AZ

Rəsmi Bakının mövqeyi qətidir

Sağlam düşüncə ikili satandartlara, qərəzli mövqeyə, yalançı təbliğata üstün gələrsə…

İkinci Qarabağ müharibəsindən, eləcə də lokal xarakterli antiterror tədbirlərindən sonra bəzi Qərb ölkələri və beynəlxalq təşkilatlar Azərbaycana qarşı qərəzli, qeyri-obyektiv münasibət sərgiləyərək əsassız və absurd iddialar irəli sürməkdə davam edirlər. son vaxtlar regionda öz maraqlarını təmin etmək üçün daim erməni amilindən istifadə edən, bölgədə söz sahibinə çevrilmək üçün ən çirkin vasitələrdən istifadə etməyə çalışan Fransa kimi məkrli “oyunçular”ın avantüra və təhriki ilə anti-Azərbaycan kampaniyası daha da güclənmişdir.  Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin fəaliyyətinin məhdudlaşdırılması, səsvermə hüququnun bloklanması, üstəlik, mandatının təsdiqlənməməsi, bəzi avropalı parlamentarilərin nümayəndə heyətimizə qarşı ağlasığmaz ittihamlarla çıxış etmələri bunun əyani təsdiqidir.

Təbii ki, Azərbaycannın AŞPA-dakı nümayəndə heyəti həmin dövrdə bu qurumdakı ədalətsizliyin, ölkəmizə qarşı qərəzli münasibətin, Azərbaycanofobiya və islamofobiyanın cavabını layiqincə vermişdi. Ötən il yanvar ayının 24-də Azərbaycanın nümayəndə heyəti bu təşkilatın ölkəmizə qarşı qərəzli davranışını, əsassız, uydurma ittihamlarını, ermənipərəst mövqeyini nəzərə alaraq fəaliyyətini qeyri-müəyyən müddətə dayandırmışdı. Bütün bunların təşəbbüskarı AŞPA-dakı sosial-demokratlar qrupunun rəhbəri, Almaniyanın təşkilatdakı nümayəndəliyinin lideri Frank Şvabe idi. Siyasi əxlaqı alver mənbəyinə çevirən F.Şvabe həmin vaxt həyasızcasına ölkəmizi “Qarabağda insan hüquqlarını kütləvi şəkildə pozmaq”da və bölgədən “erməniləri zorla çıxarmaqda” ittiham etmişdi. Şvabe kimilərin ölkəmizdə “söz azadlığı”, “insan hüquqları”, “siyasi məhbus” və s məsələlərlə bağlı cəfəngiyyatları məsələləri manipulyasiya etməkdən başqa bir şey deyildi. Bu təşkilatın 2023-cü ilin oktyabr ayında qəbul etdiyi “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı qətnaməyə diqqət etsək hər şey bir daha açıq-aydın görünəcək. Çünki bu qurumdakılar özləri də yaxşı bilirlər ki, Azərbaycanda “Dağlıq Qarabağ” adında inzibati və coğrafi ərazi yoxdur. Bundan başqa, qətnamənin 1-ci maddəsində Assambleya Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirsə də, dərhal ölkəmizin öz suveren ərazisində 2023-cü il sentyabrın 19- 20 də həyata keçirdiyi lokal antiterror tədbirlərini “hərbi əməliyyat” adlandıraraq qətiyyətlə pislədiyini vurğulayır. Beləliklə, bu bədnam təşkilatın deputatları heç bir tərəddüd etmədən Azərbaycanın suveren ərazisində qeyri-qanuni fəaliyyət göstərən, azərbaycanlı mülki əhaliyə, hərbçilərə və hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı terror təxribatları törədən separatçı erməni silahlı qruplarına dəstək verdiklərini gizlətmirlər. Bu günlərdə Avropada artıq siyasi çəkisini, nüfuzunu itirən bu təşkilatda ölkəmizin nümayəndə heyəti ilə bağlı baş verənlər bir daha təsdiq etdi ki, AŞPA-nın 2023-cü il oktyabrın 23-də qəbul etdiyi qətnamədə nümayiş etdirdiyi anti-Azərbaycan ritorikası heç də təsadüfi olmamışdır. Təbii ki, bütün bunlar qərəzli, reallıqla heç bir əlaqəsi olmayan əsassız iddialardan başqa bir şey deyil.

Əslində bu gerçəklikləri qurumdakı ermənipərəst azlıqdan başqa hər kəs yaxşı bilir. Ona görə də bütün bunlardan sonra müxtəlif ölkələrin təmsilçiləri AŞPA rəhbərliyinə məktub ünvanlayaraq, Azərbaycan nümayəndə heyətinə qarşı qərəzli mövqeyə son qoyulmasına dair çağırış etmişdilər. Məsələn, Azərbaycanın quruma verdiyi töhfələri qeyd edən təşkilatın  Nazirlər Komitəsinin o zamnkı sədri, Lixtenşteynin xarici işlər, təhsil və idman naziri  Dominik Hasler nümayəndə heyətinin təşkilatdakı layiqli yerinə tezliklə qayıtmasına ümidvar olduğunu   vurğulayaraq qeyd edib: “Düşünürəm ki, bir-birimizə ehtiyacımız var. Ümid edirəm, Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq ki, bizi birləşdirən dəyərlərin qorunması naminə əməkdaşlıq və dialoq davam etsin”.

Bu gün rəsmi Bakı öz mövqeyində qətidir: qarşı tərəf lazımi addımları atmalı, qoyulan sanksiyanın ləğv etməlidir. AŞPA-da Azərbaycana qarşı qərəzli mövqeyə son qoyulmalı, ölkəmizin nümayəndə heyətinin mandatı bərpa olunmalıdır. Əmin olmaq istərdik ki, bu təşkilatda sağlam düşüncə yalançı təbliğata, qərəzli, riyakar mövqeyə üstün gələcək, AŞPA hər zaman əməkdaşlığa hazır olan, qarşılıqlı etimada, tərəfdaşlığa mühüm töhfələr verən Azərbaycanla münasibətləri yenidən bərpa edəcək.

Zahid Rza, “İki sahil”

Seçilən
4
ikisahil.az

1Mənbələr