Ermənistan Daxili İşlər Nazirliyi (DİN) hava limanlarının giriş və çıxışlarında müşahidə kameraları quraşdırmalıdır.
“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə "Mülki müqavilə" partiyasından olan deputat Hayk Sarkisyanın hökumətə təqdim etdiyi "Polis haqqında" qanuna dəyişikliklər paketində qeyd olunub.
Həmçinin polisin hava limanlarının təhlükəsizlik xidmətlərinin mövcud müşahidə kameralarına və quru sərhəd-keçid məntəqələrindəki güc strukturlarının kameralarına çıxışının təmin edilməsi təklif olunur.
Qeyd olunur ki, bu məlumatlar dövlət və qeyri-dövlət təşkilatlarına ödənişli əsaslarla (qanunla qadağan edilməyən hallarda) təqdim edilə bilər. Lakin bunun hansı hallarda mümkün olduğu dəqiqləşdirilmir.
Ümumilikdə qanun layihəsi ilə bağlı müsbət rəy verilsə də, polisin Milli Təhlükəsizlik Xidmətinin müşahidə kameralarına çıxışının məhdudlaşdırılması təklif olunur. Layihə bu rəylə parlamentin müzakirəsinə təqdim ediləcək.