AZ

Berdiyevdən narazı qaldı, rəhbərliyə “getmək istəyirəm” söylədi

Gənclər yığmasının hücumçusu Sadiq Şəfiyev «Turan Tovuz» rəhbərliyinə müraciət edib.

2005-ci il təvəllüdlü forvard buradan ayrılmaq niyyətində olduğunu bildirib.

Əyalət klubunda ikinci mövsümünü keçirən Şəfiyev oyun praktikasının azlığından şikayətlənib.

Kurban Berdiyevin ona kifayət qədər şans vermədiyini söyləyən Sadiq qeyd edib ki, Orxan Əliyev və Jo Batistanın gəlişindən sonra ümumiyyətlə, meydana çıxacağına inanmır.

«Qəbələ»nin yetirməsi oynaya biləcəyi komandaya getməyi düşündüyünü açıqlayıb. «Kəpəz» və «Səbail»dən təkliflər aldığını deyib.

Bu arada «Turan Tovuz»dan yeni ilin ilk ayrılıq xəbəri gəlib.

Qərb klubu mövsümlərarası fasilədə sıralarına qatdığı və 2 illik müqavilə bağladığı İbrahim Ramazanovla müvəqqəti vidalaşıb.

Premyer Liqa təmsilçisi 20 yaşlı müdafiəçini «Qəbələ»yə 5 aylıq icarəyə verib.

Ramazanov elə «qırmızı-qaralar»ın öz yetirməsidir. «Qəbələ»nin akademiyasında «futbola göz açan» gənc ötən mövsüm Premyer Liqanın son 4 turunda forma şansı qazanıb.

O, müqaviləsinin başa çatmasını əsas gətirərək, I Liqaya yuvarlanan komandada qalmaq istəməyib.

«Qarabağ»a baxışa yollanan arxa xətt oyunçusu daha sonra «Turan Tovuz»un düşərgəsinə üz tutub.

Di gəl, Kurban Berdiyev ötən müddətdə gənclər yığmasının üzvünə etimad göstərməyib. İbrahim vaxtını əvəzedici heyətin sıralarında keçirib.

SPORTİNFO.AZ

Seçilən
4
31
sportinfo.az

10Mənbələr