AZ

Olaf Şolts: Sərhədlər zorla dəyişdirilməməlidir

Berlin, 28 yanvar, AZƏRTAC

Xüsusilə indiki dövrdə belə sıx mübadilə güclü Avropa və güclü NATO üçün vacibdir. Danimarka və Almaniya güclü tərəfdaşlar və yaxın dostlardır. Biz dünyaya çox oxşar baxırıq. Biz bu dövrdə təhlükəsizlik siyasətinin vacibliyini və Avropa İttifaqının bizim üçün dəyərini bilirik.

AZƏRTAC xəbər verir ki, bu fikri Almaniyanın Federal Kansleri Olaf Şolts yanvarın 28-də Berlində Danimarkanın Baş naziri xanım Mette Frederiksen ilə görüşdən sonra mətbuata bəyanatında bildirib.

“NATO bizim ümumi təhlükəsizliyimizin qarantı olaraq qalır”, - deyən Kansler Alyansın Avropa qanadının gücləndirilməsinin və müdafiə xərclərinin daha da artırılmasının önəmini vurğulayıb, bu baxımdan Avropa İttifaqında hərbi texnikanın birgə hazırlanması və alınmasına dair qaydaların asanlaşdırılmasının vacibliyini qeyd edib.

Almaniyanın Kansleri çıxışında sərhədlərin toxunulmazlığı prinsipini bir daha xatırlatmaqla, həm də Donald Trampın Qrenlandiyanın ABŞ-a birləşdirilməsi barədə açıqlamalarına da eyham vuraraq bildirib: “Sərhədlərin toxunulmazlığı beynəlxalq hüququn əsas prinsipidir. Rusiya Ukraynaya hücumu ilə bu prinsipi pozdu və bununla da Avropada sülh nizamına balta vurdu. Bu prinsip hər kəsə şamil edilməlidir. Mən bunu bir neçə gün əvvəl buradan bir daha açıqladım. Aidiyyəti şəxsin diqqətinə - sərhədlər zorla dəyişdirilməməlidir”.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
1
14
azertag.az

10Mənbələr