Hüseyn İbrahimov: “Birləşmiş Ştatlar strateji anlamda “Bir kəmər, bir yol” layihəsinə qarşıdır”
Erməni mediası yazır ki, Çin yeddi aydır İrəvana yeni səfir təyin etmir. Bu da Ermənistan-Çin münasibətləri tarixində tamamilə görünməmiş bir haldır: “Bu, aydın diplomatik mesajdır: belə məsələlərdə heç bir təsadüf yoxdur. Əmin olun, Pekinin diplomatik arsenalında bu gün İrəvana göndərə biləcəyi yüzlərlə peşəkar var”.
Qeyd edilir ki, bu vəziyyətə gətirib çıxaran üç əsas səbəb var: “Ermənistanın “Bir kəmər, bir yol” meqalayihəsinə maraq göstərməməsi. Çin üçün bu, əsas təşəbbüsdür və Pekin ölkələri layihəni dəstəkləyənlərə və ona qarşı çıxanlara bölür. İrəvan faktiki olaraq dörd il əvvəl fəaliyyətini dayandırmış Dini Azadlıq Alyansının formal üzvü olaraq qalır, lakin bu faktın özü Pekin tərəfindən anti-Çin mövqeyinin təzahürü kimi qəbul edilir. İrəvan Tayvanın iqtisadiyyat nazirini qəbul edib ki, bu da Tayvan rəsmiləri ilə birbaşa təmaslardan yayınmaq öhdəliyini pozur. Çin üçün Tayvan məsələsi ən həssas məsələdir və o, burada “Vahid Çin” prinsipindən kənara çıxmağa imkan vermir”.
“Ermənistanın Zəngəzur dəhlizinə qarşı mövqe sərgiləməsi, həm də Çinin layihəsinə qarşı olması deməkdir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən İdarəçilik Akademiyasının müəllimi, sosioloq Hüseyn İbrahimovun fikrincə, Çinin Ermənistanla bağlı belə siyasət yeritməsi bir sıra məsələlərdən irəli gəlir: “Bunun müxtəlif səbəbləri var. Bir səbəbi onunla əlaqədardır ki, Ermənistan regionda Çin üçün mühüm əhəmiyyət kəsb edən ölkə deyil. Çin yaxşı bilir ki, Ermənistan Cənubi Qafqazda coğrafi mövqeyinə görə açar ölkə deyil. Çin üçün regionda açar dövlət Azərbaycandır. Çindən və Orta Asiyadan gələn tranzit yüklər Azərbaycan və Gürcüstan üzərindən Avropaya gedir. Digər tərəfdən Ermənistanda Paşinyan hakimiyyətinin Qərbin maraqlarından çıxış edən mövqe sərgiləməsi, Avropa İttifaqı və ABŞ hərbçilərini ölkəyə dəvət etməsi Pekini məmnun etmir. Məsələ ondadır ki, Birləşmiş Ştatlar strateji anlamda “Bir kəmər, bir yol” layihəsinə qarşıdır. Ermənistanın Zəngəzur dəhlizinə qarşı mövqe sərgiləməsi, həm də bu ölkənin “Bir kəmər, bir yol” layihəsinə qarşı olması deməkdir. Çünki Çin son illər tranzit yolların şaxələndirilməsində bilavasitə maraqlı olan ölkələrdən biridir. Məsələ ondadır ki, Ukrayna müharibəsindən əvvəl Çin Avropa İttifaqı ilə ticarət dövriyyəsinin 80 faizindən çoxunu Rusiya üzərindən həyata keçirirdi. İndi bu imkanlar xeyli məhdudlaşıb. Ona görə də Çin daşıma yollarının diversifikasiyasına xüsusi üstünlük verir. Məsafə baxımından ən qısa yol Cənubi Qafqazdan keçir. Çin Gürcüstanda yeni Anakli limanının tikintisinə sərmayə qoyur. Çünki regiondan keçən yol daha çox Çin istehsalı olan məhsulun Avropaya daşınmasına imkan yaradacaq. Ən nəhayət, Çinin Ermənistana soyuq yanaşması həm də Rusiya amili ilə əlaqədardır. Pekin fərqindədir ki, Ermənistan Rusiyanı Qərblə əvəz etməyə çalışır. Bu və digər səbəblərə görə Çinin timsalında Ermənistana münasibətdə bir soyuqluq özünü göstərir”.
Vidadi ORDAHALLI