Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Abduləzimova Macarıstan çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, blokçumuzun formasını geyindiyi "Vasas Obuda" 15-ci turda "Fatum" klubu qəbul edib.
İlkin mərhələnin son matçı voleybolçumuzun komandası üçün uğurlu alınıb. İlk setdən təşəbbüsü ələ alan meydan sahibləri üstünlüyü sonadək qoruyublar. Ayşən və rəfiqələri 3 hissə davam edən qarşılaşmada quru hesablı qələbəni bayram ediblər - 3:0 (25:20, 25:20, 25:17)
Komandasının çətinlik çəkmədiyi görüşdə yığmamızın və "Vasas Obuda"nın kapitanı 9 dəfə fərqlənib. Abduləzimova bu xallardan 6-nı hücumda, 3-nü isə blokda qazanıb.
Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 44-ə çatdıran "Vasas Obuda" çempionatın ilkin mərhələsini naməğlub olaraq vahid lider kimi başa vurur.