AZ

Deputat: "Rusiya tərəfi məsuliyyəti üzərinə götürməsə, Azərbaycan beynəlxalq müstəvidə addımlar atmalı olacaq"

"Ötən il dekabr ayının 25-də AZAL-a aid sərnişim təyyarəsi Qroznı şəhəri yaxınlığında kənar müdaxiləyə məruz qaldı. Təyyarənin radioelektron sistemi sıradan çıxarıldı. Artıq faktlarla məlumdur ki, Azərbaycan təyyarəsi Qroznı yaxınlığında Rusiyanın HHM sistemləri tərəfindən vuruldu. Bunun ardınca digər cinayət hadisəsi baş verdi. Qəzalı vəziyyətdə olan təyyarəyə Qroznıya və yaxınlıqda olan hava limanlarına enişə icazə vermədilər. Təyyarə idarəedilməz vəziyyətdə idi. Qurudan Rusiya dispeçerləri tərəfindən təyyarə Aktau hava limanına istiqamətləndirildi. Qəzalı vəziyyətdə olan təyyarənin Xəzər dənizinə düşmə ehtimalı böyük idi. Böyük ehtimalla baş vermiş cinayət faktını ört-basdır etmək üçün təyyarə Aktauya yöndəndirilib. Təyyarə ekipajının qəhrəmanlığı sayəsində uzun müddət havada qalan təyyarə eniş etməyə məcbur oldu".

Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib. 

"Hadisədən bir aydan çox vaxt keçib. Bununla bağlı Rusiya tərəfinin açıqlaması yoxdur. Hadisədən 2 gün sonra Putin Prezident İlham Əliyevə zəng edərək təyyarənin Rusiya hava məkanında qəzaya uğraması ilə bağlı üzrxahlıq elədi. Təbii ki, bu yetərli deyil. Prezident baş verən hadisəyə dərhal müdaxilə etməklə vəziyyəti nəzarətə götürdü. Təyyarəyə vizual baxış zamanı bəlli oldu ki, kənardan müdaxiləyə məruz qalıb. Rusiya qəza ilə bağlı dərhal dezinformasiya yaymağa başladı. Guya təyyarə quş sürüsü ilə toqquşub və ya oksigen balonu partlayıb. Təyyarənin qara qutuları istehsalçısı olan Braziliyaya göndərildi. Qara qutu açılıb və nəticələr artıq bəllidir".

Deputat bildirib ki, Azərbaycan Prezidenti mövqeyimizi tam şəkildə bəlli edib:

"Azərbaycan bununla bağlı üzrxahlıq, həlak olan və yaralanan şəxslərə, ailələrinə təzminat ödənilməsini gözləyir. Qarşı tərəf hələ də susmağı seçir. Susmaqla yanaşı Rusiya güc strukturlarına yaxın "Telegram" kanallarından biri yanlış informasiya yaymağa başlayıb. Yenidən təyyarənin vurulmadığı başqa səbəblərlə qəzaya uğradığı ilə bağlı dezinformasiyalar yayıldı. Bununla bağlı Qazaxıstanın baş naziri açıqlama verdi ki, qara qutuda olan məlumatlar ictimaiyyətə açıqlanacaq və hazırda yayılan məlumatlar həqiqəti əks etdirmir. İstənilən halda biz Rusiya tərəfindən addımların atılmasını gözləyirik. Rusiya və Azərbaycan arasında strateji müttəfiqlik var və münasibətlərimiz son zamanlar normal inkişaf edir. Rusiya üzərinə düşəni etməsə, bu, münasibətlərə ciddi təsir edəcək. Azərbaycanın tələbləri haqlı olmaqla yanaşı, beynəlxalq hüquqa aid olan tələblərdir. Rusiya tərəfi məsuliyyəti üzərinə götürməsə, Azərbaycan beynəlxalq müstəvidə addımlar atmalı olacaq. Beynəlxalq Hava Nəqliyyatı Təhlükəsizliyi Təşkilatına Rusiya müvafiq qurumlarına sanksiya tətbiq etmək tələbi ilə müraciət irəli sürüləcək. Azərbaycanın mövqeyi konkretdir və güzəştə getməyəcək. Təyyarəmizin vurulması cinayətdir və bu cinayətə səbəb olanlar cəzalandırılmalıdırlar".

Əfsanə Kamal
Demokrat.az
Seçilən
2
50
demokrat.az

10Mənbələr