AZ

Son 15 ilin nəqliyyat layihələrinin səmərəsi gündəmə gətirildi...

Image

Xalid Kərimli: "... Bakı şəhərində həyata keçirilən yol-infrastruktur layihələri olmasaydı, indi şəhərdə hərəkət etmək mümkün olmazdı"

Prezident yol nəqliyyat infrastruktur layihələrinə həsr edilmiş müşavirədə deyib ki, biz nəqliyyat məsələlərini həmişə diqqət mərkəzində saxlamışıq və son 15 il ərzində Bakı şəhərində bir çox böyük layihələr icra edildi, yeni metro stansiyaları istifadəyə verildi, yol qovşaqları, tunellər, körpülər inşa edildi, yeni yollar salındı.

Son illər reallaşdırılan yol infrastruktur layihələri nə qədər effektiv olub? Yəni işin keyfiyyəti, səmərəliliyi baxımından tıxcların aradan qaldırılmasına nə qədər nail olunub?

Görünən odur ki, tıxaclar hələ də mütəmadi xarakter daşıyır. Şəhərin yükü həddən artıq sürətlə çoxalıb, yoxsa reallaşan layihələr səmərəsizdir?

Baki-xeber.com saytına məsələ ilə bağlı açıqlama verən iqtisadçı Xalid Kərimli bildirdi ki, həyata keçirilən infrastruktur layihələri çox uğurlu olub: "Məsələn, beynəlxalq layihələrdən Cənub Qaz Dəhlizi layihəsi çox uğurludur. Hətta bu kəmərin genişləndirilməsi ilə bağlı Avropa Komissiyası ilə memorandum imzalandı. Lakin Avropa İttifaqı üzərinə öhdəlik götürmədi və maliyyə ayırmadı, buna görə proses ləngiyir. Bakı-Tiflis-Ceyhan layihəsi həyata keçirilib ki, bu olmasaydı ölkə bu qədər inkişaf edə bilməzdi. Bakı-Tiflis-Qars dəmiryolu layihəsi reallaşdırılıb, amma tam gücü ilə işləmir. Ötən il müəyyən tamamlanma işləri aparılsa da, hələ ki, bu dəmir yolu ilə bir nəfər belə sərnişin səfər etməyib.  Düzdür, son beş ildə quru sərhədləri bağlı olub, amma hər halda bu bir göstəricidir.
 Yol layihələrinə gəlincə, Bakı şəhərində həyata keçirilən yol-infrastruktur layihələri olmasaydı, indi şəhərdə hərəkət etmək mümkün olmazdı. Pis-yaxşı, paytaxtda həyata keçirilən layihələr hesabına şəhər sakinləri tıxaclarla olsa da hərəkət edə bilirlər. Amma uğursuz layihələr də var. Məsələn, mən hələ də başa düşə bilmirəm ki, Füzulidə, Zəngilanda və Laçinda aeroportlar hansı tələbata görə tikilib. Hələ Xocalı aeraportu da mövcuddur. Çox kiçik bir ərazidə 4 aeroporta nə ehtiyac var? Bu sual cavabsız olaraq qalır. Bu aeroportların tam gücü ilə işləməsi bəlkə də 30-50 ildən sonra mümkün olacaq. Bunların tikintisini həmin dövrə də saxlamaq olardı, indidən tikilib köhnəlir, dağılır, saxlanmasına xərc çəkilir və s.
 Ələt limanının yükaşırma qabiliyyəti 15 milyon ton idi. 2023-cü ildə keçirilən müsavirədə məsələ qaldırıldı ki, onun yükaşırma qabiliyyəti 25 milyon tona çatdırılmalıdır. Hazırda bu istiqamətdə işlər davam edir, bu göstərici 25 milyon tondan da çox olacaq.

Tıxaclara gəldikdə, indiyə qədər reallaşdırılan layihələr olmasaydı, Bakıda vəziyyət daha pis olardı. Tıxaclarla yaşamaqda hələ uzun müddət, yəqin ki, davam edəcəyik. Hazırda yeni metro, tramvay, dəmir yolu və quru yollarının çəklişindən danışılır. Bütün bunlar tikiləndən sonra da Bakıda tıxacların olması gözləniləndir. Çünki Bakıya axın hələ də çoxdur, bu region ölkədə cəlbediciliyini hələ də qoruyub saxlayır. Bu problemi yalnız yol-infrastruktur layihələri ilə həll etmək mümkün deyil. Bu problemi tam həll etmək üçün yol-infrastruktur layihələri ilə yanaşı, ölkədəki iqtisadi disbalans da aradan qaldırılmalıdır. 

Məsələn, Pirşağı ilə Dərnəgül yolu birləşdirilib, çox səmərəli bir layihədir. Bu yol insanların rahat hərəkətini təmin edir. Bu yol ətrafda olan Pirşağı, Mehdiabad, Zabrat, Fatmayı, Goradil, Nardaran və Bilgəh qəsəbələrində yaşayan sakinlarin rahat hərəkətini təmin edir.

Əslində həyata keçirilən infrastruktur layihələrin böyük əksəriyyəti uğurludur. Sadəcə olaraq şəhərin yükü sürətlə artır, ona görə də biz tıxacların azalmasını hiss etmirik. O layihələr olmasaydı vəziyyət indi çox bərbad olardı.

Şəhərin planlaşdırılmasında da ciddi problemlər var. Hər şey bir mərkəzdə toplaşıb. Amma biz sahibkara da deyə bilmərik ki, sən şəhərin mərkəzində deyil, kənarda ofis kirayələ. Bunu sahibkar özü müəyyənləşdirir. Şəhərin mərkəzində ofislər çox olduğundan və hamı buranı seçdiyindən, sahibkar da istəyir ki, müştərisinə və digər köməkçi sahələrə daha yaxın olsun. Yəni hamı mərkəzə can atır. Bunu aradan qaldırmaq üçün şəhərin bir neçə yeni mərkəzi yaradılmalıdır. Ənənəvi mərkəz isə öz aktuallığını azaltmalıdır.  Layihələr də mərkəzin yükünün azaldılmasına yönəldilib.

Son illər 6-7 aeroport ya tikilib, ya da yenidən qurulub. Amma buna baxmayaraq Bakıda cəmi 3 yeni metro stansiyası tikilib. Onları da çox şəmərəsiz məkanda tikiblər, sərnişin axını çox zəifdir. Hazırda metro şəbəkəsinin artırılmasına çox böyük ehtiyac var. Bu gün bütün metro 60-cı illərin əvvələrində tikilən bir xəttin üzərində oturub. Həzi Aslanovdan gələn metro xətti iki qola paylanır. Yəni bütün metro şəbəkəmiz yalnız bundan ibarətdir. Yeraltı nəqliyyat inftastrukturunun inkişaf etdirilməsi tıxacların aradan qaldırılmasına çox böyük təsir edə bilər. Əsas diqqət bu istiqamətə yönəldilməlidir.

Yerüstü layihələrin isə əksəriyyəti səmərəlidir. Məsələn, Ziya Bünyadov və Heydər Əliyev prospekti genişlənib, Sumqayıt yolu bərpa edilib, Qubaya alternativ yol çəkilib və s. - binlar hamısı uğurlu layihələrdir. Bu layihələrdə ola bilsin ki, korrupsiya elementləri var, bu artıq başqa mövzudur. Amma layihələr səmərəlidir".

Dəniz NƏSİRLİ





Seçilən
13
50
baki-xeber.com

10Mənbələr