmirdim. Teatrın yeni direktoru, çox istedadlı və təşkilatçı insan, özü də rejissor olan Samir bəy Şəfiyev məni bu teatrla əməkdaşlıq etməyə israrla dəvət etdi. Və Xalq artisti, teatrın baş rejissoru Firudin Məhərrəmov mənim 1991-ci ildə tərcümə etdiyim və bəzi epizodlarını təzədən yazdığım, məşhur dramaturq-rejissor Georgi ( Geor) Xuqayevin “Varlı ev” tamaşasına ikinci dəfə quruluş verdi. Bəli, bu tamaşanı mən 1992-ci ildə hazırlamışdım və Azərbaycan Dövlət Televiziyası da o vaxt bu tamaşanı çəkmişdi. Həmin tamaşa bu gün televiziyanın qızıl fondunda saxlanılır. Hətta, 1993-cü ildə bizim teatr Osetiyaya, Georgi Xuqayevin 60 illik yubileyinə gedəndə mən həmin diski ora aparmışdım və Osetiya televiziyasında sinxor tərcümə ilə də göstərilmişdi. Hətta həmin tamaşaya baxan Georgi Xuqayev tamaşaçılar qarşısında etiraf etmişdi ki, bu tamaşa SSRİ-nin on teatrında hazırlanıb. Hətta mən özüm də bu tamaşaya quruluş vermişəm. Amma həmin tamaşaların ən yaxşısı Ağalar İdrisoğlunun quruluş verdiyi və pyesə tam yerinə düşən onun əlavələri ilə bu tamaşa daha maraqlıdır, peşəkardır.
Və onu da bu gün vurğulamaq istəyirəm ki, Xalq artisti Firudin Məhərrəmov da çox peşəkar və tamaşaçıların maraqla baxdığı tamaşa hazırlayıb. Rejissora da belə bir deyim var: “Tamaşanın uğurunun əlli faizi rejissorun rol seçimində olur. Yəni hansı rolu hansı aktyora verəcəyini yaxşı bilir”. Firudin bəy də aktyor heyətini çox düzgün seçib. Hətta bu tamaşada ikinci heyətdə oynayan Əməkdar artist Elmira Kərimova (İrma), Əməkdar artist Cəlal Məmmədov (Sərmət), Aynur Hümbətova (Saniyyət), Əməkdar artist İlahə Səfərova (Mamaça), Elay Xasıyev (Uari), də inanıram ki, rollarını yaxşı, yüksək peşəkar səviyyədə oynayacaqlar.
Bugünkü tamaşada da özünüz gördünüz ki, məhz bu aktyorların yüksək peşəkarlığı sayəsində, hər epizod tamaşaçılar tərəfindən çox sürəkli alqışlarla qarşılanırdı. Və ona da inanıram ki, bu tamaşa teatrın repertuarında özünə çox layiqli yer tutacaq. Tamaşaçılar tərəfindən də həmişə maraqla qarşılanacaq. Bu tamaşada hər şey yerində idi. Əməkdar rəssam, çox istedadlı rəssam Nabat Səmədova tamaşaya çox yaxşı və tamaşaçı ilə danışan quruluş verib. İcraçı rəssamlar - Nizami Dadaşov və Ariz Müzəffərov bu tərtibatı səhnə üçün yaxşı işləyiblər. Tamaşada musiqi tərtibatı, geyimlər, əlbəsələr, işıq sistemi, səhnənin arxasından gələn səslər hamısı yerində və peşəkar idi. Əlbəttə, bütün bunlar məhz quruluşçu rejissor, tamaşanın generalı Firudin Məhərrəmovun sayəsində lazım olan kimi reallaşıb.
Mən bu fürsətdən istifadə edərək, Azərbaycanın Mədəniyyət naziri, dəyərli ziyalı, öz işinin çox yaxşı bilicisi, Azərbaycan mədəniyyəti, incəsənəti üçün böyük işlər görən cənab Adil Kərimliyə təşəkkürümü bildiriəm ki, bu ağır, xeyli maliyyə vəsaiti tələb edən tamaşanın hazırlanmasında teatra maliyyə yardımı edib. Yəni tamaşa dövlət sifarişilə hazırlanıb. Teatr da cənab nazirin bu ümidini yüksək səviyyədə doğruldub. Mən mübaliğəsiz deyirəm ki, əlli illik peşəkar teatr sənətində çalışdığım müddətdə iki nazirin işindən razı qalmışam. Birinci mərhum, böyük ziyalı Zakir Bağırovun və bir də indiki nazir cənab Adil Kərimlinin. Adil müəllim Zakir Bağırovun yolunu uğurla davam etdirir. Məhz ona görə bütün mədəniyyət, incəsənət işçiləri onun işindən çox razıdırlar. Adil müəllim tez-tez teatrlarda olur və teatrların, orada çalışanların problemləri ilə maraqlanır, həmin problemləri yerindəcə həll eləyir. İnanıram ki, onun sayəsində teatrlarımız dünya miqyasında tezliklə öz sözlərini deyəcəklər...
Teatr artıq öz işini gördü. Mən də ikinci müəllif kimi əlimdən gələni və bütün təbliğatları edəcəm ki, bu tamaşaya hər zaman tamaşaçılar tərəfindən baxılsın. Ən əsası isə çox istərdim ki, hazırlanan bu tamaşaya elə cənab nazir Adil Kərimli özü də baxsın. İnanıram ki, ondan sonra tamaşanı çox böyük uğurlar gözləyəcək... Ona da inanıram ki, cənab Adil Kərimli “Varlı ev” tamaşasını xarici ölkələrə qastrola da göndərəcək və bu tamaşa xarici ölkələrdə də böyük uğur qazanacaq.
Bu il, yəni 2025-ci il mənim ilimdir. Belə ki, mart ayının 16-da 75 yaşım tamam olur. Bədii və jurnalistlik fəaliyyətimin 60 və peşəkar teatr aləmində çalışmağımın da 50 ili tamam olur. Mən də bu tarixi hadisələrə əliboş gəlmirəm. Artıq 21-ci kitabım çap olunub. Üç kitabım isə çap ərəfəsindədir. Tərcümə elədiyim “Varlı ev” tamaşası tamaşaçılara təqdim olundu. Başqa tərcümə elədiyim əsərin də məşqləri başlanıb. Üç pyesim isə Dövlət teatrlarında tamaşaya hazırlanacaq. Qazax Dövlət Dram Teatrında mənim “Teleqram” pyesimə, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar artist Xəzər Gəncəli quruluş verir. Fevral ayının sonunda bu əsərin ilk tamaşası olacaq. Məşqlərin gedişilə maraqlanıram. Rejissor və aktyorlar böyük həvəslə işləyirlər. Özüm isə ilin sonuna kimi iki tamaşaya quruluş verəcəm. Hələ ki, adlarını açıqlamaq istəmirəm. “Ağdaban harayı” pyesimi artıq tamamlayıram. Çox maraqlı yazıçı, jurnalist Asif Mərzilinin Vətən müharibəsinə həsr olunan “Sonuncu əmr” romanı əsasında eyni adlı pyes işləyirik. Və eləcə də çox maraqlı yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Gəlinlik paltarı” romanı əsasında eyni adlı pyesi də artıq tamamlamışıq. Və buna da çox sevinirəm ki, böyük ədibimiz, dramaturqumuz Cəlil Məmmədquluzadənin yarımçıq qalan “Danabaş kəndinin müəllimi” və “Ər” pyeslərini də səhnə üçün işləyirəm. Görürsünüzmü, nə qədər çox işlərim var. Məhz buna görə də yüksək yaradıcılıq əhval-ruhiyyəsindəyəm. Təki sağlıq və əmin-amanlıq olsun.
Mənim müharibələrlə bağlı pyeslərim, tərcümə elədiyim pyeslər, povestlərim və çoxlu hekayələrim var. Elə adını daşıdığım Ağa adlı qardaşım İkinci Dünya Müharibəsinin qurbanı olub. Atam müharibədə olan vaxtı, o, anamın qucağında dörd yaşında acından, xəstəlikdən dünyasını dəyişib. Bircə arzum var ki, müharibələrə son qoyulsun. Mən müharibələrlə bağlı çoxlu tədqiqatlar aparmışam... Yer kürəsində bir günlük müharibəyə, silahların alınmasına, həmin silahların atılmasına, maşınların, təyyarələrin, gəmilərin partladılmasına və sairə dəhşətli şeylərə yüz milyon dollardan çox xərclənir. Bu, bir həqiqətdir. Həmin yüz milyon dollar pul, Yer kürəsində olan bir milyard adamın bir həftəlik yeməyinə, geyiminə, dolanışığına bəs edər. Görəsən bunu faşist xislətli, müharibələri törədən adamlar bilmirmi? Əlbəttə, bilirlər. Amma əməl etmək istəmirlər. Həmin faşist xislətli adamlar deyirlər ki, Yer kürəsində yeddi milyard adam çoxdur və onların ən azından tən yarısı qırılımalıdır. Bütün bu müharibələr və süni xəstəliklər, sunamilər də məhz insanları qırmaq, onların sayını azaltmaq üçündür. Güclülər, güclü dövlətlər Yer kürəsini öz aralarında bölmək üçün bütün bu dəhşətli müharibələri törədirlər və yeri gələndə özləri də həmin müharibənin qurbanı olurlar. Bax, bu gün baxdığımız tamaşa da həmin faşist xislətli adamlara mənim bir yazıçı, rejissor və ziyalı kimi mesajımdır. Belə bir maraqlı deyim var və mən bunu “Anamın müqəddəs nağılı” adlı hekayəmdə yazmışam: “Heyvanlara Böyük Tanrı tərəfindən biz az şüur, ağıl verilsəydi və onlar müharibə etməyi bacarsaydılar ilk müharibələri insanlara qarşı olardı və onları Yer kürəsindən birdəfəlik silərdilər!..” Bəli! İnsanlar bu Yer kürəsi üçün artıqdır. Əgər belə getsə, onlar gec-tez Yer planetini məhv edəcəklər...
P. S. Bəli, dünyanı bürüyən və adı bilinməyən müharibələr yer üzündə insanların kütləvi məhvinə yönəldilib. Görəsən, bu müharibələrin, kütləvi qırğınların qarşısı alınacaqmı!?... İstərdik ki, müharibələri yalnız tamaşaçılar tərəfindən rəğbətlə qarşılanan “Varlı ev” kimi tamaşalarda izləyək...
Rəna TƏBƏSSÜM,
AYB-nin və AJB-nin üzvü,
yazıçı-publisist, jurnalist,
Mahmud Kaşğari mükafatçısı