AZ

Yağın baha olmasının səbəbi bu imiş


Azərbaycanda ərzaq qiymətləri arasında xüsusilə yağ məhsulları daha çox diqqət çəkir. Yerli istehsal olan kərə və zeytun yağlarının qiymətləri xarici ölkələrdən idxal edilən yağlarla müqayisədə daha yüksəkdir. Bu vəziyyət isə istehlakçılar arasında narazılıq yaradır. Bəs nə üçün yerli yağ məhsulları daha bahalıdır?


Mövzu ilə əlaqədar Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BEY.AZ-a açıqlamasında bildirib ki, yağların Azərbaycanda baha olmasının əsas səbəbi yerli yağ istehsalının çox zəif olması ilə əlaqədardır:

“Bazarda çox ciddi yağ qıtlığı müşahidə olunur. Xaricdən gətirilən yağlar isə daha aşağı keyfiyyətlidir. Xaricdən ölkəmizə gətirilən elə yağlar var ki, onların bir kiloqramı hətta 2 manat yarıma başa gəlir. Bunlar əsasən marqarinlər,palma yağı, trans yağlardır və dünyanın sivil ölkələrində qida məhsulu kimi artıq istifadə edilmir. Təəssüflər olsun ki, bu yağlar Azərbaycana gətirilir. Bütün kərə yağlarının, bitki yağlarının tərkibinə həmin ucuz yağlar əlavə olunur və yaxud texnologiyalar vasitəsilə hazırlanır. Məsələn, indi marketlərdə 3-5 manata da kərə yağı adı altında yağ satılır. Bəs bu kərə yağı nədən alınıb ki, bu qiymətədir?”.

A.Nəsirli qeyd edib ki, orta yağlılığa malik 100 litr süddən üç kiloqramdan çox yağ almaq mümkündür:

“Yəni südün şərti yağlılıq vahidi 3,6 faizdirsə, 100 litr süddə 3 kq 600 qr yağ var. Ancaq bu yağın hamısı süddən ayrılmır, tərkibində az da olsa yağ qalır. Təxminən 600 qramı süddə getsə, 100 litr süddən 3 kq yağ alınacaq. Bu yağın bir kiloqramı necə 5-6 manata ola bilər? Xaricdən gətirilən yağların çoxu yararsız olduğuna görə Azərbaycan bazarında ucuz satışa çıxarılır. Məsələn, palma yağının Azərbaycanda gömrük qiyməti iki manata başa gəlir. Həmin yağı 5-6 manata satmaq kifayət qədər gəlir gətirir. Amma məsələ burasındadır ki, təbii süddən alınan yağın bir kiloqramını topdan satış qiymətlərilə hesablasaq, maya dəyəri 15-18 manatdan aşağı deyil.Sözsüz ki, onun bir kiloqramının qiyməti 20 manat ətrafında olacaq ki, maya dəyərindən əlavə, fermer qazanc da götürsün. Yəni yerli yağın baha olmasının birinci səbəbi odur ki, baha başa gəlir, ikinci səbəbi isə istehsalının aşağı səviyyədə olmasıdır”.

İqtisadçı iddia edib ki, hətta Yeni Zelandiya yağlarının belə tərkibinə azı 15-20 faiz palma yağı vurulur:

“Diqqət etmisinizsə, Yeni Zelandiyadan gətirilən yağı Azərbaycanda qablaşdırırlar. Yeni Zelandiyada yarım kiloluq, bir kiloluq qablaşdırma yoxdur, onlarda standart tamam başqadır. 600 qramlıq qablaşdırma var, 1 kiloqram 200qramlıq qablaşdırma var və s. Yəni qablaşdırma standartları Azərbaycandakından çox fərqlidir. Bu isə onu təsdiq edir ki, Zelandiyadan gələn yağlar Azərbaycanda qablaşdırılır. Niyə? Çünki həmin yağların tərkibinə ucuz yağlar vururlar. Təsəvvür edin, 20 manata satılan yağın tərkibinə belə 10-20 faiz iki manata başa gələn yağ vurulur”.

Sevinc İbrahimzadə / BEY.AZ




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Seçilən
2
Bey.az

1Mənbələr