AZ

Naxçıvan şəhəri içməli su ilə necə təmin olunur? - FOTO - VİDEO

Prezident İlham Əliyevin 23 noyabr 2024-cü il tarixli Fərmanı ilə Naxçıvan şəhərində istehlakçıların məişət, içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə həvalə olunub.

"APA-Economics" xəbər verir ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat katibi Ceyhun Musaoğlu Naxçıvan şəhərinin su təchizatı barədə məlumat verib. O bildirib ki, Prezident İlham Əliyevin fərmanına əsasən ilkin mənbədən suyun alınması, sutəmizləyici qurğulara ötürülməsi, oradan təmizlənib şəhərə verilməsi, o cümlədən, tullantı sularının axıdılması işinin tənzimlənməsi məqsədilə qurğuların işlək vəziyyətdə olması ilə yaxından tanış olublar:

"Naxçıvan şəhər Sukanal İdarəsinin əməkdaşları da fasiləsiz iş rejimində fəaliyyət göstərirlər. Xətlərin tənzimlənməsi işlərindən tutmuş sakinlərin dayanıqlı, keyfiyyətli, içməli su ilə təminatını həyata keçirən əməkdaşlar, həm də qəza hallarının aradan qaldırılması, tikinti-bərpa işlərinin görülməsi istiqamətində müxtəlif tədbirlər yerinə yetirirlər. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin rəhbər heyəti şəhərin su təsərrüfatı sahəsindəki əməkdaşlarla görüş keçiriblər. Görüşdən sonra qəza-bərpa xidmətinin əməkdaşları təlim toplanışına cəlb olunublar və fəaliyyət istiqamətlərini nümayiş etdiriblər.

Naxçıvan Muxtar Respublikasında da mövcud hidroresurslar hesabına əhalinin ekoloji cəhətdən təmiz və davamlı içməli su ilə təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Hazırda şəhərdə istehlakçıların tələbatına uyğun içməli su və kanalizasiya sistemləri qurulub, bu sahədə müasir infrastruktur yaradılıb.

Heydər Əliyev adına Su Anbarı Babək rayonunun Vayxır kəndində yerləşir. 2005-ci ildə istismara verilib. Ümumi tutumu 100 milyon kubmetr, bəndin uzunluğu 550, hündürlüyü 70,5 metrdir. Heydər Əliyev Su Anbarından yay aylarında saniyədə 600-700 litr, payız-qış aylarında isə 400-600 litr su buraxılır. Buraxılan su kaptaj qurğularda toplanır. Belə ki, Naxçıvan şəhərinin su mənbəyi 8 ədəd qoldan - drenaj borulardan ibarət xətlərdən və 52 sutoplayıcı quyulardan ibarətdir. Bu quyularda yığılan su anbara və Sutəmizləyici Qurğular Kompleksinə ötürülür".

Ceyhun Musaoğlunun qeyd edib ki, Sutəmizləyici Qurğular Kompleksinin 2011-ci ildə inşasına başlanılıb və 2013-cü ilin aprel ayında tamamlanıb. Sutəmizləyici qurğulara Heydər Əliyev adına Su Anbarından daxil olan suyun saatda miqdarı 1200-1800 kubmetrdir.

Sözügedən Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi Naxçıvan şəhərində əhalini və sənaye obyektlərini fasiləsiz olaraq ekoloji cəhətdən təmiz su ilə təmin edir.

Kompleksdə 1 ədəd 1500 kubmetrlik xam su anbarı və 3 ədəd ümumi tutumu 25 min kubmetrlik təmiz su anbarı mövcuddur. Kompleks müasir avadanlıqlardan ibarət membran filtr ozon qurğusu, Bernulli filtri, kartuş filtri, Y-tipli filtrlə təchiz edilib. Kompleksdə hazırda istifadə edilən membran filtrinin sayı 2016 ədəddir. Hər bir qurğunun bir saatda məhsuldarlıq gücü 243 kubmetrdir, ümumi qurğunun gücü isə 40.824 kubmetrə bərabərdir.

Suyun təmizlənmə prosesi 4 mərhələdə icra olunur. Bundan sonra anbarlara yığılır şəhər və ətraf qəsəbələri su ilə təmin edir.

Laboratoriyada quraşdırılan müasir avadanlıqlar suyun tərkibinə gündəlik nəzarət etməyə və analizlər aparmağa şərait yaradır.

Naxçıvan şəhərində Təmizləyici Qurğular Kompleksinin ərazisində olarkən mətbuat katibi məlumat verərək bildirib ki, qurğunun gücü gün ərzində 32 min kubmetr və ya saniyədə 370 litrə bərabərdir. Hazırda qurğuya daxil olan çirkab suyun miqdarı 19 min kubmetrdi. Ümumilikdə bu qurğunun fəaliyyəti 121 min istifadəçini əhatə edir. Kompleks giriş nasos stansiyasından, hovuzlardan, inzibati, transformator, kompressor binalarından, suvarma üçün nəzərdə tutulan hovuzlardan ibarətdir.

Qurğu üç mərhələdə işləyir: fiziki, bioloji mərhələ və membran filtrlərindən süzülmə.

Çirkab su bütün mərhələləri keçdikdən sonra filtrlərdən keçir, süzülmə yolu ilə tam təmizlənir. Təmizlənmiş su təmiz su hovuzuna, oradan Araz çayına axıdılır.

Təmizlənə bilməyən su təxliyə hovuzuna, oradan oksigensiz hovuza ötürülür və burada çökdürülür. Çökdürülmüş lil gübrə hovuzuna, növbəti mərhələdə isə gübrə qurutma aparatına ötürülür.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin ali məqsədi digər iri şəhərlərdə olduğu kimi Naxçıvan şəhərinin əhalisini də failəsiz və keyfiyyətli su ilə təmin etməkdir.

Naxçıvan Naxçıvan Naxçıvan Naxçıvan Naxçıvan Naxçıvan
Seçilən
2
50
apa.az

10Mənbələr