AZ

Milli Məclisin deputatı Xanlar Fətiyev: “Bakıda nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı tezliklə mühüm uğurların şahidi olacağıq”

Azərbaycanın inkişafını göstərən ən mühüm amillərdən biri də yol-nəqliyyat sistemində baş verən keyfiyyət dəyişiklikləridir. Bu sahədə görülən işlərin nəticəsi olaraq respublikamızda həm avtomobil yollarını, həmi dəmir yollarını, həm də hava nəqliyyatını əhatə etməklə olduqca mükəmməl və müasir standartlara cavab verən yol-nəqliyyat infrastrukturu yaradılıb.

Yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunan müşavirədə cənab Prezident İlham Əliyevin diqqətə çatdırdığı məsələlər, səsləndirdiyi fakt və rəqəmlər göstərdi ki, respublikamızda nəqliyyat sahəsində nə qədər əhatəli işlər və böyük uğurlar əldə edilib. Son 20 il ərzində Azərbaycanda 21 min kilometr avtomobil yolunun inşası və təmir edilməsi, 1500 kilometrdən çox dəmir yolunun, 335 körpü və yol ötürücüsünün, 45 tunel, 163 yerüstü və yeraltı keçidin tikintisi göstərir ki, yol-nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi xüsusi diqqət mərkəzində saxlanılıb. O cümlədən Bakı, Naxçıvan, Gəncə və Lənkəran hava limanları yenidən qurulub, Qəbələ, Zaqatala, Füzuli və Zəngilanda beynəlxalq hava limanları inşa edilib.

Məlum olduğu kimi hazırda Avrasiyada beynəlxalq yükdaşımaları sahəsində böyük rəqabət var. Ölkəmiz isə yol-nəqliyyat infrastrukturunun inkişafı və müasir standartlara uyğunlaşdırılması sahəsində yuxarıda qeyd olunan uğurlara nail olmaqla, habelə Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsini həyata keçirməklə həm də Cənubi Qafqazın nəqliyyat qovşağına çevrilib. Bütün bunlar bir daha cənab Prezident İlham Əliyevin uzaqgörənliyindən, dünyada gedən prosesləri zamanında və düzgün qiymətləndirməsindən xəbər verir. Çin dövləti də irəli sürdüyü “Bir Kəmər və Bir Yol” təşəbbüsü çərçivəsində Azərbaycandan keçən Orta Dəhlizin potensialını yüksək qiymətləndirir. Zəngəzur dəhlizinin reallaşması isə Orta Dəhlizin imkanlarını daha da artıracaq.

Respublikamızda yol-nəqliyyat infrastrukturunun inkişafı yalnız respublika və beynəlxalq əhəmiyyətli deyil, həm də yerli və kəndlərarası yolları da əhatə edir. İndiyədək icra edirlmiş regionların sosial-iqtisadi inkişafına dair bütün dövlət proqramlarında yerli yolların yenidən qurulması diqqət mərkəzində saxlanılıb. Böyük məmnunluqla qeyd edilməlidir ki, cənab Prezident İlham Əliyev rayonlara səfərdən sonra yerlərdə yeni yolların çəkilişi ilə bağlı sərəncamlar imzalayıb və bu məqsədlə Prezidentin Ehtiyat Fondundan vəsait ayrılıb. Bu istiqamətdə həyata keçirilmiş işlərin statistikasına nəzər salanda görürük ki, 2003-cü ildən indiyədək respublikamızda çəkilən və yenidən qurulan təkcə kəndlərarası yolların uzunluğu 5.1 min km-dən çoxdur. Hətta tarix boyu avtomobil yolunun olmadığı yerlərdə yollar çəkilib.

Yol həm də inkişaf deməkdir. Təsadüfi deyil ki, ölkəmizdə yol-nəqliyyat infrastrukturunda baş verən keyfiyyət dəyişiklikləri, yeni avtomobil yollarının salınması regionların iqtisadi potensialının hərəkətə gətirilməsinə, turizmin inkişafına böyük töhfələr verib.

O da məlumdur ki, Azərbaycanın inkişafı, bunun nəticəsi kimi avtomobillərin sayının artması həm də yollarımızın, xüsusən paytaxt Bakının yol infrastrukturunun həddən artıq yüklənməsinə səbəb olub. Bir sıra yollarda yalnız pik saatlarında deyil, bütün gün ərzində yaranan tıxaclar əlbəttə ki, çətinliklərə yol açır. Düzdür, indiyədək Bakıda yol-nəqliyyat infastrukturunun inkişafı istiqamətində mühüm işlər görülüb. Xüsusən Prezident İlham Əliyevin 2006-cı ildə təsdiq etdiyi "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı"na əsasən Bakıda nəqliyyat problemlərinin həlli, yolların buraxılış qabiliyyətinin artırılması, xüsusilə pik saatlarında şəhərin gündəlik həyat ahənginə mənfi təsir göstərən tıxacların aradan qaldırılması, ümumilikdə paytaxtın nəqliyyat sisteminin inkişafının və səmərəli işinin təşkil edilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilib, yeni müasir yolları və yol qurğuları, körpülər, yeraltı və yerüstü keçidlər tikilib. O cümlədən ictimai nəqliyyat sisteminin inkişafı diqqət mərkəzində saxlanılıb, 2008-ci ildən bəri metronun yeddi yeni stansiyası inşa edilib, avtobusların və taksilərin fəaliyyəti ilə bağlı müasir standartlara cavab verən təkmilləşmə işləri aparılıb. Əgər indiyədək bu işlər görülməsəydi Bakı şəhərində nəqliyyatın hərəkəti tamamilə iflic vəziyyətinə düşərdi.
Lakin həyat bir yerdə durmayaraq inkişaf edir, avtomobillərin, o cümlədən paytaxt əhalisinin sayı da artır. Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə qeyd olunduğu kimi indi gün ərzində 630 mindən çox sərnişin-vətəndaş Bakı şəhərinin mərkəzinə doğru yönəlir. Həmin vətəndaşlar təxminən 300 min avtomobillə şəhərin mərkəzinə doğru hərəkət edirlər. Xüsusən də Sumqayıt-Xırdalan istiqaməti burada böyük paya malikdir. Bütün bunlar paytaxtın yol-nəqliyyat sisteminin daha da təkmilləşdirilməsini zəruri edir.

Bu məqsədlə yeni proqramm qəbul ediləcək. Prezident İlham Əliyevin qeyd etdiyi kimi bu, çox böyük, maliyyə tutumlu, bütün aidiyyəti qurumların birgə fəaliyyətini və səmərəli işlərini tələb edən proqram olacaq. Proqram üç əsas məqsədi qarşıya qoyub. Bunlar daha sürətli, daha təhlükəsiz və daha ekoloji mobillik imkanlarının yaradılmasıdır.

Müşavirədə qeyd edildiyi kimi nəqliyyat sahəsindəki problemləri aradan qaldırmaq üçün Bakıda 9 avtomobil yolu layihəsinin həyata keçirilməsi, yeni 10 metro stansiyasının tikintisi, dəmir yolunun xidmətlərinin genişləndirilməsi və digər vəzifələr nəzərdə tutulur.

Hər bir dövlətin iqtisadi potensialı, gücü və qüdrəti həm də onun malik olduğu yol-nəqliyyat sisteminin səviyyəsi ilə ölçülür. Bu isə yol infrastrukturunun yalnız müasir standartlara cavab verməsini deyil, həm də onun mobilliyini və çevikliyini tələb edir. Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə bu məsələlər geniş müzakirə olundu. Problemlər qeyd edilməklə, həm də onların həlli ilə bağlı görüləcək işlər, qəbul ediləcək proqramda qarşıya qoyulan vəzifələr ictimaiyyətə bəyan edildi. Göründüyü ki, nəqliyyat problemlərinin həlli ilə bağlı aidiyyatı qurumların təkmil və dəqiqləşdirilmiş fəaliyyət proqramı var. Bu da onu göstərir ki, Bakı şəhərində nəqliyyat problemlərinin aradan qaldırılması ilə bağlı qısa müddətdə böyük uğurlar əldə ediləcək.

Ümumilikdə isə bu müşavirənin keçirilməsi bir daha göstərdi ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində məhz Azərbaycan vətəndaşı dayanır. Çünki yollarımızın mobillik standartlarına yüksək səviyyədə cavab verməsi həm də sosial məsələ olmaqla vətəndaşların məmnuniyyətinə və rifahına xidmət edir.

Seçilən
9
2
sabahinfo.az

10Mənbələr