İranın Mazandaran əyalətində elektrik enerjisi və yanacaq çatışmazlığından çörək qıtlığı yaşanır.
“Far.Az” xəbər verir ki, bunu əyalətin Sənaye, Mədən və Ticarət Baş İdarəsinin rəis müavini İsmayıl Hadinejad “Tasnim” agentliyinə müsahibəsində təsdiqləyib.
O, un və çörək istehsalına nəzarət məsələsinə toxunaraq qanun pozuntularına ciddi nəzarətin vacibliyini vurğulayıb.
Mazandaran Çörəkçilər Birliyinin rəhbəri Çeraqi bu problemlərin kökünü araşdıraraq yüksək keyfiyyətli unun mühüm rolu, kvotalar və yay səyahətçilərinin çörək böhranına təsirindən danışıb. O, əyalət çörəkçiliyi sənayesinin problemlərinin dərinliyinə işarə edərək, problemin təkcə çörək sobaları ilə məhdudlaşmadığını bildirib.
Çeraqi əyalətdə çörək bişirilən yerlərin sayından danışıb. O deyib ki, Mazandaranda 4 631 çörəkbişirmə yeri fəaliyyət göstərir: "Amma çörəkçilərin düzgün unu yoxdursa, yüksək keyfiyyətli çörək istehsal ediləcəyini gözləmək olmaz”.
Çörəkçilər isə bildiriblər ki, elektrik enerjisi və yanacaq qıtlığı, unun bahalığı səbəbindən gündəlik məmulatın sayı azalıb. Məsələn, gündə 1 300 çörək bişirilirdisə, indi bu rəqəm 530-a enib.
Oxşar vəziyyət İranın başqa bölgələrində də müşahidə edilir.
Qeyd edək ki, bir neçə il əvvəl də islam respublikasında çörək qıtlığı və onun qiymətinin bahalaşması yaşanıb.