Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Daşkəsən rayonunun kəndində baş verib. Mayıl həyat yoldaşı Zəminə ilə arasında yaşadıqları evdə mübahisə edib. Mübahisə zamanı Mayıl arvadının sol bud, sol çiyin və sol əl nahiyyələrinə ağac parçası ilə vurub.
Hadisəni törədən Mayılın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mayıl ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Daşkəsən rayonunun kəndində ailəsi ilə birlikdə qeydiyyatda olmaqla yaşayır: “Barəmdə şikayət edən Zəminə arvadımdır, münasibətim normaldır. Hadisə günü, saat 17 radələrində yaşadığım kənddə yerləşən evimizdə Zəminə ilə aramızda mübahisə yarandı. Mübahisə zamanı yanımızda başqa heç kim olmayıb. Mübahisə təxminən, 3-5 dəqiqə davam etdi. Mübahisə zamanı əsəbiləşdim, yerdə olan ağac parçası ilə onun müxtəlif nahiyyələrinə zərbələr endirdim”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Zəminənin sözlərinə görə, 2000-ci ildə ailə həyatı qurub, iki övladı var: “Ailə qurduqdan sonra Mayıl həmişə mənə xoş münasibət göstərdi. Lakin, hadisə günü, saat 17 radələrində Mayıl heç bir səbəb olmadan mənimlə mübahisə etməyə başladı. Mübahisə zamanı yanımızda heç kim olmayıb. Övladımın biri Bakıda, biri isə Gəncə şəhərində olub. Mübahisə təxminən, 5-10 dəqqə davam etdi. Mübahisə zamanı Mayıl ağacla mənim müxtəlif nahiyyələrimə zərbələr endirdi. Xəsarətim olduğu üçün məhkəmə tibbi ekspertizasından keçmək istədim. Ərim barəsində qanuni tədbir görülməsini xahiş etmişəm”.
Bu cinayət işinə Daşkəsən Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Mayıl aylıq qazancından dövlət nəfinə 15 faiz məbləğdə pul tutulmaqla 7 ay müddətə islah işləri cəzasına məhkum edilib.
Fariz Məlikli
Demokrat.az