“Sabah” Rusiyanın “Rubin” klubunun Özbəkistandan olan dayaq yarımmüdafiəçisi Umarali Rahmonaliyevi heyətinə qatdığını rəsmən açıqlayıb.
Arena.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, özbəkistanlı futbolçu Umarali Rahmonaliyevin keçidi ilə bağlı Rusiyanın “Rubin” (Kazan) klubu ilə razılıq əldə edilib. Müqaviləyə əsasən, Rahmonaliyev icarə əsasında Azərbaycan klubunun uğurları üçün çalışacaq. İcarə müqaviləsinin müddəti 1 ildir (2025-ci ilin 31 dekabrına qədər).
Xatırladaq ki, Umarali Rahmonaliyev Özbəkistanın “Bunyodkor” klubunun yetirməsidir. O, “Rubin”ə 2023-cü ilin yanvar ayında azad agent kimi keçib. Gənc futbolçu Rusiya klubunun heyətində meydana çıxdığı 27 oyunda 2 məhsuldar ötürmə müəllifi olub. Rahmonaliyevin “Bunyodkor” karyerası isə 31 oyun, 8 qol və 1 assistdən ibarətdir.
Umarali Özbəkistanın U-19, U-20, U-23 və Olimpiya yığmalarında oynasa da, hələ əsas millidə debüt şansı qazanmayıb.
“Transfermarkt” internet-portalı 21 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 500 min avro məbləğində qiymətləndirir.
Xatırladaq ki, “Sabah” daha öncə Qazaxıstanın “Tobol” klubunun qapıçısı Stas Pokatilovu da heyətinə qatmışdı. “Bayquşlar”ın kapitanı Elvin Camalov isə paytaxtın digər klubu “Neftçi”yə keçib.