AZ

Ankara Bəyannaməsində Şərqi Zəngəzur diqqət çəkib » AzadMedia.az


Ankara, Bakı və Daşkənd qarşılıqlı etimad və hörmət prinsipinə əsaslanan sıx strateji tərəfdaşlıq və əməkdaşlığın inkişafı istiqamətində növbəti addımların atılmasında qətiyyətlidir.

Bu barədə yanvarın 29-da Ankarada Türkiyə, Azərbaycan və Özbəkistanın xarici işlər, ticarət və nəqliyyat nazirlərinin üçtərəfli görüşünün nəticələrinə dair qəbul edilmiş Ankara Bəyannaməsinin mətnində qeyd olunur.

Nazirlər Türkiyə, Azərbaycan və Özbəkistanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığını, beynəlxalq hüquq norma və prinsiplərinin və BMT Nizamnaməsinin sarsılmazlığını dəstəkləməyə hazır olduqlarını xüsusi vurğulayıblar.

Üç ölkənin nümayəndələri ticarət, investisiya, sənaye, energetika, nəqliyyat, logistika, rəqəmsallaşma və rabitə sahələrində birgə layihələrin təşviqinə və icrasına hazır olduqlarını bəyan ediblər.

Bəyannamədə Türkiyə, Azərbaycan və Özbəkistanın tranzit potensialının artmasında mühüm rol oynayan Orta Dəhliz mövzusuna xüsusi diqqət ayrılıb.

Türkiyə, Azərbaycan və Özbəkistanın “böyük tranzit potensialının” üzə çıxarılması baxımından əhəmiyyətli olan “TRACECA” (Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi) proqramı çərçivəsində tərəfdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb.

Ankara Bəyannaməsində üç ölkənin regional və beynəlxalq müstəvidə əməkdaşlığının ümumi maraq və prioritetlərə uyğun şəkildə daha da möhkəmləndirilməsinin əhəmiyyəti, həmçinin Ankara, Bakı və Daşkəndin suverenliyinə və ərazi bütövlüyünə zərər vurmaq cəhdlərinin qarşısının alınması istiqamətində bu üç ölkənin birgə addım atmaq əzmini dəstəkləmək qeyd olunub.

Orta Dəhlizin potensialının və rəqabət qabiliyyətinin artırılmasına töhfə verəcək yeni layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Bununla bağlı Bakı-Tbilisi-Ceyhan dəmir yolları və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi layihələrin daha da inkişaf etdirilməsinə tam dəstək bəyan edilib.

Nəqliyyat sahəsində əməkdaşlığın dərinləşdirilməsi, regional əlaqələrin və nəqliyyat sistemlərinin dayanıqlığının gücləndirilməsinə yönəlmiş Fəaliyyət Planının qəbul edilməsindən məmnunluq ifadə olunub.

Ankara Bəyannaməsində Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası mövzusuna ayrıca diqqət ayrılıb.

Ölkəmizin işğaldan azad edilmiş ərazilərinə insanların təhlükəsiz və layiqli qayıdışını təmin edəcək səylərin əhəmiyyəti qeyd olunub. Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən investisiya layihələrinə xüsusi diqqət yetirildiyi vurğulanıb.

Azərbaycanda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) nəticələrindən məmnunluq ifadə olunub.
Seçilən
3
48
azadmedia.az

10Mənbələr