Bu gün Ədalət, Hüquq, Demokratiya Partiyasının sədri Qüdrət Həsənquliyevin doğum günüdür.
Musavat.com-un məlumatına görə, siyasətçi 60 yaşını qeyd edir.
Qüdrət Həsənquliyev 1965-ci il yanvarın 29-da Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Əbrəqunus kəndində dünyaya gəlib. 1992-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Peşə fəaliyyətinə Bakı şəhəri Nəsimi rayon prokurorluğunda müstəntiq kimi başlayıb, daha sonra Azərbaycan Respublikası Dövlət Katibinin köməkçisi və Asiya Universitetinin baş müəllimi vəzifələrində çalışıb.
Siyasi karyerasına Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü kimi başlayıb və partiya daxilində baş verən parçalanmanın qarşısını almağa çalışıb.
2000-ci ildən Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü olub. 2003-cü ildə keçirilən əlavə parlament seçkilərində 69 saylı İsmayıllı seçki dairəsindən deputat seçilib.
2004-cü ildə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasını (BAXCP) təsis edib və partiyanın sədri olub. Ötən il keçirilən qurultayda isə təşkilatın adı dəyişdirilərək Ədalət, Hüquq, Demokratiya Partiyası adlandırılıb.
Qüdrət Həsənquliyev 2003, 2005, 2010, 2015, 2020 və 2024-cü illərdə müxtəlif seçki dairələrindən millət vəkili seçilib. O, həmçinin 2003, 2008, 2013 və 2018-ci illərdə prezident seçkilərində namizəd kimi iştirak edib.
“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu başda olmaqla, ümumi kollektiv adından Qüdrət Həsənquliyevi təbrik edirik.