ABŞ-nin yeni prezidenti Donald Tramp Rusiyanın Ukraynaya qarşı müharibəsini 24 saat ərzində dayandırmaq vədindən vaz keçib. Lakin onun xüsusi nümayəndəsi Keyt Kelloqa 100 gün ərzində həll yolu tapmaq tapşırığını verməsi bu müharibənin daha bir dondurulmuş münaqişəyə çevrilməsi ehtimalını xeyli artırır.
“AzPolitika” xəbər verir ki, “The Times”-da nəşr edilən məqalədə belə deyilir.
Nəşr qeyd edir ki, dondurulmuş münaqişələrin tarixi heç də xoşbəxt tarix deyil və belədə silahlı münaqişələrin yenidən başlanması təhlükəsi həmişə aktual olaraq qalır.
Sent-Endryus Universitetinin strateji tədqiqatlar professoru Filip O'Brayn nəşrə deyib ki, səbirsizliyi ilə tanınan Tramp Ukraynada müharibəyə son qoymaq üçün özünün “danışıqlar aparmağı bacaran şəxs” reputasiyasına stavka edir: "Ukrayna əslində, Trampın vecinə deyil. O, sadəcə döyüşləri dayandırdığına görə etimad krediti qazanmaq, özünü sülhməramlı elan etmək və “evinə dönmək” istəyir".
Mütəxəssis hesab edir ki, Trampın Rusiyaya qarşı təhdidləri inandırıcı deyil. O, əlavə edib ki, Amerika Prezidenti Ukrayna üçün heç bir təhlükəsizlik zəmanəti təklif etməyib və özünü təhlükəsizlik qarantı yox, vasitəçi kimi göstərir.
Yazıda qeyd olunur ki, müasir dövrdə dondurulmuş münaqişənin ən məşhur nümunəsi Koreya müharibəsidir. Koreya yarımadası cəbhə xətti boyunca bölünüb. Şimali və Cənubi Koreya hələ də sülh müqaviləsi olmadığı üçün texniki cəhətdən müharibə vəziyyətindədir. Bu barışıq üçün xarici təsirlər həlledici rol oynayıb. Lakin Koreya Müharibəsində atəşkəs əldə olunması üçün Birləşmiş Millətlər Təşkilatının bayrağı altında minlərlə xarici əsgər iştirak edib. Daha sonra onları Amerika qüvvələri əvəz edib. Tramp isə artıq açıq şəkildə bəyan edib ki, Ukraynada atəşkəs sülhməramlıların müdaxiləsini tələb edərsə, bu məsələ ilə ABŞ, hətta NATO yox, Avropa məşğul olmalıdır. Bu da Kiyev üçün mənfi mənada Koreya və Ukrayna müharibələrini fərqləndirir.
Məqalə müəllifləri qeyd edirlər ki, Avropa liderləri Trampın prezidentliyinin Ukrayna üçün nə demək olduğunu gec dərk etməyə başlayırlar.