AZ

Elektron Təhlükəsizlik Xidməti fərdi məlumatların mühafizəsi üzrə tədbirləri gücləndirməyə çağırır

Rəqəmsallaşmanın sürətlə inkişaf etdiyi dövrdə fərdi məlumatların mühafizəsi həmişəkindən daha böyük əhəmiyyət daşıyır.

28 Yanvar – Fərdi Məlumatların Mühafizəsi Günü məhz fərdi məlumatların mühafizəsinin əhəmiyyətini vurğulamaq, fərdi məlumatları işləyən tərəflərin öhdəliklərinə, o cümlədən fərdi məlumat subyektlərinin hüquqlarına diqqəti cəlb etmək məqsədilə qeyd olunur.

Belə ki, 1981-ci ilin bu günü Avropada “Fərdi məlumatların avtomatlaşdırılmış qaydada işlənilməsi ilə əlaqədar şəxslərin qorunması haqqında” Konvensiya qəbul edilib və Azərbaycan həmin Konvensiyaya 2009-cu ildə qoşulub.

2010-cu ildə isə milli səviyyədə fərdi məlumatların tənzimlənməsi haqqında ayrıca qanun – “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Həmin Qanuna əsasən, fərdi məlumatlar toplanıldığı andan mühafizə olunmalıdır. Fərdi məlumatları mühafizə etməyən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.

Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) fərdi məlumatların mühafizəsinin təmin edilməməsi halları ilə bağlı qanunvericiliyə uyğun tədbirlər həyata keçirir.

Fərdi məlumatları işləyən tərəflərdən fərdi məlumatların qanunvericiliyə uyğun işlənilməsi, onların təhlükəsizliyinin təmin edilməsi, fərdi məlumat subyektlərinin hüquqlarının həyata keçirilməsi ilə bağlı tədbirləri gücləndirmələri tövsiyə olunur. Həmçinin fərdi məlumatların mühafizəsi ilə bağlı öhdəlikləri barədə Elektron Təhlükəsizlik Xidməti tərəfindən hazırlanmış xüsusi videoçarx vasitəsilə tanış olmaları, metodik dəstək üçün Xidmətə müraciət etmələri məqsədəuyğundur.

Fərdi məlumatların mühafizəsi üçün fərdi məlumat subyektlərinin, vətəndaşlarının öz fərdi məlumatlarını qorumaları üçün bütün zəruri addımları atmaları, kibergigiyena qaydalarına əməl etmələri, fərdi məlumatları üzrə hüquqlarından xəbərdar olmaları vacib əhəmiyyət daşıyır. Bu məqsədlə Elektron Təhlükəsizlik Xidməti tərəfindən xüsusi videoçarx hazırlanıb, habelə sosial şəbəkə hesablarında müxtəlif maarifləndirici məlumatlar paylaşılır.

Bundan əlavə, subyekt onun barəsində fərdi məlumatların qanunsuz toplanılması və işlənilməsi, mühafizəsinin təmin edilməməsi, bu qanunun tələblərinə əməl olunmaması nəticəsində onun hüquqlarının pozulduğu hallarda Elektron Təhlükəsizlik Xidmətinə müraciət edə bilər. Müraciətlərin operativ qəbulu üçün qurumun www.cert.az veb-saytında vətəndaş müraciətləri üçün “Fərdi məlumatlarla bağlı hüquq pozuntusunu bildirin” elektron müraciət forması mövcuddur.

Qeyd edək ki, ölkəmizdə beynəlxalq təcrübə nəzərə alınmaqla bu sahədə hüquqi islahatlar davam etdirilir. Müvafiq tədbirlər çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən yeni qanun layihəsi hazırlanıb və aidiyyəti qurumlara razılaşdırma üçün təqdim edilib.

Seçilən
12
ictimairey.az

1Mənbələr