AZ

Müasir Psixologiya Mərkəzində dava: hüquqşünasla xanım... – Təfərrüat

Müasir Psixologiya Mərkəzində dava olub.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə Nərimanov rayonu Ağa Neymətulla küçəsi ərazisində yerləşən Müasir Psixologiya Mərkəzində qeydə alınıb.

1976-cı il təvəllüdlü Bakı şəhər sakini Sara mərkəzin hüquqşünası Vüsal Həsənovla mübahisə edib. Onların mübahisəsi davaya çevrilib.

Mərkəzdə müəllim vəzifəsində çalışan Sara Vüsalı söyərək təhqir edib.

Hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə müraciət edilib.

Araşdırmalar zamanı Saranın barəsində İnzibati Xətalar Məcəlləsinin 510-ci (xırda xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Sara ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, mərkəzdə idman müəlliməsidir: “Vüsalı isə bizə hüquqşünas kimi təqdim ediblər. Mərkəzin direktoru Azər müəllim işdə olarkən özümü pis etdim. Bu səbəbdən onun otağına gəldim, evə getməyə icazə istədim. Azər müəllim məndən uşaqları və valideynləri yola verməyimi xahiş elədi.

İkinci dəfə içəri girərək Azər müəllimə dedim ki, 13 ildir burada işləyirəm, heç vaxt icazə almamışam. Azər müəllimlə aramızda anlaşılmazlıq oldu, məni düz başa düşmədi. Həmin vaxt orada olan Vüsal isə dedi ki, sən bizə mane olursan. Onunla danışmadığımı söylədim. Bu zaman Vüsal kobud şəkildə mənə “çıx çölə” dedi. O, əvvəllər də iclaslarda mənə kobud münasibət göstərib.

Vüsal Azər müəllimin kabinetində məni küçə söyüşləri ilə təhqir etdi. Mən də dediklərini özünə qaytardım”.

Zərərçəkmiş Vüsalın sözlərinə görə, mərkəzin direktoru Azər müəllimin iş otağında müzakirə apararkən Sara qapını döymədən içəri daxil olub, özünü pis hiss etdiyini deyib, evə icazə istəyib: “Azər müəllim ona uşaqları yola verməyi tapşırdı. Sara otaqdan çıxdı. İkinci dəfə otağa daxil olaraq direktora: “Sən məni eşitmədin, deyirəm ki, özümü pis hiss edirəm” söylədi.

Mən Saraya yaşlı adamla belə danışmağı irad tutdum. Sara “sən mənim üçün heç kimsən” dedi. Mənə və ailə üzlərimin ünvanına küçə söyüşləri söyməyə başladı”.

Bu inzibati işə Nərimanov Rayon Məhkəməsində baxılıb. Sara 50 manat məbləğində cərimə olunub.


Müəllif: Hacı Zeynalov
Seçilən
0
29
teleqraf.com

10Mənbələr