AZ

XİN-in qovduğu diplomat danışdı: Dava yorğan davasıdır

Xəbər verdiyimiz kimi, Yunanıstan səfirliyinin birinci katibi olan Rəhman Şahhüseynli 2024-cü ilin sentyabrında geri çağırılıb və “diplomatik xidmət orqanlarının əməkdaşına uyğun olmayan əməllər törətdiyi” üçün diplomatik fəaliyyətinə xitam verilib.

Rəhman Hüseynli Axar.az-ın redaksiyasına məktubla müraciət edərək, öz mövqeyini təqdim edib.

O bildirib ki, saytımızda gedən materialda həqiqət təhrif olunub:

“Səfir Arif Məmmədovla aramızda ən kiçik mübahisə belə olmamışdır! Daim qarşılıqlı hörmət və işgüzar münasibət içində dövlətimiz üçün birgə çalışmışıq. Yerdə qalanlar isə artıq xırda, mənasız detallardır.

Bilənlər bilir, bilməyənlər üçün yazım ki, bütün məsələlərin kökündə bu balaca, dəcəl bala (övladını nəzərdə tutur – red.) dayanır. Necə deyərlər, “dava, yorğan davasıdır”.

Yoldaşımdan rəsmi ayrıldıqdan sonra bu balaca “atamla yaşamaq istəyirəm” deyə gəlib qayıtmırdı. Hər dəfəsində birtəhər yola gətirib geri göndərirdim.

Sonuncu dəfə 2021-ci ildə gəldi ki, mən heç vaxt qayıtmayacam. Gəlişinin bədəlini ata ödəməlı oldu. Oğulun dirəşib qayıtmaması ataya “inzibati xəta” hesab olundu. Buna görə işdən tənbeh aldım. Dolayısıyla övladıma sahib çıxdığıma görə aldığım bu tənbehi iş həyatım boyuca aldığım tək və yeganə tənbeh olmaqla, ən şərəfli “töhmət” hesab edirəm.

O vaxtdan bəri illərdir ki, keçmiş qohumlar (keçmiş həyat yoldaşı və qohumları – red.) XİN-ə və digər qurumlara dayanmadan yazır, işimi, karyeramı hədəf alırdılar. Uşaqla bağlı məsələlərdən məsul olan bəzi şər qüvvələr və işdəki qısqanclar da keçmiş qohumlara qoşulub, şər-böhtan və “danos yarışına” girincə, XİN-ə çağırıldım, izahatımı yazdım və rəhbərliyin istənilən qərarına hörmətlə yanaşacağımı bildirdim. Rəhbərlik də öz növbəsində dövlət qurumunun nüfuzuna yersiz xələl gəlməməsi üçün müvafiq qərarını verdi. Hörmətlə yanaşmaq lazımdır.

Tam o ərəfədə, ötən ilin sentyabrında məhkəmə qətnaməsi ilə uşaq mənim himayəmə verildi. Beləcə, daha böyük vəzifəyə layiq görülmüş oldum –atalıq vəzifəsinə!

Allah bütün balaları qorusun. Hər şey balalara qurban!”

Qeyd edək ki, R.Şahhüseynli 2021-ci ildə töhmət almasının səbəbini övladı ilə bağlayır.

O ki qaldı onun qalmaqalla diplomatik xidmətdən uzaqlaşmasına: mediada Rəhman Hüseynlinin səfir Arif Məmmədov və ikinci katib tərəfindən zorakılığa məruz qaldığı, yəni döyüldüyü, daha sonra Bakıya göndərildiyi və işdən və xidmətdən kənarlaşdırıldığı barədə məlumat yayılmışdı. Xarici İşlər Nazirliyi yayılan məlumata aydınlıq gətirərək, onun bu vəzifədə çalışdığı müddətdə diplomatik xidmətə zidd olan bir sıra əməlləri ilə bağlı Xarici İşlər Nazirliyinə daxil olan məlumat əsasında XİN tərəfindən müvafiq xidməti araşdırma aparıldığını bildirdi.

“Bir neçə ay ərzində Rəhman Şahhüseynlidən və digər şəxslərdən izahat alınmaqla aparılmış araşdırma zamanı məlum olub ki, R.Şahhüseynli diplomatik xidmət orqanlarının əməkdaşına uyğun olmayan əməllər törədib. Bununla yanaşı, R.Şahhüseynlinin şikayətində qeyd etdiyi kimi, onun səfir və digər bir əməkdaş tərəfindən fiziki təzyiqə məruz qaldığı barədə iddialar həqiqəti əks etdirmir”, - XİN-in açıqlamasında vurğulanır.

Yəni Rəhman Şahhüseynlinin fiziki təzyiqə məruz qalması barədə mediada yayılan məlumat onun öz şikayətində əks olunub və XİN bu “fiziki təzyiq iddialarının” təsdiqlənmədiyini rəsmən elan edib.

“Aparılmış araşdırma və sübut edilmiş faktlar əsasında sözügedən əməkdaş 2024-cü ilin sentyabr ayında səfirlikdən geri çağırılıb və diplomatik xidmətdə fəaliyyətinə xitam verilib. Ümumilikdə, qeyd edilən keçmiş əməkdaşın XİN-in Mərkəzi Aparatında çalışdığı müddətdə də bəzi xətalara yol verdiyi, bunun nəticəsində ona 2021-ci ilin noyabr ayında töhmət verildiyi məlumdur”, - bu da XİN-in rəsmi açıqlamasıdır.

Seçilən
2
4
axar.az

10Mənbələr