AZ

Türkiyənin nəqliyyat naziri türk ölkələri arasında multimodal daşımaların həcmini artırmağa çağırıb

Türkiyə türk dövlətləri ilə əməkdaşlığı, o cümlədən nəqliyyat və logistika sahəsində əlaqələri fəal şəkildə inkişaf etdirməyi hədəfləyir. Ankara üçün prioritetlərdən biri multimodal daşımalardır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Ankarada Türkiyə, Azərbaycan və Özbəkistanın xarici işlər, ticarət və nəqliyyat nazirlərinin üçtərəfli görüşünün iştirakçıları qarşısında çıxışı zamanı deyib.

Türkiyəli nazir qeyd edib ki, mövcud nəqliyyat dəhlizlərinin potensialı türk dövlətləri arasında ticarət dövriyyəsini aktiv şəkildə artırmağa imkan verir.

“Ölkələrimiz üçün Türk dünyasında qarşılıqlı fəaliyyət üzrə güclü təkan olacaq nəqliyyat sisteminin hərtərəfli inkişafı vacibdir. Orta Dəhliz bu məsələdə xüsusi əhəmiyyət kəsb edir”, - deyə nazir vurğulayıb.

O qeyd edib ki, Ankara Bakı və Daşkəndlə nəqliyyat dəhlizlərinin potensialından istifadə etmək istiqamətində çoxsaylı layihə həyata keçirir.

“Bu baxımdan multimodal daşımaların inkişafı çox vacibdir. Bu, yükün bir marşrutdan digərinə yönləndirilməsi demək deyil. Bizim üçün ticarətin artması nəticəsində yaranan malların həcmini Orta Dəhlizlə daşımaq kifayətdir. Bu, ölkələrimizə böyük dividendlər gətirəcək”, - deyə Uraloğlu bildirib.

Seçilən
9
yeniazerbaycan.com

1Mənbələr