Bakı, 30 yanvar, AZƏRTAC
Azərbaycanın 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası, İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyasında kadr potensialının artırılması ilə bağlı tədbirlər nəzərdə tutulub. Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi tərəfindən bu prosesə uğurlu dəstəyin həyata keçirilməsi işləri davam etdirilir.
AZƏRTAC xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin (AKM) dördüncü “Məzun Günü”ndə çıxışı zamanı deyib.
“Belə ki, mərkəz kibertəhlükəsizlik üzrə peşəkar mütəxəssislərin və təlimçilərin yetişdirilməsi ilə yanaşı, ekosistemlə qarşılıqlı əlaqəni gücləndirir, şirkət və qurumların prosesə cəlbini təşviq edir, bacarıqların real mühitdə sınanmasına imkan yaradan hakaton və yarışlar təşkil edir, həmçinin yerli kibertəhlükəsizlik məhsullarının inkişafını dəstəkləyərək sahənin dayanıqlı inkişafına töhfə verir. Bu gün 4-cü təlim proqramı çərçivəsində AKM-in 100 tələbəsinin məzun gününə toplaşmışıq. 3 təlim proqramı çərçivəsində 180 tələbəmiz məzun olub və onların 76 faizi hazırda işlə təmin olunub”, - deyə Fərid Osmanov vurğulayıb.