AZ

Ankarada təşkil edilən üçtərəfli görüş regionun gələcəyini formalaşdıracaq - ŞƏRH  

“Son 5 ildə Azərbaycan, Türkiyə və Özbəkistan arasında koordinasiyanı zəruri edən bəzi hadisələr baş verib.  Azərbaycanın Qarabağ zəfəri, Türk Dövlətləri Təşkilatının yaradılması, Rusiya-Ukrayna müharibəsi, Suriyada Bəşər Əsəd hakimiyyətinin süqutu və bu məsələdə Türkiyənin rolu, son olaraq da ABŞ-də keçirilən prezident seçkiləri, Donald Trampın seçilməsi, onun dünyada baş verən geosiyasi hadisələrə təsiri həm xarici siyasət, həm nəqliyyat, həm də ticarət baxımından türk dövlətləri arasında əməkdaşlığı zəruri edən, yeni imkanlar, bəzən isə yeni təhdidlər yaradan  amillərdir. Türk Dövlətləri Təşkilatına nəzər yetirsək, Azərbaycanla Türkiyənin əməkdaşlığı hər zaman seçilib. “Şuşa bəyannaməsi” ilə müttəfiqliyimiz təsdiqlənib”.
 
Bu fikirləri Musavat.com-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin xarici siyasət şöbəsinin müdiri Cavid Vəliyev Ankarada Azərbaycan, Türkiyə və Özbəkistan XİN rəhbərlərinin görüşünü şərh edərkən bildirib.
 
C.Vəliyevin fikrincə, son illər Özbəkistan seçilməyə başlayıb: “Özbəkistan bir çox məsələdə siyasi cəhətdən aktivlik nümayiş etdirir, Türkiyə və Azərbaycana yaxınlıq göstərir. 2024-cü ilin iyun ayında Özbəkistan prezidenti Şöfkat Mirziyoyev Türkiyəyə səfər etdi, tərəflər arasında 18 müqavilə imzalandı, ona Türkiyənin “Dövlət nişanı” təqdim olundu, strateji əməkdaşlığın dərinləşdirilməsi haqqında müqavilə imzalandı. Avqust ayında isə Azərbaycanla Özbəkistan arasında müttəfiqlik haqqında müqavilə imzalandı. Azərbaycanla Türkiyə arasında formalaşan müsbət atmosferə və koordinasiyaya Özbəkistan da daxil edilir. Düşünürəm ki, Türkiyə və Azərbaycan təhlükəsizlik, hərbi və xarici siyasət məsələlərində tək dövlət kimi hərəkət edir, Özbəkistan da bu yolun bir iştirakçısı kimi hərəkət etmək istəyir.  Fikrimcə, gələcəkdə belə də olacaq”.
 
C.Vəliyev qeyd edib ki, son beş ildə yaranan geosiyasi dəyişikliyin həm nəqliyyat, həm də ticarət baxımından yaratdığı fürsətlər var: “Ankarada nazirlərin açılış nitqlərində Orta Dəhliz və Zəngəzur dəhlizinin adı çəkildi. Zəngəzur dəhlizi həm Azərbaycan, həm də Türkiyənin gündəmindədir. Dənizlər vasitəsilə daşınan yükdaşımada yaranan təhlükələr, Rusiya üzərindən yaranan təhdidlər, eyni zamanda artan yükdaşıma Orta Dəhlizin əhəmiyyətini daha da artırıb. Amma bu məsələdə müəyyən tənzimləmələr, ortaq siyasət formalaşdırılmalıdır. Yol, keçid, gömrük tarifləri, elektronlaşma və digər tədbirlər bu yolun cəlbediciliyini artırmalıdır. O ki qaldı ticarət tərəfinə, ticarət həcmi artırılmalıdır. İlkin mərhələdə preferensial, daha sonra isə sərbəst ticarət müqaviləsi imzalanmalıdır. Xüsusilə, Suriyanın yenidən qurulması prosesində Türkiyənin dəstəyə ehtiyacı var. Azərbaycan bununla bağlı açıq dəstəyini ifadə edib. Cənab Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışığında dəstəyini bildirib. Eyni zamanda Azərbaycan xarici işlər naziri Yalçın Rəfiyev Suriyaya səfər edib. O cümlədən Azərbaycan  Suriyaya 200 ton ərzaq məhsulu daşıyan 10 yük maşınından ibarət humanitar yardım göndərib. Son olaraq, Azərbaycan müdafiə nazirinin müavini, Quru Qoşunları komandanı general-polkovnik Hikmət Mirzəyevin Türkiyə-Suriya sərhədinə səfəri maraqlı şərhlərə səbəb olub. Bir sözlə, Azərbaycanın Suriya məsələsində Türkiyəyə dəstəyi tamdır. Xatırlatmaq yerinə düşər ki, Prezident İlham Əliyev yerli televiziyalara müsahibəsində vurğulayıb ki, Türkiyə hansı formada dəstək istəsə, Azərbaycan bu dəstəyi göstərməyə hazırdır. Düşünürəm ki, Özbəkistan da bu prosesə dəstək verə  bilər çünki Azərbaycan və Türkiyə ilə birgə hərəkət etmək istəyir. Bir sözlə, bu, bundan sonrakı dövrdə ticarət, nəqliyyat və xarici siyasətdə regionun gələcəyini formalaşdıracaq formatdır. Ankarada təşkil edilən üçtərəfli formatda görüş TDT-i, regionda üç dövlətin mövqeyini daha da qüvvətləndirəcək, sabitliyin, əməkdaşlığın, təhlükəsizliyin dərinləşməsinə müsbət təsir edəcək”.
 
Seçilən
14
50
moderator.az

10Mənbələr