Donald Trampın ikinci hakimiyyət dönəmi qlobal səviyyədə səs-küy doğuran qərarlarla yadda qalır. Birləşmiş Ştatların Ukrayna qaçqınlarına yardımını dayandırması və onları ölkədən çıxarmaq niyyəti ciddi narahatlıq yaradıb. Bu addım təkcə minlərlə insanın taleyini deyil, həm də Qərbin Ukraynaya münasibətindəki yeni yanaşmanı gündəmə gətirir. Ağ Ev bu qərarla Kiyevi atəşkəsə məcbur etməyə çalışırmı? ABŞ-ın bu siyasəti genişmiqyaslı humanitar böhrana səbəb ola bilərmi? Avropa ölkələri Tramp administrasiyasının bu mövqeyinə hansı cavabı verəcək? Bu sualların cavabı təkcə Ukrayna üçün deyil, bütövlükdə beynəlxalq siyasi düzən üçün əhəmiyyətlidir.
Moderator.az-a danışan politoloq Rəşad Bayramov bildirib ki, Trampın addımlarında ilk baxışdan qeyri- adi bir şey yoxdur:
“Donald Trampın ikinci hakimiyyət dönəmi onun seçkiqabağı platformasına uyğun olaraq verdiyi vədləri yerinə yetirməsi ilə diqqət çəkir. 2025-ci il üçün hazırlanan siyasi sənəd çərçivəsində Tramp administrasiyasının ABŞ-ın xarici siyasətində ciddi dəyişikliklər edəcəyi gözlənilirdi. O, hakimiyyətə gəldikdən sonra Bayden dönəmində qəbul edilən bir sıra qərarları ləğv edərək, Ümumdünya Səhiyyə Təşkilatından və iqlim sammitlərindən çıxmaq kimi addımları artıq atıb. Bununla yanaşı, 90 günlük müddətə xarici ölkələrə və beynəlxalq təşkilatlara yardımların dayandırılması barədə qərar da gözlənilən idi. Tramp dəfələrlə ABŞ-ın verdiyi maliyyə yardımlarının ölkənin maraqlarına uyğun olub-olmadığını sual altına qoymuş və bu vəsaitlərin nə dərəcədə effektiv istifadə edildiyini araşdıracağını bildirmişdi”.
Politoloq əlavə edib ki, bu siyasət çərçivəsində miqrant və qaçqınlarla bağlı sərt addımların atılacağı məlum idi:
“Ancaq bir ümid var idi ki, müharibə şəraitində olan Ukrayna qaçqınları bu siyasətdən istisna ediləcək. Lakin Tramp burada hər hansı bir güzəştə getmədi və ümumi siyasətini Ukrayna qaçqınlarına da tətbiq etdi. Bu qərarın iki əsas aspekti var: birincisi, Tramp seçiciləri qarşısında verdiyi vədləri faktiki olaraq yerinə yetirir. İkincisi isə, bu addım Kiyevə qarşı siyasi təzyiq vasitəsi kimi qiymətləndirilə bilər. ABŞ-ın 90 günlük maliyyə yardımını dayandırması Kiyev üçün ciddi bir mesajdır. Hər nə qədər bu qərar Konqres tərəfindən təsdiqlənmiş layihələrə şamil edilməsə də, üç aylıq fasilə Ukrayna hakimiyyətinə faktiki olaraq güzəştə getmək üçün bir çağırış sayıla bilər. ABŞ-ın yardımları olmadan Ukrayna öz hərbi və iqtisadi tələbatını yalnız Avropa İttifaqı ölkələrinin hesabına ödəmək imkanına malik deyil. Çünki müharibə dövründə Ukraynaya ayrılan yardımların təxminən yarısı ABŞ tərəfindən təmin edilib. Bu kontekstdə Tramp administrasiyasının siyasəti Volodimir Zelenskini Vaşinqtonun şərtləri əsasında danışıqlar masasına oturtmaq üçün təzyiq vasitəsi kimi görünür”.
R.Bayramov xatırladıb ki, Trampın bu qərarı həm də Rusiyaya bir mesajdır:
“Bir neçə gün əvvəl o, sosial şəbəkə hesabında Rusiya Prezidenti Vladimir Putinə sərt bir xəbərdarlıq edərək, tez bir zamanda atəşkəsə nail olunmasının vacibliyini vurğulamışdı. Bu kontekstdə ABŞ-ın Ukrayna qaçqınlarına yardımı dayandırması və onlara qarşı sərt miqrasiya tədbirləri tətbiq etməsi təkcə Kiyevə təzyiq kimi deyil, həm də Moskvaya göndərilən ciddi bir siqnal kimi qəbul edilə bilər.Tramp açıq şəkildə bildirir ki, əgər tez bir zamanda müvafiq razılaşma əldə olunmazsa, ABŞ-ın Ukraynaya yardımları dayandırmaqdan daha irəli gedərək, əksinə, Kiyevə daha genişmiqyaslı hərbi və maliyyə dəstəyi verməsi gündəmə gələ bilər. Yəni, bu qərarlar həm Kiyevi danışıqlara məcbur etməyə, həm də Rusiyaya açıq mesaj verməyə hesablanıb. Tramp uzunmüddətli danışıqlara üstünlük verən siyasətçi deyil. Onun yanaşması sürətli və sərt addımlar üzərində qurulub. Kolumbiya və Meksika ilə bağlı keçmiş qərarlarında da eyni üslub müşahidə olunmuşdu. O, maksimal təzyiq yolu ilə tərəfləri mümkün qədər tez bir nəticəyə məcbur etmək istəyir”.
Mehin Mehmanqızı