AZ

"Avropa İttifaqı-Türkiyə münasibətlərində pozitiv meyllər müşahidə olunur" - "Anadolu Ajansı"

 
"Tramp dövründə qüvvələr balansının dəyişməsi Avropa İttifaqını Türkiyəyə yaxınlaşdıracaq..."
 
Trampın ilk prezidentliyi dövründə ABŞ-Avropa İttifaqı arasındakı münasibətlər ciddi şəkildə pisləşib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Anadolu Ajansı" agentliyi yazıb.
 
Qüvvələr balansının dəyişdiyi indiki şəraitdə Avropanın Türkiyə ilə, xüsusilə biznes sahəsində əməkdaşlığı bərpa etməsi zəruridir, - ekspertlər bildirir.
 
"Türkiyə və Avropa İttifaqı arasında daha sıx əməkdaşlıq üçün qapı açılır..."
 
Trampın ABŞ-da hakimiyyətə gəlməsinin ikinci həftəsi başlayıb. Brüsseldə isə ABŞ-Aİ tərəfdaşlığının gələcəyi ilə bağlı narahatlıqlar davam edir. Bu münasibətlər dünyada "ən möhkəm ittifaq" kimi tanınsa da, Trampın ilk prezidentliyi dövründə ciddi zərbə alıb. O, son seçki kampaniyası zamanı da Aİ-ni narahat edən fikirlər səsləndirib, müdafiədən ticarətə qədər bir çox mövzuda ittifaqa qarşı tənqidi mövqe sərgiləyib.
 
Avropa Komissiyası təsdiqləyib ki, hələlik Tramp və Komissiya sədri Ursula fon der Lyayyen arasında heç bir təmas baş tutmayıb. Ekspertlər hesab edir ki, Brüssel-Ankara xəttində baş verən hadisələr Avropa İttifaqı ilə Türkiyənin daha sıx əməkdaşlıq etməsinin vacibliyini ortaya qoyub. Xüsusilə Trampın hakimiyyətə qayıdışı ilə qüvvələr balansının dəyişdiyi şəraitdə Aİ Türkiyə ilə yaxınlaşmalıdır.
 
Brüsseldə yerləşən "Avropa Siyasi Mərkəzi" (EPC) analitik mərkəzinin Türkiyə üzrə eksperti Amanda deyib:
 
"Açıq danışsaq, Trampın prezidentliyi xüsusən də ABŞ-ın NATO-da iştirakını məhdudlaşdırmaq və ya Şərqi Avropadakı qüvvələrini çıxarmaq ehtimalı Türkiyə və Avropa arasında daha sıx əməkdaşlıq üçün qapı açmalıdır."
 
O, bu prosesin siyasi iradədən asılı olduğunu vurğulayaraq əlavə edib:
 
"Türkiyə və Aİ arasındakı münasibətlər uzun müddətdir durğun vəziyyətdədir, baxmayaraq ki, onları inkişaf etdirmək üçün bir çox səbəb var. Tərəflərin ortaq qonşuluğundakı qeyri-sabitlik də nəzərə alınarsa, Aİ-nin Türkiyə ilə münasibətləri həqiqətən düzgün bir şəkildə yeniləməyə hazır olması gözlənilib".
 
Mütəxəssisin sözlərinə görə, Türkiyə və Aİ arasındakı münasibətlərin yaxşılaşdığını göstərən bəzi hadisələr var. Məsələn, 2024-cü ilin avqustunda Türkiyə xarici işlər naziri Hakan Fidan Aİ xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünə dəvət olunub.
 
"Türkiyə təkcə Rusiyanın Ukraynadakı hərbi əməliyyatı və onun Qara dənizdəki nəticələrinə görə deyil, eyni zamanda Suriyada, Yaxın Şərqdə, Cənubi Qafqazda və digər bölgələrdə mühüm rol oynayır. Bu mənada Aİ Türkiyə ilə əməkdaşlığa başlamalıdır. Ona görə də münasibətlərdə müəyyən irəliləyişlər var," - Pol qeyd edib.
 
"Avropa İttifaqı Türkiyəni müdafiə layihələrindən kənarda saxlamaqla səhvə yol verir..."
 
Aİ üzvü olan bəzi ölkələr Türkiyənin "Daimi Strukturlaşdırılmış Təhlükəsizlik və Müdafiə Əməkdaşlığı" (PESCO) kimi müdafiə layihələrində iştirakına qarşı çıxır. Bu, Aİ-nin böyük bir strateji səhvidir,  - Amanda Pol bildirib.
 
O, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın və Avropa Komissiyasının üzvü Hajya Laxbibin son aylar Ankaraya səfərlərini xatırladaraq deyib:
 
"Lakin bu görüşlər üçün konkret bir gündəm olmalıdır. Tərəflər nəyi hədəfləyir və bu danışıqlardan sonra hansı nəticələr əldə olunacaq? Türkiyə üçün konkret nəticələr vacibdir."
 
Türkiyə ilə Aİ arasında Gömrük İttifaqının modernləşdirilməsi məsələsinə toxunan Pol bildirib: "Bu məsələ uzun illərdir müzakirə olunur, halbuki həm Aİ, həm də Türkiyə üçün iqtisadi baxımdan faydalıdır. Xüsusilə Avropa şirkətləri bu sahədə irəliləyişin olmasını istəyir."
 
"Avropa İttifaqı Türkiyəni öz tərəfində saxlamağa çalışmalıdır..."
 
Avropa Təhlükəsizlik Araşdırmaları İnstitutunun (EUISS) transatlantik münasibətlər üzrə baş eksperti Cüzeppe Spatafora bildirib ki, Aİ üçün Türkiyəni öz tərəfində saxlamaq daha məqsədəuyğundur. O, 2024-cü ilin dekabrında Ursula fon der Lyayyenin Ankaraya səfəri zamanı verdiyi pozitiv siqnalları xatırladıb.
 
"Aİ və Türkiyə NATO çərçivəsində bir çox sahədə əməkdaşlıq edir. Türkiyə Ukraynaya qarşı sanksiyalar tətbiq etməsə də, Qara dəniz taxıl təşəbbüsü kimi məsələlərdə mühüm vasitəçi olub. Müdafiə baxımından Türkiyə Avropanın ən böyük quru qoşunlarına sahibdir",  Spatafora vurğulayıb.
 
Onun fikrincə, Aİ və Türkiyənin Suriya və Yaxın Şərqdə ortaq maraqları var: "Hər iki tərəf Suriyanın yenidən xaosa sürüklənməsini istəmir. Həmçinin Qəzza ilə bağlı atəşkəs məsələsində də eyni mövqeni bölüşür".
 
EUISS-in Rusiya və Şərqi Avropa üzrə baş analitiki Ondrej Ditrix isə qeyd edib: "Türkiyə Ukraynadakı münaqişəyə sabit və ədalətli bir həll yolu tapmaqda maraqlıdır. Xüsusilə Qara dənizin təhlükəsizliyi Türkiyə üçün prioritet məsələdir. Ona görə də gələcək razılaşmaların bir hissəsi Türkiyənin rolu ilə bağlı olacaq. Bu baxımdan Türkiyə mütləq təsirli bir aktor kimi çıxış edəcək."
Seçilən
5
25
moderator.az

10Mənbələr