AZ

Putin “qeyri-legitim” Zelenski ilə danışıqlara getməyəcəyini deyir

Rusiya prezidenti Vladimir Putin "qeyri-legitim " adlandırdığı Ukrayna prezidenti Volodimir Zelenski ilə birbaşa sülh danışıqlarını yenidən istisna edib. Bunun ardınca Ukrayna lideri Putini demək olar ki, 3 ildir davam edən müharibənin nizamlanmasına dair danışıqlardan "qorxmaqda" günahlandırıb.

“İstənilən şəxslə danışıqlar apara bilərsiniz, lakin onun qeyri-legitimliyinə görə onun (Zelenskinin) heç nəyi imzalamağa haqqı yoxdur” Putin yanvarın 28-də Rossiya 1 televiziyasına müsahibəsində deyib.

O, əlavə edib ki, üz-üzə birbaşa danışıqlar aparmaq əvəzinə, əgər Zelenski orada olarsa, danışıqlarda "iştirak etmək üçün adamlar ayıracaq".

Putin bir neçə dəfə Zelenskini legitim lider hesab etmədiyini bildirib. Belə ki, Zelenskinin 5 illik prezidentlik müddəti keçən il mayın 20-də başa çatmalı idi.

Seçki 2024-cü il martın 31-də keçirilməli idi, lakin Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsi səbəbindən ölkədə hələ də hərbi vəziyyət hökm sürdüyü üçün təxirə salınmışdı.

Konstitusiyaya əsasən, yeni dövlət başçısı seçilənə qədər öz vəzifələrini yerinə yetirməyə davam etməli olan Zelenski Putinin iddialarına cavab verərək, döyüşləri dayandırmaq üçün danışıqlara əngəl törədənin Rusiya lideri olduğunu söyləyib.

"Bu gün Putin bir daha təsdiqlədi ki, o, danışıqlardan qorxur, güclü liderlərdən qorxur və müharibəni uzatmaq üçün əlindən gələni edir", Zelenski sosial mediada yazıb.

“İndi biz görürük ki, həqiqi sülhə nail olmaq imkanı var, ancaq Putin əlindən gələni edir ki, ya sülh əvəzinə tam miqyasda öldürməyə davam etsin, ya da hibrid zərbələr endirərək ölkəyə qarşı yeni genişmiqyaslı hərbi müdaxiləyə hazırlaşmaq üçün fasilə əldə etsin".

Rusiya 2022-ci ilin fevralında genişmiqyaslı hərbi müdaxiləyə başlayandan bəri Ukraynada hərbi vəziyyət hökm sürür və müharibə vəziyyətində seçkilərin keçirilməsi üçün qanuna dəyişiklik etməli olacaq.

Yanvarın 20-də prezident Donald Trampın inaqurasiyasından sonra münaqişənin həlli üçün pərdəarxası danışıqların gücləndirildiyinə dair xəbərlər fonunda Zelenski Rusiyanın Ukraynaya qarşı apardığı hərtərəfli müharibəni dayandırması üçün Moskvaya təzyiq göstərməsi üçün ABŞ-a müraciət edib.

Tramp vəzifəyə gəldikdən sonra Moskvanın danışıqlar masasına oturmayacağı təqdirdə Rusiyadan ABŞ və digər ölkələrə gələn bütün mallara ağır vergilər, tariflər və sanksiyalar tətbiq edəcəyi ilə hədələyib.

visiontv.az



Seçilən
5
50
visiontv.az

10Mənbələr