Bu gün Amerikanın Avropadakı müttəfiqləri Bakı-Tbilisi-Qars dəmir yoluna çox böyük maraq göstərirlər.
Bu sözləri Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə deyib.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda 1 500 kilometrdən çox dəmir yolu tikilib, 1 800 kilometr təmir edilib, yeni qatarlar və vaqonlar alınıb, 90 kilometrdən çox olan Abşeron dairəvi xətti istifadəyə verilib:
“Bakı-Tbilisi-Qars dəmir yolu inşa edilib. Onu da bildirməliyəm ki, bu layihə Azərbaycan dövlətinin təşəbbüsü ilə icra edilmişdir. Biz bu layihəni icra etmək istəyəndə böyük müqavimətlə üzləşmişdik. Onu indi mən deyə bilərəm. Xüsusilə, Amerika Birləşmiş Ştatları buna etiraz edirdi. Səbəb də yenə də ermənipərəst siyasətlərində idi. Çünki hesab edilirdi ki, bu layihə Ermənistanı kənarda qoyur. Buna görə ovaxtkı Gürcüstan rəhbərliyinə Amerika dövləti tərəfindən çox ciddi təzyiq göstərilmişdi ki, Gürcüstan buna razılıq verməsin. Biz bir neçə il Gürcüstan tərəfi ilə danışıqlar aparmışdıq və nəhayət razılığa gələ bildik. O cümlədən mən şəxsən Amerika dövlətinin yüksəkvəzifəli nümayəndələri ilə bu məsələni dəfələrlə müzakirə etmişdim və bildirmişdim ki, onlar bizə maneə törətməməlidirlər. Bu, bizim üçün strateji layihədir və gələcəkdə bu layihədən digər ölkələr, o cümlədən onların müttəfiqləri də faydalanacaq. Həyat göstərdi ki, hər zaman olduğu kimi, biz haqlı idik. Bu gün Amerikanın Avropadakı müttəfiqləri Bakı-Tbilisi-Qars dəmir yoluna çox böyük maraq göstərirlər”.