AZ

“Biz Zəngəzuru unutmamışıq və unutmayacağıq”

Nikol Paşinyan dünya üçün “Sülh kəsişməsi”ndən dəm vurur

Ermənistan müxtəlif bəhanələr gətirərək, müxtəlif qeyri-real və cəfəng layihələri... dırnaqarası “Sülh kəsişməsi” layihəsini ortalığa atıb və indi dünyada bir ölkə qalmayıb ki, o ölkəyə bu layihə təqdim edilməsin. Halbuki bu dırnaq­arası layihənin Azərbaycansız iki qəpiklik də qiyməti yoxdur və biz bunu dəfələrlə Ermənistan tərəfinə müxtəlif kanallar vasitəsilə çatdırmışıq. 

(Azərbaycan Prezidenti İlham Əliyevin nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədəki çıxışından)

 

Hörmətli oxucu elə başa düşməsin ki, mən indi qələmə alacağım fikirləri xatırladaraq Azərbaycanla Ermənistanı müqayisə etmək istəyirəm. Qətiyyən elə fikrim yoxdur. Çünki elə bir müqayisə mümkün deyil. Ancaq deməliyəm ki, Azərbaycan dövləti son dörd ildə, təkcə Ermənistanın işğalından azad edilmiş ərazilərdə 3400 kilometrə yaxın avtomobil yolu çəkib, 44 avtomobil yolu layihəsi icra edilib, ya da ki, icra edilməkdədir. Eyni zamanda, 45 tunel, 447 körpü, 16 viaduk nəzərdə tutulub. Bunlardan 28 tunel, 392 körpü və 9 viadukun tikintisi tamamlanmışdır. Xatırladım ki, viaduk yol və aparmaq sözlərindən əmələ gəlmiş ifadədir. Yəni yolun çuxur, dağ dərəsi ilə kəsişməsində daş, dəmir-beton və ya metaldan tikilmiş körpü tipli nəqliyyat qurğusudur.

Bəs Ermənistan neyləyib? Heç nə. Nikol Paşinyan İrəvandan Zəngilana yol çəkmək istəyirdi. Nə oldu bəs? Layihələri kağızda, arzuları ürəklərində qaldı.

Azərbaycan son iki onillikdə Şimal – Cənub və Şərq – Qərb nəqliyyat dəhlizlərinin ən mühüm tərkib hissələrindən birinə çevrilib. Bəs Ermənistan neyləyib? Müstəqillik əldə edəndən bəri siyasi və iqtisadi dalandan çıxmaq yolunu axtarırlar. Hələ ki, o yolda işıq görünmür. Bu məqamda rusiyalı satira aktyoru Gennadi Xazanovun bir deyimi yada düşür: “tupoylar (ağıldankəmlər) tupikdən ( dalandan) çıxdıqlarına çox sevinə bilmirlər. Çünki oradan çıxıb, o biri dalana düşürlər”.

Dövlət başçımız nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə xatırlatdı ki, bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil: “Hazırda bizim ərazimizdən Şərq – Qərb və Şimal – Cənub nəqliyyat dəhlizləri keçir. Bu dəhlizlər üzrə daşınan yüklərin həcmi ildən-ilə artır. Yüklərin daha səmərəli daşınması üçün fiziki infrastrukturla yanaşı, digər addımlar da atılır, o cümlədən rəqəmsallaşma məsələlərinə diqqət göstərilir. Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaradılmışdır və ortaq müəssisələr, müştərək müəssisələr qurulmuşdur. Bir sözlə, bu gün Azərbaycan Avrasiyanın əvəzolunmaz nəqliyyat mərkəzlərindən biridir”.

Bəs Ermənistan son otuz ildə neyləyib? Heç nə. Hələ də dənizə çıxış yolları axtarırlar. Təbii ki, bu istiqamətdə ən qısa yol Azərbaycandan keçərək Xəzərə çıxış tapmaqdır. Bunun üçün isə ağıllı lider lazımdır ki, xalqın və dövlətin gələcəyi naminə qonşularla əməkdaşlıq etsin, başqa ölkələrə ərazi iddiaları irəli sürməsin və ən başlıcası, Azərbaycanın sülh təkliflərini qiymətləndirə bilsin. Min şükür ki, işğalçılığı, terrorçuluğu, separatçılığı və qaniçənliyi milli əxlaq normasına çevirmiş hayların elə bir lideri olmayıb, indi də yoxdur. Bütün dünyaya məlum olan faktdır ki, müstəqillik dövründə Ermənistana rəhbərlik edənlərin hamısı qatil, qaniçən, cinayətkar, quldur, başkəsən və separatçılardır. Həmin adamların hamısı azərbaycanlılara etdikləri zülmün, sitəmin iki qatını öz xalqlarına ediblər.

Dövlət başçımız adıçəkilən müşavirədə xatırlatdı ki, son 30 il ərzində Azərbaycan əhalisi 7 milyondan 10 milyona çatıb, hətta o rəqəmi də ötüb. Bəs Ermənistanda nə baş verib? Kilsə xadimləri deyirlər ki, Sovet Ermənistanının 3 milyon əhalisi var idi. İndi onun tən yarısı qalıb. Paşinyanın siyasi müxalifətçiləri isə həmin göstəricinin 2 milyon olduğunu söyləyirlər. Bu isə ölkənin idarə olunmamasının, milli ideologiyanın mif və xülyalara əsaslanmasının fəsadlarıdır.

Dövlət başçımız xatırladır: “Yeni layihələr arasında Zəngəzur dəhlizini qeyd etmək istərdim. Zəngəzur dəhlizi layihəsi Azərbaycan tərəfindən irəli sürülmüşdür. İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən sonra bu məsələ beynəlxalq gündəliyə, beynəlxalq leksikona salındı və bu gün Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş ifadədir, qəbul edilmiş termindir. Əlbəttə ki, biz bu dəhlizin açılması üçün praktiki addımlar atırıq”.

Ancaq təəssüf ki, Ermənistan tərəfi dörd ildən çoxdur ki, bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir, faktiki olaraq 10 noyabr kapitulyasiyasından sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Orada açıq-aydın göstərilirdi ki, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır. Ermənistan isə buna əməl etmir, müxtəlif bəhanələr gətirərək, müxtəlif qeyri-real və cəfəng layihələri ortaya ataraq, sadəcə olaraq, beynəlxalq ictimaiyyətin fikrini çaşdırmaq istəyir, manipulyasiyalarla məşğuldur”.

Təəssüf ki, İrəvan rəsmiləri Zəngəzur dəhlizinin açılmasına mane olmaqla yanaşı, beynəlxalq ictimaiyyətin “gözünə kül üfürmək” məqsədiylə “Sülh kəsişməsi” adlı növbəti utopiyanı gündəliyə gətirib. Ekspertlərin fikrincə, 29 min 743 ­kvadrat- kilometrlik ərazini (miflərlə yaşayanların fikrincə, Ermənistanın ərazisi 300 min kvadratkilometrlə 360 min kvadratkilometr olub. Buraya Roma, Bizans, Osmanlı, İran, Qafqaz və Rusiya daxil idi – ?!) idarə edə bilməyənlər dünya üçün “Sülh kəsişməsi”ni necə reallaşdıra biləcək? Təbii ki, reallaşdıra bilməyəcəklər.

Ancaq həmişə, hər yerdə, hamının köməyinə çatan Azərbaycan Prezidenti xatırladır ki, ermənilər həmin dırnaqarası layihəni doğrudan da həyata keçirmək istəyirlərsə, ilk növbədə, Azərbaycana müraciət etməlidirlər: “ Ermənistan rəhbərliyinə bir daha məsləhət görərdim ki, 10 noyabr kapitulyasiya aktını diqqətlə oxusun və orada xüsusilə dediyim o bəndə diqqət yetirsin. Yenə də deyirəm, onların dırnaqarası layihəsi Azərbaycansız tamamilə əhəmiyyətsizdir. Sadəcə olaraq, vaxt uzatmaqla məşğuldurlar, beynəlxalq ictimaiyyəti çaşdırmaqla məşğuldurlar”.

Prezidentin adıçəkilən müşavirədəki çıxışının əsas müddəalarından biri də Azərbaycandan Azərbaycana rahat və azad keçidin təmin edilməsi idi. Dövlət başçımız əlavə etdi ki, bu, bizim tələbimizdir. Tələbimiz yerinə yetirilməsə, Ermənistan bundan sonra da dalan ölkə kimi qalmaqda davam edəcək və onların tranzit ölkəyə çevrilmə arzuları gözlərində qalacaq: “Özləri daha çox itirəcəklər, nəinki biz. Ona görə bu məsələ diqqət mərkəzində olacaq və həm beynəlxalq müstəvidə, həm Ermənistanla ikitərəfli təmaslar əsnasında biz daim bir məsələni qeyd edirik ki, Azərbaycandan Azərbaycana maneəsiz keçid olmalıdır. Heç bir yoxlamadan keçmədən, heç bir maneə ilə üzləşmədən Azərbaycandan Azərbaycana rahat və azad keçid olmalıdır”.

Cənab Prezident bizim öz vətənimizdən ölkəmizin başqa ərazisinə keçməyimizə səbəb olan faktları xatırladaraq dedi ki, Qərbi Zəngəzuru sovet hakimiyyəti bizim əlimizdən 1920-ci ilin noyabrında alıb və Azərbaycan xalqına qarşı cinayət törədib, bu, birinci və sonuncu cinayət deyildi: “Ondan sonra ardıcıllıqla əgər getsək, cinayət dırnaqarası “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin Azərbaycan ərazisində yaradılması idi. Ondan əvvəlki cinayət ermənilərin çar Rusiyası tərəfindən Azərbaycan ərazisinə köçürülməsi idi. Ondan əvvəlki cinayət Qarabağ xanının öldürülməsi idi, hansı ki, zəmanət verilmişdi ki, o, öz rəhbərliyini Qarabağda icra edəcək və XX əsrin digər cinayətləri də göz önündədir. Xocalı soyqırımı, 20 Yanvar və torpaqlarımızın 1990-cı illərin əvvəllərində işğalı. Yəni, biz bunu unutmamışıq, Azərbaycan xalqı bunu unutmayıb. Biz Zəngəzuru unutmamışıq və unutmayacağıq. Yenə də deyirəm, bizim Ermənistana ərazi iddiamız yoxdur. Ancaq Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək Azərbaycandan Azərbaycana maneəsiz keçid verməlidir”.

İttifaq MİRZƏBƏYLİ 

 

Seçilən
1
11
xalqqazeti.az

10Mənbələr