AZ

Valideynlər orta məktəblərdəki bu imtahanlardan çox narahatdır...

Nadir İsrafilov: “Monitorinq keçirilsin, təki sui-istifadə hallarına yol verilməsin”

Orta məktəblərdə şagirdlər 4-cü sinifdən 5-ci sinfə keçə bilmək üçün monitorinq imtahanı verməlidir. Bildirilir ki, imtahanda tələb olunan balı toplaya bilməyən uşaqlar sinifdə qalır. 

Maraqlıdır, uşaqlara bu yaşda ağır məsuliyyət yüklənməsi nə qədər doğrudur? Ümumiyyətlə, monitorinq imtahanından keçə bilməyən şagirdlər sinifdə qala bilər? 

“Monitorinqlər aşkarlıq və şəffaflıq şəraitində keçirilməli, prosesin gedişatı əlaqədar qurumlar tərəfindən nəzarətdə saxlanılmalı və nöqsanların aradan qaldırılması üçün operativ tədbirlər görülməlidir”

Təhsil eksperti Nadir İsrafilov TƏHSİL.BİZ -ə şərhində bildirdi ki, kütləvi elmi-pedaqoji ədəbiyyatda monitorinq dar mənada təhsilin keyfiyyətinə nəzarət, geniş mənada isə informasiya toplanması, müşahidə, təhlil, qiymətləndirmə və idarəetmənin effektivlik vəziyyətinin proqnozlaşdırılması kimi xarakterizə olunur: “Məlum olduğu kimi, təhsil sahəsində aparılan yeniliklərin səmərəliliyinin artırılması, nəticələrin izlənilməsi, proqnozlaşdırılması və korreksiya işlərinin vaxtında həyata keçirilməsi məqsədilə  təhsildə monitorinq və qiymətləndirmə mexanizmi tətbiq olunmağa ötən əsrin 90-cı illərindən başlanılıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2009-cu il tarixli qərarı ilə "Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası" təsdiq olundu. Sənəddə müasir dövrdə şagird nailiyyətlərinin qiymətləndirilməsi sisteminin vəzifələri, əsas xüsusiyyətləri, bu sahədə mövcud olan problemlər Konsepsiyanın yaradılması üçün zəruri səbəblər, əsas qiymətləndirmə növləri, qiymətləndirmə standartlarının və vasitələrinin hazırlanması və sair məsələlər əks olunub. Sözügedən Konsepsiya, habelə, təlim-tərbiyə işlərini müasir dövrün tələblərinə müvafiq qurmaq məqsədilə qiymətləndirmə fəaliyyətinin təlim tərbiyə-prosesini təkmilləşdirməyə, təlim prosesinin səmərəliliyini yüksəltməyə, şagirdlərin nəyi mənimsədiklərini, nələri öyrəndiklərini, hansı bacarıqlara malik olduqlarını və onlarda hansı keyfiyyət dəyişikliklərinin formalaşdığını müəyyənləşdirməyə obyektiv şərait yaradır. Bu mənada, hələ 2  il bundan əvvəl Elm vəTəhsil Nazirliyi tərəfindən ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin 4-cü siniflərində tədris dili və riyaziyyat fənləri üzrə monitorinqin aparılacağı barədə rəsmi məlumat yayıldı. Məlumatda o da bildirilirdi ki, şagird nailiyyətlərinin yaxşılaşdırılması, IV sinfin sonunda şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və ibtidai təhsil səviyyəsində keyfiyyətin artırılması istiqamətində tədbirlərin görülməsi monitorinqin əsas məqsədlərindəndir. IV siniflər üzrə bütün təhsilalanların monitorinqdə iştirakı mütləqdir. Yalnız üzrlü səbəblər (xəstəlik (tibbi arayış təqdim edildikdə), bədbəxt və fövqəladə hadisə) olduğu təqdirdə təhsilalanlar monitorinqdə iştirak etməyə bilərlər. O da xüsusi olaraq vurğulanıb ki, monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə nəticələrinə, eyni zamanda sinifdən-sinfə keçmələrinə təsir göstərmir. Əlbəttə, monitorinqin nəticələri cari ildə IV sinfi bitirəcək təhsilalanların tədris dili və riyaziyyat fənlərindən ölkə üzrə reytinq göstəricisini müəyyən etməyə, həmçinin bu fənlər üzrə həmin şagirdlərin hazırlıq vəziyyətini öz yaşıdları ilə müqayiəsə etməyə imkan yaratması baxımından lazımlı və faydalıdır. Ancaq bu şərtlə ki, bundan istifadə edilərək prosesdə sui-istifadə hallarına yol verilməsin. Monitorinq şagird və valideynlərə yersiz əlavə  stress yaşatmasın, sadəcə olaraq hər kəs bunu sıradan bir sınaq kimi başa düşsün və qiymətləndirsin. Hesab edirəm ki, bu monitorinqlər aşkarlıq və şəffaflıq şəraitində keçirilməli, prosesin gedişatı əlaqədar qurumlar tərəfindən nəzarətdə saxlanılmalı, nəticələrə əsasən üzə çıxan boşluqların və nöqsanların aradan qaldırılması ümün operativ tədbirlər görülməlidir”.

Seçilən
6
2
tehsil.biz

3Mənbələr