Yanvarın 28-də dəmir yollarında oğurluq hadisəsi işarəvermə qurğularının işinin pozulması və Bakı-Ağstafa qatarının qrafikdən çıxması ilə nəticələnib.
Xezerxeber.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.
Məlumata görə, saat 19 radələrində Yevlax-Ləki və Ləki-Yevlax sahələrində keçid işıqforları qırmızı göstərib. Nasazlığın aradan qaldırılması üçün əraziyə baxış keçirilən zaman məlum olub ki, işıqforların daimi qadağanedici işarə göstərməsinə səbəb həmin işıqforları qidalandıran 10 metr kabel xəttinin kəsilərək oğurlanmasıdır.
Nəticədə Bakı-Ağstafa qatarı Yevlax stansiyasına 1 saat 15 dəqiqə, Ağstafa stansiyasına isə 1 saat 11 dəqiqə gecikmə ilə çatıb.
Hadisə ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib, araşdırma aparılır.
ADY-dən o da bilidirilib ki, bu kimi hadisələr ilk deyil. 2023-cü il - 62 oğurluq və oğurluğa cəhd, o cümlədən 17 kabel oğurluğu, 2024-cü ildə isə 87 oğurluq və oğurluğa cəhd, o cümlədən 11 kabel oğurluğu baş verib.