Bakı, 29 yanvar, AZƏRTAC
Yanvarın 28-də Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Aparatının 2024-cü ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib.
Bu barədə AZƏRTAC-a Konstitusiya Məhkəməsindən məlumat verilib.
Fərhad Abdullayev bildirib ki, banisi Ulu Öndər Heydər Əliyev olan müasir Azərbaycan dövləti ən yüksək inkişaf mərhələsini yaşayır. Tariximizn ən mühüm və taleyüklü məsələsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun parlaq Qələbəsi və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tam bərpa edilməsi oldu. İşğaldan azad edilmiş ərazilərdə dövlətimizin Əsas Qanunu olan Konstitusiyanın hüquqi qüvvəsi hazırda bərpa olunub.
Dövlət başçısı İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə böyük müvəffəqiyyətlə icra olunan bərpa-quruculuq işləri Azərbaycan Respublikası ərazisinin vahidliyi, toxunulmazlığı və bölünməzliyi ilə bağlı konstitusiya prinsipinin təmin edilməsinin daha bir əyani göstəricisidir.
Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidentinin 2024-cü il tarixli 28 dekabr Sərəncamı ilə ölkəmizdə 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib. Qeyd edilib ki, bu Sərəncamı rəhbər tutaraq Konstitusiya Məhkəməsi bu il bir sıra tədbirlərin keçirilməsini nəzərdə tutur.
Bildirilib ki, ötən il daxil olmuş Ali Məhkəmənin, Baş Prokurorluğun və İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) sorğuları, məhkəmələrin müraciətləri və vətəndaşların konstitusiya şikayətləri ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən bir sıra mühüm qərarlar qəbul edilib. Hesabat ili ərzində Konstitusiya Məhkəməsinə ümumilikdə 2 min 49 ərizə və konstitusiya şikayəti (859 ərizə və konstitusiya şikayəti onlayn qaydada) daxil olub. Plenum tərəfindən baxılmış konstitusiya işləri ilə əlaqədar mühüm əhəmiyyətli bir sıra qərar və qərardadlar qəbul edilib. Həmin qərarlarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət və cinayət prosessual qanunvericiliyin, mülki və mülki prosessual qanunvericiliyin, habelə əmək, inzibati xətalar və digər bir sıra qanunların normalarına rəsmi şərh verib, qərardadlarda isə tətbiqedici orqanlar üçün praktiki izahlar verib. Digər məsələlər üzrə konstitusiya şikayətləri müvafiq açıqlamalarla aidiyyəti orqanlara göndərilib və ya Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olmadığına görə imtina edilib.
Vurğulanıb ki, 2024-cü ilin mühüm hadisələrindən biri fevralın 7-də növbədənkənar Prezident seçkilərinin keçirilməsi olub. Bununla bağlı fevralın 13-də Konstitusiya Məhkəməsində növbədənkənar Prezident seçkilərinin nəticələrinin rəsmən elan olunmasına dair Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib.
Sədr qeyd edib ki, Konstitusiya Məhkəməsinin Plenumu ötən il iyunun 27-də Azərbaycan Prezidentinin Milli Məclisin 2024-cü il 21 iyun tarixli “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə” Qərarı əsasında Milli Məclisin buraxılmasının və növbədənkənar seçkilər təyin edilməsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğuna dair sorğusuna baxıb. Sonra sentyabrın 1-də Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələri Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən təsdiqlənib.
Qeyd olunub ki, 2024-cü ilin oktyabrında Konstitusiya Məhkəməsi Elm və Təhsil, Gənclər və İdman nazirlikləri ilə birlikdə Xankəndi şəhərindəki Qarabağ Universitetinin tələbələri, habelə Xankəndi və Şuşa şəhərləri, Füzuli, Laçın, Zəngilan və Xocalı rayonlarının orta təhsil müəssisələrinin yuxarı sinif şagirdləri arasında “Zəfər çalmış dövlətin Əsas Qanunu” mövzusunda hüquq olimpiadası təşkil edib və qaliblər mükafatlandırılıb.
Diqqətə çatdırılıb ki, ötən il ölkəmiz dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29), eyni zamanda, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasına və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasına ev sahibliyi edib.
Konstitusiya Məhkəməsinin nümayəndələri COP29 çərçivəsində keçirilmiş konfrans və seminarlarda iştirak ediblər. Ötən il sentyabrın 18-20-də Asiya Konstitusiya Məhkəmələrinin və Ekvivalent İnstitutlar Assosiasiyasının 6-cı Konqresində Konstitusiya Məhkəməsinin nümayəndə heyəti iştirak edib. Konqresin yekununda qəbul edilən Banqkok Bəyannaməsində Asiya ölkələrinin Konstitusiya Məhkəmələri Bakıda keçirilən COP29 tədbirinə dəstəklərini ifadə ediblər.
İclasda Aparat rəhbərliyinin çıxışları, Aparatın müvafiq şöbə və sektor müdirlərinin hesabatları dinlənilib. Həmçinin Konstitusiya Məhkəməsinə daxil olan sorğu, müraciət və konstitusiya şikayətlərində toxunulan hüquqi aspektlər, məhkəmə tərəfindən qəbul edilən qərarların icrası, tərtib olunan analitik arayış və rəylər, habelə təşkilati məsələlərlə bağlı məruzələr dinlənilib.
Sədr yekunda edərək diqqətə çatdırıb ki, Konstitusiya Məhkəməsi müəllifi Ulu Öndər Heydər Əliyev olan Əsas Qanunun aliliyinin təmin edilməsi, demokratik, hüquqi dövlət quruculuğu prosesinin möhkəmlənməsi və qanunçuluğun qorunması istiqamətində Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli və mütərəqqi fəaliyyətinə dəstək olaraq üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacaq.
Hesabat iclasının sonunda Fərhad Abdullayev 2024-cü ildə görülmüş işləri qənaətbəxş qiymətləndirməklə yanaşı, qurumun fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə hakimlərin icraatında olan işlərlə bağlı tövsiyələr edib. Cari ildə Konstitusiyanın qəbul olunmasının 30 illik yubileyi ilə bağlı beynəlxalq konfransın və digər tədbirlərin keçirilməsi ilə əlaqədar təşkilati işlərin başlanması üçün müvafiq tapşırıqlar verib.