AZ

Türkiyə ilə hərbi pakt işə düşə bilər - “Mehri dəhliz elan edilsin”

Gözlənilən baş verdi, Avropa İttifaqı (Aİ) Ermənistanda xüsusi monitorinq missiyasının vaxtını daha iki il uzatdı. Bu, Azərbaycanın dövlət təhlükəsizlyinə aşkar təhdiddir, çünki söhbət monitorinq adı altında çoxfunksiyalı gedişləri nəzərdə tutur. Bu dəfə daha geniş formada.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, əgər son iki ildə Aİ missiyası kəşfiyyatçılıqla məşğul idisə, indi Rusiya və İranın susqunluğundan istifadə edən Qərbdəki mərkəzlər qarşıdakı iki ildə öz səlahiyyətlərini genişləndirməyi planlaşdırırlar:

“Bu dəfə söhbət tamhüquqlu hərbi nümayəndəlikdən gedə bilər. Daha bir məsələyə diqqət etməliyik. Təkcə Azərbaycanla şərti sərhədlər yox, həmçinin Ermənistanın İran və Türkiyə ilə sərhədləri də bura daxildir.

Məlumata görə, avropalılar hərbi nəqliyyatdan tutmuş silahlara qədər lazımi vasitələrlə təchiz olunacaqlar. Bura yanvarda ABŞ və Ermənistan arasında imzalanmış strateji tərəfdaşlıq sənədində yer alan hərbi təhlükəsizliklə bağlı komponentləri və ötən ilin aprelində ABŞ, Ermənistan və Aİ arasında imzalanan sənədi də əlavə etsək, “Həyəcan” siqnalının çalınması mütləqdir.

Afrikada uğursuzluğa düçar olan Fransa, dünyada geosiyasi mövqelərini daha da genişləndirən ABŞ bu dəfə Cənubi Qafqazda addım-addım starteji məqsədlərinə çatmağı hədəfləyirlər.

İran və Rusiyanın məlum hadisələrlə bağlı susqunluğu Azərbaycan-Türkiyə hərbi-təhlükəsizlik paktını (Şuşa Bəyannaməsi) aktivləşdirə bilər. Qrenlandiya, Panama və Kanadaya iddiası olanlar, Yeni Kaledoniya və Afrikada neokolonializm siyasətini davam etdirənlər Qərbi Zəngəzurla bağlı mövzunun Azərbaycan üçün həssas olmasını anlamalıdırlar. Hətta bu məsələni kənara qoysaq, qonşusunun torpaqlarını illərlə işğalda saxlayan və ona hələ də ərazi iddiası olan bir dövlətin sərhədləri və ordusuna təminat vermək Azərbaycan üçün böyük çağırışdır.

Əgər sabah ölkəmizə qarşı hərbi koalisiya formalaşarsa, nə baş verəcək?”.

Zaur Məmmədov hesab edir ki, bütün bunlardan sonra qərar vaxtıdır:

“Digər regional dövlətlər qərar verməyəcəkləri təqdirdə, mövqe nümayiş etdirmiş olacaqlar. Ermənistan baş naziri “yazıq” obrazında məkrli planlarını həyata keçirmək niyyətindədir.

Baş verənlərə göz yumulması bir halda mümkündür - Mehri şəhəri dəhliz elan edilir və Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında heç bir maneə olmur. Əgər Nikol Paşinyan 40 kilometrlik hissəni (Mehri) faktiki olaraq Azərbaycanın himayəsinə verərsə, ən azı 9 000 kvadrat kilometrlik ərazini qoruya bilər. Qərbin özü Zəngəzur dəhlizini açmağa vadar olunacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
8
50
teleqraf.com

10Mənbələr