AZ

Ərdoğan gəlir: Xocalıda Türkiyə konsulluğu açılacaq?

"Azərbaycanla Türkiyə arasındakı qarşılıqlı əlaqələr ən yüksək səviyyəyə çatıb". 

Bu sözləri politoloq Tural İsmayılov "Cebheinfo.az"-a açıqlamasında deyib. 

O vurğulayıb ki, hətta Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağa ilk səfər edən xarici ölkə rəhbəri kimi tarixə düşüb:

"O, indiyə kimi dəfələrlə Qarabağın müxtəlif bölgələrinə səfərlər edib. Qarşıdakı günlərdə isə Rəcəb Tayyib Ərdoğanın Xocalıya səfər edəcəyi açıqlanıb".

Ekspert səfər zamanı müzakirə olunması gözlənilən mövzular barədə danışıb:

"Rəcəb Tayyib Ərdoğanın Xocalıya səfəri zamanı Azərbaycanla Türkiyə arasındakı qarşılıqlı əməkdaşlıq münasibətləri və bundan sonrakı əlaqələrə dair mühüm müzakirələrin aparılacağını düşünürəm. 

Təbii ki, Şuşa Bəyannaməsindən irəli gələn məsələlərin də müzakirə edilməsi gözlənilir. Eyni zamanda, türk şirkətləri Qarabağın bərpasında aktiv iştirak edirlər. Ərdoğan Xocalıya səfəri zamanı görülən işlərlə yerində tanış olacaq".

Tural İsmayılov diqqətə çatdırıb ki, Türkiyənin Qarabağda konsulluğunun açılması ilə bağlı Ankara və Bakı arasında razılıq əldə olunub:

"Bununla bağlı işlərin də mərhələli şəkildə həyata keçiriləcəyini düşünürəm. Bu istiqamətdə Azərbaycanla Türkiyə arasında koordinasiya və kommunikasiya davam edəcək.

Fikrimcə, Türkiyənin baş konsulluğu Xankəndi, Şuşa və ya Xocalıda açıla bilər. Ərdoğanın səfəri zamanı konsulluğun təməl qoyma mərasimi olmasa da, bununla bağlı işlərin start götürməsi barədə razılıq əldə olunma ehtimalı var". 

Seçilən
9
50
cebheinfo.az

10Mənbələr