AZ

Tramp USAİD-ə məktub göndərdi- "Amerika dövlətinə qarşı işləyirsiniz"...

Image

Vaşinqtonun bütün dünyada ABŞ yardımını geniş şəkildə dondurmasından sonra Donald Tramp administrasiyası ABŞ Beynəlxalq İnkişaf Agentliyində (USAID) onlarla yüksək vəzifəli məmuru məzuniyyətə göndərib. USAİD əməkdaşlarına göndərilən daxili memorandumda deyilir ki, yeni rəhbərlik agentlik daxilində “prezidentin icra sərəncamlarını və Amerika xalqının mandatını pozmaq üçün hazırlanmış” bir sıra hərəkətləri müəyyən edib.

Memorandumda daha sonra deyilir: “Nəticədə biz USAİD-in bir sıra əməkdaşlarını bu hərəkətləri nəzərdən keçirməyimizi başa çatdırana, növbəti bildirişə qədər tam maaş və müavinətlə inzibati məzuniyyətə göndəriirk”. Sənəddə  qərarın nə qədər adama təsir etdiyi göstərilmir, lakin məsələ ilə tanış olan mənbələr bunun 57 ilə 60 işçi arasında olduğunu deyir. Bunlar sırf rəhbər işçilərdir. “Reuters”ə danışan mənbələrdən ikisi bildirib ki, işdən çıxarılanlar arasında enerji təhlükəsizliyindən tutmuş su təhlükəsizliyinə, uşaqların təhsilinə və rəqəmsal texnologiyaya qədər müxtəlif mövzularda işləyən USAID-in bütün bürolarında yüksək vəzifələrdə çalışan karyera işçiləri var. Bundan əvvəl Donald Tramp xarici yardımın onun xarici siyasət prioritetlərinə uyğun olub-olmadığını yoxlamaq üçün 90 gün müddətinə dayandırılmasını əmr etmişdi. Elə bu fonda USAID-in 10 mindən çox əməkdaşına göndərilən təlimatda Birləşmiş Ştatların bütün dünya üzrə xarici yardımının dondurulmasından sonra əlavə göstərişlərin olacağı bildirilir. Mediaya sızmış sənəddə deyilir ki, xarici yardım xərclərinin dayandırılması “ümumi dondurulma”, rəsmi Vaşinqtonun bu fəaliyyətə veto qoyması deməkdir. Burada yeganə istisna fövqəladə hallar zamanı humanitar ərzaq yardımı və dövlət məmurlarının xidməti və ezamiyyə xərcləridir.  Düzdür, Pentaqon əmin edib ki, Trampın beynəlxalq dəstəyin 90 gün müddətinə dayandırılması haqqında fərmanı  Ukraynaya hərbi yardım proqramlarına şamil edilmir. Eyni zamanda, tezliklə məlum olub ki, USAID Ukraynaya dəstək layihələrini, o cümlədən məktəbə dəstək proqramları, tibbi yardım, o cümlədən analara təcili yardım və uşaqların peyvənd edilməsini dayandırıb.   USAID-də  İdarəetmə və Resurslar üzrə Administrator köməkçisi Ken Cekson daxili memorandumda yazıb: “Biz prezidentə öz vizyonuna nail olmaqda dəstək verməyə borcluyuq. Prezident bizə gələcək onilliklər üçün xarici yardımın çatdırılma üsulunu dəyişdirmək üçün böyük imkan verdi”.  

Qeyd edək ki, Donald Tramp federal bürokratiyada islahatlarla bağlı vədlərini həyata keçirməyə başlayıb. O, bir sıra agentliklərə qarşı tədbirlər görərkən yüzlərlə federal işçini başqa vəzifəyə təyin edib və ya işdən azad edib. Vəzifəyə başladıqdan bir neçə saat sonra Tramp, onun xarici siyasət prioritetlərinə uyğun olub-olmadığını yoxlamaq üçün bütün xarici yardımların dondurulmasını əmr edib. Xatırladaq ki, ABŞ dünyanın ən böyük iqtisadi yardım donorudur. 2023-cü maliyyə ilində xarici iqtisadi yardım üçün 72 milyard dollar ayrılıb. 2024-cü ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən qeydə alınan bütün humanitar yardımın 42%-ni ABŞ təmin edib. USAID dünyanın ABŞ-a loyal ölkələrinə yardımlar göstərən qurum kimi ölkəmizə də  yaxşı tanışdır. İnkişafa deyil, maliyyə inhisarçılığına, xüsusilə, Cənubi  Qafqazda sülhün və sabitliyin, təhlükəsizliyin yaranmasına qarşı çıxan qüvvələrdən biri məhz USAID-dir. Ümumiyyətlə, ABŞ və Avropanın bir çox siyasi institutları, maliyyə fondları, hüquq-müdafiə təşkilatları Azərbaycanda uzun müddət fəaliyyət göstəriblər və onların bəziləri fəaliyyətlərini hazırda da davam etdirilər. Azərbaycan dövləti sağlam əməkdaşlıq prinsiplərinə və vətəndaş cəmiyyəti ənənələrinə sadiq qalaraq onların fəaliyyətinə daim imkan yaradıb. Təcrübə isə göstərir ki, başda USAİD olmaqla ABŞ hökumətinə bağlı olan, eləcə də guya müstəqil olan bu cür təşkilatlar vətəndaş cəmiyyətlərinin inkişafına töhfə verməkdən daha çox, siyasi proseslərə müdaxilə etmək, cəmiyyəti çaşdırmaq, ictimai-siyasi prosesləri manipulyasiya etmək, dövlətçilik prinsiplərini zəiflətmək məqsədi güdürlər. Bir qayda olaraq, bu cür təşkilatlar Azərbaycan dövləti ilə müəyyən istiqamətlərdə əməkdaşlıq etsələr də, onların əsas fəaliyyət istiqaməti, özlərinə sadiq qeyri-hökumət təşkilatları, media qurumları yaratmaq, özünəməxsus şəbəkə formalaşdırmaq, radikal siyasi qüvvələrin anti-dövlət fəaliyyətinə dəstək vermək olub. Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra USAİD, NED, Fridrix Nauman, Marşall, İREX və digər bu kimi qurumlar ölkəmizdə “5-ci kolon” formalaşdırmaq və ondan siyasi hakimiyyətə qarşı təzyiq vasitəsi kimi istifadə etmək, iradələrini diqtə etmək, güzəştlərə nail olmaq üçün istifadə edib. 2000-ci ilin əvvəllərindən başlayaraq postsovet məkanında baş vermiş rəngli inqilablar, sonrakı dövrdə Yaxın Şərqi qarışdırmış siyasi kataklizmlər Qərbin formalaşdırdığı şəbəkələrin yaxından iştirakı ilə baş tutub. Məhz bu cür milli mənafeyə ziddi fəaliyyətlərin qarşısını almaq məqsədilə Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının xaricdən maliyyələşməsinin qarşısı alınıb. Prosesin davamı kimi Azərbaycan USAİD-in ölkəmizdə fəaliyyətinə heç bir ehtiyac görmür. 

Samirə SƏFƏROVA





Seçilən
14
7
baki-xeber.com

10Mənbələr