AZ

İndiki nəslə isti münasibət yaramır, müəllim sərt olmalıdır - Təqaüdçü müəllimlə MÜSAHİBƏ

Təhsil sahəsindəki ən böyük sərvətlərdən biri uzun illərini bu sahəyə həsr etmiş müəllimlərdir. Təqaüdçü müəllimlər təhsilin inkişafında və yeni nəsillərin yetişməsində mühüm rol oynayaraq öz təcrübələri və bilikləri ilə gənc nəsillərə nümunə olmuş şəxslərdir. Onların həyat və fəaliyyətləri yalnız müəllimlik missiyasını deyil, həm də cəmiyyətin inkişafına verdikləri töhfələri əks etdirir.

 

Bu münasibətlə AzEdu.az Təhsil Portalı təqaüdçü müəllimlərin həyatını, təcrübələrini və cəmiyyətə verdikləri töhfələri daha yaxından öyrənmək məqsədilə müsahibələrə başlayıb.

 

Rubrikamızın ilk müsahibi 42 illik pedaqoji təcrübəyə malik olan, Ağsu şəhər 3 nömrəli tam orta məktəbində fəaliyyət göstərmiş Azərbaycan dili və ədəbiyyat müəllimi Musayeva Rəhilə Nuhu qızıdır.

 

- Rəhilə müəllim, oxucularımıza sizi daha yaxından təqdim etmək istərdik.


- Mən, Rəhilə Musayeva,1954-cü ildə Ağsuda anadan olmuşam. 1972-ci ildə orta məktəbi bitirdim və həmin il Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyat ixtisasına daxil oldum. 1976-cı ildə ali təhsilimi başa vurdum və elə həmin ildən Ağsu şəhər 3 nömrəli tam orta məktəbdə pedaqoji fəaliyyətə başladım. Fəaliyyət göstərdiyim dövrdə rayonumuzda ilk dəfə Yeni Azərbaycan Partiyasının yaradıldı. Bunda atamın rolu böyük olub. Mən isə həmin partiyanın ilk üzvlərindən biri oldum. Bütün tədbirlərdə fəal iştirak etmişəm. Dərs deməklə yanaşı ictimai işlərdə də çalışmışam. Diaqnostik qiymətləndirmədə 48 bal topladım və bunun nəticəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Əməkdar müəllim” fəxri adına layiq görüldüm. Bu, mənim üçün böyük qürurdur və əziyyətimin qiymətləndirilməsi üçün dərin minnətdarlığımı bildirirəm.

 

42 ildən çoxdur ki, müəllimliklə məşğul olmuşam. 65 yaşıma qədər pedaqoji fəaliyyət göstərdim və bu il 70 illik yubileyimi qeyd etdim. Hazırda təqaüddəyəm, amma tələbələr hazırlayıram. Əvvəlki qədər gücüm olmasa da, öz töhfəmi verməyə çalışıram. Rayonun demək olar ki, 70%-nin ali məktəbə daxil olmasında mənim də xidmətim olub.

154024

- Pedaqoji fəaliyyətiniz bir igidin ömrü qədərdir. Bu müddət ərzində ən çox hansı günləri xatırlayırsınız?


- Müəllim kimi çalışdığım müddətdə şagirdlərimdən həmişə isti münasibət görmüşəm. Hətta kənar yerlərə gedəndə şagirdlərim gəlib əlimdən öpürlər. Düzdür, çox ciddi müəllim olmuşam, amma bu sərtliyim onların yaxşı yetişməsi üçün idi. Elə olub ki, onlara acıqlanmışam, tənbeh etmişəm. Hətta kənara çəkib “qulaqburması” vermişəm ki, ağıllı uşaq olsunlar. Şagirdlərim indi deyirlər ki, “sizin sillənizə, çubuğunuza qurban olum ki, bizi adam elədiniz”. Hazırda onların bir çoxu yüksək vəzifələrdə işləyirlər.

 

Şagirdlərimlə yadda qalan xatirələrə gəlsək, bir dəfə dərsə daxil olanda şagirdlərimin mənim üçün doğum günü sürprizi etdiyini gördüm. Bu, 60 illik yubileyimə təsadüf etmişdi. Sinifdə üzərimə güllər töküldü. O sevinc hissi mənim üçün hər şeydən qiymətlidir.

 

- Abituriyent hazırlığında yüksək nəticə göstərən şagirdləriniz olubmu?

154027
- Əlbəttə. 624 bal yığan Cahangir hazırda həkimdir. 654 bal toplayan başqa bir şagirdim Hüquq fakültəsini seçdi. 670 bal yığan Nəzrin isə Bakı Dövlət Universitetini bitirib və Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışır.

 

-Nə gözəl yetirmələriniz arasında davamçılarınızda var...

 

-Bəli, davamçılarımın sayı-hesabı yoxdur. Mən bir dəfə Təhsil şöbəsinə dedim ki, mənim şagirdlərimin hansı yüksək bal toplayıb gəlsə yerimi onlara verəcəm. Hazırda şagirdlərim adla deyilir.

 

- Belə bir uğura sahib olduğunuz üçün sizi təbrik edirik. Azərbaycan dili və ədəbiyyat müəllimi kimi dərsliklərdə hansı çatışmazlıqları görürsünüz?

154025
- Kurikulum sistemi ilə uşaqlara bilik vermək çətindir. Əvvəlki üsul daha effektli idi. Mövzuların dərsliklərdə ardıcıllığı yaxşı qurulmayıb. Məsələn, bir mövzunu sentyabrda keçir, fevralda yenidən qayıdırıq. Bu qarışıqlıq şagirdlər üçün çətinlik yaradır. Lakin yeni resursların istifadəsi müsbət haldır, uşaqlar materiallara daha asan çıxış əldə edirlər.

 

- Əvvəlki və indiki gənclərin təhsilə münasibəti barədə nə düşünürsünüz?

 

- Hazırda texnologiyanın inkişaf etdiyi bir dövrdə yaşadığımız üçün gənclər kompüterlə çox işləyərək dünyagörüşlərini genişləndiriblər. Lakin əvvəlki dövrlərdə savad daha dərindən formalaşmışdı. Məsələn, III qrupa hazırlaşan abituriyentlər Azərbaycan dili və ədəbiyyat, tarix, habelə ingilis dili üzrə təhsil alırlar. Ancaq keçmişdə hər kəs hərtərəfli olaraq müxtəlif fənlərdən müəyyən bilik və savada sahib idi. Özüm Azərbaycan dili və ədəbiyyat müəllimi olaraq şagirdlərlə söhbət zamanı hər hansı bir fənn haqqında məlumat verəndə, onlar bəzən təəccüblə: "Siz o fənni də bilirsiniz?",- deyirlər. Çünki biz əvvəlki dövrlərdə bütün fənləri yaxşı öyrənirdik.

 

- Savadlı bir müəllim kimi şagirdlərə və gənc müəllimlərə tövsiyələriniz nədir?

154028

 

-Şagirdlərə tövsiyə edirəm ki, pis vərdişlərdən uzaq dursunlar və yaxşı oxuyaraq sonunda yaxşı təhsil əldə etsinlər. Onlara dərsləri yaxşı öyrənmələrini, verilən mövzuları diqqətlə işləmələrini məsləhət görürəm.

 

Gənc müəllimlərə isə tövsiyəm budur ki, şagirdlərlə münasibətdə bir qədər daha ciddi olun. Müəllim sinfə daxil olanda, şagirdlər dərhal anlamalıdır ki, dərs başlayıb. Təəssüf ki, bugünkü uşaqlara çox isti münasibət yaramır və bəzən belə vəziyyətlər yaranır ki, sinifdə ciddi nizam pozulur. Mən həmçinin direktor müavini kimi də fəaliyyət göstərmişəm və həmin dövrlərdə dəhlizdə olduğum zaman heç bir şagirdi dəhlizdə görməzdim.

 

- 42 ildən çox ömrünüzü təhsilə həsr etmisiniz. Gələcəkdə də təhsilə töhfə verməyi düşünürsünüzmü?


- İndiki nəslə müəllimlik etmək istəmərəm, amma ömrümün qalan hissəsini də təhsilə həsr etməyə hazıram. Məktəb mənim həyatımın ayrılmaz bir hissəsi olub.

Seçilən
24
18
azedu.az

10Mənbələr