Rusiya Prezident Administrasiyasının mətbuat katibi Dmitri Peskov Ukraynadan keçərək Avropaya qaz satışının davam etməsini istədiklərini bildirib. O, paytaxt Moskva şəhərində jurnalistlərə açıqlamalar verib.
Avropanın Rusiyaya tətbiq etdiyi sanksiyaların "iki tərəfi kəsən qılınc" olduğunu vurğulayan Peskov "Avropalılar bu sanksiyalardan ziyan çəkirlər. Bu sanksiyaları beynəlxalq hüquqa zidd, qanunsuz məhdudiyyətlər kimi xarakterizə edirik" deyə qeyd edib.
Rusiya qazının Ukrayna vasitəsilə Macarıstan və Slovakiyaya çatdırılmasına dair Avropa ilə keçirilməsi gözlənilən danışıqları dəyərləndirən katib "Rusiya bu ticarətin davam etməsini istəyir. Məhsullarımızı satmaqda maraqlıyıq" ifadələrini işlədib.
Dmitri Peskov Rusiya qazının Avropalı istehlakçılar üçün ABŞ-dan təmin olunan mayeləşdirilmiş təbii qazla müqayisədə daha rəqabətli qiymətlərlə və daha sərfəli olduğunu vurğulayıb.
Xatırladaq ki, Rusiyanın enerji şirkəti "Qazprom" müvafiq müqavilənin müddətinin bitməsi səbəbilə Ukrayna üzərindən Avropaya təbii qaz nəqlinin 1 yanvar tarixindən etibarən dayandırıldığını açıqlamışdı.