"Qadınlarda kişilərdən 10 dəfə çox rast gəlinən sidik qaçırma hər 3 qadından birinin yaşadığı və utandıqları üçün cəmiyyətdə gizlənən sağlamlıq problemlərindən biridir. Genetikaya görə çanaq dibinin əzələlərinin zəifləməsi və ya sonradan çətin doğuşlar nəticəsində yaranan sidik qaçırma qadınların mühüm sosial və psixoloji problemidir".
Bunu "Unikal"a açıqlamasında Diaqnoz Tibb Mərkəzinin Cərrah Mama-Ginekoloqu Ramilə Abbaszadə deyib.
Onun sözlərinə görə, 3 tip sidikqaçırma var: "1-ci öskürək, asqıraq və gülmə zamanı meydana çıxan sidikqaçırma, 2-ci sıxışma nəticəsində ayaqyoluna çata bilmədiyi üçün meydana gələn sidikqaçırma, 3-cü isə hər iki halın eyni vaxtda müşahidə edilməsidir.
Tədqiqatlar göstərir ki, reproduktiv yaşda olan qadınların 20-46%-i və menopozda olan qadınların 40-69%-i sidik qaçırma ilə mübarizə aparır. Qarın içi təzyiqi birdən artıracaq asqırma, öskürmə və gərginlik kimi vəziyyətlərdə sidik kisəsindən sidik axması şəklində ortaya çıxan bu şikayət tualetə çata bilməmə kimi də görülə bilər. Sidik qaçırma şikayəti olan qadınlar adətən bezlərdən istifadə edir və ya evdən çölə çıxmamaqla bu problemi təkbaşına həll etməyə çalışırlar. Ancaq fiziki narahatlıqla yanaşı psixoloji problemlərə də səbəb olan sidik qaçırma problemi asanlıqla müalicə edilə bilər. Böyrəklərdən süzüldükdən sonra sidiyin yığıldığı orqan olan sidik kisəsi və sidiyi sidik kisəsindən bədənin xaricinə daşıyan sidik kanalı çanaq-çanaq sümük boşluğunda yerləşir.
Xəstəliyin səbəbləri
Sidik qaçırmaya səbəb olan çoxlu amillər mövcuddur. Onların arasında bir neçə əsas səbəb ayırd edilir:
- hamiləlik və doğuşdan sonrakı dövrdə böyümüş uşaqlıq kiçik çanaq üzvlərinə artıq təzyiq etdikdə;
- uzun müddətli stres vəziyyətləri;
- yuxarı yaşlarda bağların elastikliyinin və əzələlərin tonusunun azalması;
- fistula və ya bitişmələrin əmələ gəlməsilə fəsadlaşan kiçik çanaq orqanlarında (uşaqlıq, sidik kisəsi, düz bağırsaq) aparılan cərrahi əməliyyatlar.
Bəzi xəstəliklərdə sidik qaçırmanın əsas əlamətlərdən olmasını qeyd etmək lazımdır. Bu şəkərli diabet, sidik kisəsi daşı, dağınıq skleroz, insultdur. Patoloji prosesin inkişafına bəzi dərman preparatları (məsələn, sidikqovucular), tünd çay, kofe və spirtli içgilərin həddən artıq qəbulu, siqaret çəkmə, artıq çəki səbəb ola bilər. Hətta sağlam qadınlarda belə estrogen və ya antidepressantlarla zəngin preparatlar sidik saxlamaqda problemlər yarada bilər. Preparatların qəbulunu dayandırdıqda bu vəziyyət müalicəsiz keçir.
50 yaşından yuxarı qadınlarda sidik qaçırma irsi xarakter daşıya bilər. Uşaq yaşlarında enurezin olması bir neçə il sonra yaşlı vaxtda sidik qaıçırmaya səbəb ola bilər.
Patologiyanın növləri
Müasir təbabətdə sidik qaçırmanın bir neçə növü ayırd edilir. Onların təsnifatı pasient tərəfindən sidik qaçırmaya səbəb olan müxtəlif halları əks etdirir.
Stres sidik qaçırması
Bu, ən geniş yayılmış vəziyyətdir. Sidik ifrazına nəzarətin pozulması hətta ən yüngül fiziki gərginlik, öskürək və asqıraq, tullanma və qaçma, ağırlıq qaldırdma, gülmə zamanı da ola bilər. Əsas səbəb – çanaq dibi əzələlərinin zəifləməsidir.
İmperativ sidik qaçırma
Və ya urgent – sidik kisəsinin hiperaktivliyilə əlqədar ola bilər. Onun sinir ucları ən zəif qıcıqlara – su şırıltısına, parlaq işığa ani reaksiya verir. Sidik ifrazı istəyi qəflətən əmələ gəlir. Bu baş beyin xəstəliklərilə, hormonal pozğunluqlarla, sidik kisəsində iltihabi proseslərlə əlaqədar ola bilər.
Gecə sidik qaçırması (enurez)
Əksərən sinir oyanıqlığından əziyyət çəkən kiçik uşaqlarda olur. Amma tez-tez yaşlı və bir qədər cavan qadınlarda da inkişaf edə bilər.
Gecə vaxtı yüngül sidik qaçırma hormonal fon dəyişdikdə, psixoloji travmalarda, sidik-cinsiyyət sisteminin xəstəliklərində ola bilər. Əkiz və ya iri uşaq doğuldudan sonra da enurez əmələ gələ bilər.
Sidik ifrazının idarə oluna bilməməsi heç də həmişə sidik kisəsinin dolu olması demək deyil. Sidiyin az miqdarı da şırnaq və ya damcı ilə çıxa bilər.
Qarışıq sidik qaçırma
Patologiyanın üçdə bir halında rast gəlinir. Pozğunluğun bu növü fiziki gərginlik və urgent qaçırmanın əlamətlərini özündə birləşdirir. Sidik ifrazının tezləşməsi xarakterikdir – günüz vaxtı 8-10, gecə isə bir dəfədən çox. Bu patologiya doğuşdan və kiçik çanaq orqanlarının travmatik zədələnmələrindən sonra çox rast gəlinir.
Daimi sidik qaçırma
İnkontinensiyanın bu növündə kiçik damcılarla sidik qaçırma fiziki gərginlikdən asılı olmayaraq sutka ərzində kiçik fasilələrlə baş verir.
Menopauza dövründə xəstəliyin yaranması
Klimaks – mürəkkəb dövrdü, bu zaman orqanizmin hormonal fonunda böyük dəyişikliklər baş verir. Belə dəyişikliklər qadın orqanizminin müxtəlif sistemlərinə, o cümlədən, sidik-ifrazat sisteminə mənfi təsir edir. Klimaksda sidik qaçırma hətta əvvəllər belə problemlərlə qarşılaşmayan pasientlərdə də ola bilər.
Sidik qaçırmanın əsas səbəbləri:
Yumurtalıqların tədricən sönməsi və bununla əlaqədar estrogenlərin miqdarının azalması. Onların çatmaması toxumaların elastikliyini azaldır.Daxili orqanların yerləşməsi və fəaliyyətində patoloji dəyişikliklər. 40 yaşından yuxarı uşaqlıq və uşaqlıq yolunun tədricən sallanması baş verir. Bu orqanlar sidik kisəsi və düz bağırsağın divarlarına artıq təzyiq göstərməyə başlayır.
Sidik kisəsinin daimi qıcıqlanması nəticəsində divarlarının elastikliyinin azalması. Uşaqlıq yolunun selikli qişasının quruluğu. Bu zaman qaşınma, göynəmə və qıcıqlanma olur, hansı ki, öz növbəsində infeksion prosesin inkişaf etməsinə və nəticə olaraq sidik ifrazının pozulmasına səbəb olur. Böyrəklərin, qalxanvari və mədəaltı vəzlərin xroniki xəstəliklərinin inkişafı və kəskinləşməsi. Belə xəstəliklər sidik-ifrazat sisteminin fəaliyyətini pozur.
Piylənmə. Artıq çəki – klimaks yaşayan qadınlar üçün tipik əlamətdir. Hətta bir neçə kiloqram artıq çəki kiçik çanaq orqanlarına əlavə təzyiq yaradaraq onların funksiyalarının pozulmasına gətirib çıxara bilər.
Histerektomiya. Uşaqlığın çıxarılmasından sonra sidik qaçırma – cərrahi xəstəliyin çox rast gəlinən fəsadlarından biridir. Bu sidik kisəsilə ümumi olan bağ aparatının zədələnməsi ilə əlaqədardır. Klimaks zamanı əmələ gələn sidik qaçırma qadını fiziki və mənəvi diskomfort keçirməyə məcbur edir, hansından ki, yalnız kompleks müalicə ilə qurtulmaq olar.
Hamilələrdə sidik ifrazının pozulmaları
Patologiya hormonların təsiri altında əzələ toxumasının tonusunun azalması və sfinkterlərin boşalması nəticəsində yaranır. İfrazatın intensivliyi dölün ölçülərindən, uşaqlıqda yerləşməsindən, qadının ümumi fiziki vəziyyətindən, daxili orqanlarda xroniki xəstəliklərinin olmasından asılıdır. Dəfələrlə doğmuş qadınlarda, dölün köndələn yerləşməsində, iki hamiləlik arasında az vaxt keçmiş olduqda sidik qaçırma riski daha çox olur.
Doğuşdan sonrakı dövrdə sidik qaçırma uzun davam edən fəsadlı doğuşlardan sonra ola bilər. Əksəriyyət zahı qadınlarda əlamətlər uşaq doğulandan bir neçə gün sonra öz-özünə müalicəsiz keçib gedir. Əgər sidik qaçırmanın səbəbi böyrəklərin patologiyaları və ya sidik kisəsində iltihabi proseslər olarsa, onda hərtərəfli müalicə tələb olunur.
Yaşlılarda sidikqaçırma
Yaşla əlaqədar sidik qaçırma orqanizmin bütün sistemlərinin ümumi zəifliyi, immunitetin azalması ilə əlaqədardır. Hormonal çatmamazlıqdan sidik kisəsi müəyyən miqdar mayeni uzun müddət ərzində saxlamaq qabiliyyətini itirmiş olur.
Yaşlı qadınlarda sidik kanalının uzanıb sallanması, sidik-cinsiyyət orqanlarının qişalarının nazilməsi, kiçik çanağın bağ və əzələ aparatının atrofiyası qeyd olunur.
Xəstəlik zamanı müayinə
Sidik qaçırmanı necə müalicə etmək qərarı verməzdən əvvəl pasienti tam müayinə etmək lazımdır. Həkim müəyyənlədirməlidir ki, bu problem nə vaxt yaranıb, ona irsi meyl varmı, son vaxtlar qaçırma halları artıbmı, hansı amillər (fiziki və ya emosional gərginlik) onu törədir.
Rahatlıq və informasiyanın düzgünlüyü üçün pasient xüsusi sorğu anketini doldursa daha yaxşı olar. Son diaqnoz üçün xəstəyə bir neçə gün ərzində gündəlik aparması təklif oluna bilər, hansından ki, sidik qaçırmanın tezliyi barədə məlumat almaq olar.
Əgər həkimdə verilən məlumatlara şübhə yaranarsa, qərb ölkələrində xüsusi PAD-test təyin olunur. Bu müayinə zamanı qadın xüsusi uroloji bezlərdən istifadə edir, hansı ki, ifraz olunan sidiyin çəkisini göstərir.
Digər müayinə metodlarından fistula və ya bitişmələrin olmasını, uşaqlıq və uşaqlıq yolu sallanmasını, selikli qişaların quruluğunu təyin etmək üçün ginekoloji baxış lazımdır. Sidiyin ümumi analizi infeksion xəstəliklərin olmasını təyin etməyə imkan verir.
Müalicə
Patologiyanın müalicəsi uzun müddət aparır və kompleks xarakter daşıyır. Buna gün rejiminin və həyat tərzinin dəyişdirilməsilə bağlı ümumi məsləhətlər, medikamentoz müalicə, əzələlərin möhkəmləndirilməsinə yönəlmiş fiziki məşqlər, psixoloji trening daxildirBəzi hallarda cərrahi müdaxilə qərarı verilir.
Həyat tərzinin korreksiyasına yönəlmiş ümumi qaydalara aiddir:
- çəkini tam azaltmaq və piylənmədən qurtulmaq üçün qida rasionunun dəyişdirilməsi;
- istifadə olunan çayın, kofenin, şirin qazlı içkilərin azaldılması;
- zərərli vərdişlərdən (siqaret, spirtli içkilər) imtina;
- sidik ifrazı rejiminə əməl etməli (istəkdən asılı olmayaraq tualetə müəyyən vaxtlarda getməli);
- sidik-cinsiyyət sisteminin xroniki xəstəliklərinin aşkarlanıb müalicə edilməsi;
- həyəcanlı fikirləri dağıtmaq üçün psixoloji treninqlər.
Konservativ terapiya
Əsas müalicə metodlarından biri konservativ terapiyadır. Qadınların sidik qaçırmasında istifadə olunan preparatların siyahısına baxaq. Bunlara aiddir:
- M-xolinolitiklər (Atropin, Metasin, Amizin);
- antidepressantlar (Klofronil, Azafen);
- spazmolitiklər (Noşpa, Papaverin);
- homeopatik vasitələr (Uronefron, Solidaqo);
- estrogen defisitini aradan qaldıran əvəzedici hormonal terapiya (Ovestinin məlhəmi və ya şamı).
Bəzi preparatların tətbiq xüsusiyyətləri
Ürək-damar sisteminin patologiyalarında, qaraciyər xəstəliklərində, endometriumun hiperplaziyalarında şamlar təyin edilmir. Şəkərli diabet, epilepsiya, hipertoniyadan əziyyət çəkən qadınlarda şamlar çox ehtiyatla və yalnız həkimin nəzarəti altında istifadə olunmalıdır.
Yaşlı qadınlarda sidik qaçırmanın M-xolinolitiklərlə müalicəsi sidik ifrazına istəyi azaltmağa imkan verir və sidik kisəsinin hiperaktivliyini zəiflədır. Bu preparatlar güclü təsir edən dərmanlar qrupuna daxildir, ona görə onların tətbiqi yalnız həkimin təyinatı əsasında mümkündür. Əksgöstərişlərə – qlaukoma, xoralı kolit aiddir.
Urgent sidik qaçırmalarda spazmolitik preparatlar təyin edilir. Tabletlər əzələlərin tonusunu azaltmağa və spazmı götürməyə lazımdır.
Antidepressantların istifadəsi sidik qaçırma stres vəziyyətləri və artıq həyəcanla əlaqədar olduqda məsləhətlidır. Dərmanlar sinir sisteminə tez təsir edir və sidik ifrazını requlyasiya edir. Bu preparatlar həmçinin tibbi müayinələrdən sonra da təyin edilir. Bəzi hallarda əlavə effektlər ola bilər: başgicəllənmə, görmə itiliyinin pisləşməsi, ağızda quruluq, qaraciyər fəaliyyətinin pozulması.
Sidik qaçırmada Kegel məşqi
Əzələlərin möhkəmləndirilməsinə yönəldilmiş xüsusi gimnastika medikamentoz müalicəyə yaxşı əlavədir. Məşqlərə çanaq dibi əzələlərinin ləng və tez, fasilələrlə yığılıb boşalması, qovma hərəkətləri daxildir.
Hərəkətləri yerinə yetirərkən aşağıdakı qaydalara əməl etmək lazımdır:
- sidik kisəsi boşaldılmalıdır;
- hərəkətlərin intensivliyi və mürəkkəbliyi tədricən artırılır;
- rahat vəziyyət alınmalıdır;
- gimnastika requlyar yerinə yetirilməlidir;
- yığılmaların sayını həftədə 5-10 dəfəyə, zaman keçdikcə 30-a çatdırmaq lazımdır.
Bu metodun üstünlüyü ondadır ki, onu nəinki ev şəraitində, həm də transportda, açıq havada gəzmə zamanı da etmək mümkündür.
Daha ətraflı "Kegel gimnastikası" məqaləmizdə oxuya bilərsiniz.
Cərrahi müalicə
Konservativ müalicənin nəticəsi effektiv olmasa nə etməli? Belə hallarda slinq əməliyyatları təyin olunur. Cərrahi müalicəyə əsas göstərişlər – urgent və stres sidik qaçırmalarıdır. Bəzi əksgöstərişləri də nəzərə almaq lazımdır. Əməliyyatı hamilələrə, sidik-ifrazat sistemində iltihabi proseslər olduqda, qandurulducu dərman qəbul edən qadınlara eləmirlər.
Əvvəlcədən uroloq və terapevtlə konsultasiya etdikdən sonra slinq əməliyyatı yerli anesteziya ilə aparılır. Uşaqlıq yolunun ön divarında ilgək yerləşdirilir, hansı ki, sidik kisəsini düz vəziyyətdə saxlamalıdır. Prosedura 30 dəqiqədən artıq çəkmir. Sidik ifrazı prosesinə nəzarət üçün kateter qoyulur, hansı ki, 1-2 gündən sonra çıxarılır. Kateteri çıxartdıqdan sonra bəzi qadınlar azacıq ağri hiss edirlər, o da, ağrıkəsicilərlə asan götürülür.
Bərpa dövrü 2 həftədən 1 aya qədər çəkə bilər. Qadın fiziki və cinsi sakitlik vəziyyətində olmalı, ağırlıq qaldırmamalı, intensiv idmanla məşğul olmamalı, avtomobil sürməməlidir. Seksual həyata 1 aydan tez icazə verilmir.
Bəzən fəsadlar yarana bilər:
sidik kisəsinin travması;
qanaxma;
iltihabi proses, profilaktikası üçün antibiotiklər təyin olunur;
əməliyyatdan dərhal sonra sidik ifrazında problemlər;
bağırsağın fəaliyyətinin pozulması.
Əməliyyatın tanınmış klinikada edilməsi ağırlaşma riskini azaldır və cərrahi müdaxiləni sağlamlıq üçün tam təhlükəsiz edir.
Lazer terapiyası
Lazerlə təsir – sidik ifrazını normallaşdıran ən yaxşı üsullardan biridir. İmpulsların köməyilə uşaqlıq yolunun divarları və sidik kanalına təsir edilir. Lazer sidik kisəsinin divarlarını dartaraq onları daha elastiki edir. Üsulun üstünlükləri çoxdur. O, ağrısızdır, xəstə üçün təhlükəsizdir, uzunmüddətli bərpa dövrü lazım deyil.
Statistikaya görə pasientlərin 90%-indən çoxu lazer terapiyası seanslarından sonra müsbət nəticə qeyd edirlər. Ağır dərəcəli uşaqlıq və vaginal sallanmalarda, orqanizmdə bədxassəli şişlər olduqda və qanaxmada lazer tətbiq olunmur. Yaşın 60-dan yuxarı olması əsas əksgöstərişlərdəndir.
Xalq təbabəti vasitələri
Sidik qaçırma problemilə mübarizədə xalq təbabəti vasitələri kömək edə bilər. Adi dərman otlarından hazırlanmış həlim və dəmləmələrdən istifadə etməklə xəstəliyin əlamətlərinin aktivliyini dərmansız azaltmaq mümkündür.
Bu vasitələrin sidik qaçırmada effektivliyi onların requlyar tətbiqində özünü göstərir. Lakin nəzərə almaq lazımdır ki, həlim və dəmləmələr urgent, klimakterik, yaş və iltihabi proseslərlə əlaqədar sidik qaçırmada effektiv deyil.
Şüyüd toxumu
Toxumdan iki xörək qaşığı 0,5 litr qaynar suya əlavə edib gecə dəmlənməyə qoyulur. Səhər alınmış mayeni süzüb yemək qəbuluna qədər içirlər. Müalicə müddəti 10 gündür. Ongünlük fasilədən sonra müalicə təkrarlanır.
Mərsin
Dərman hazırlamaq üçün quru meyvələr və bitkinin yarpaqları götürülür. Onları xırdalayır, o qədər də Dazı otu (Зверобой) əlavə edib, üstünə qaynamış su tökürlər və 10-15 dəqiqə gözləyirlər. Həlimi bir stəkandan gündə 3 dəfə qəbul edirlər.
Andız
Bitkinin kökünə qaynamış su əlavə edib, 15 dəqiqədən az olmayaraq zəif odda saxlayırlar, sonra bir neçə saat ərzində qaranlıq yerdə dəmləyib, bir qədər bal əlavə edirlər. Alınmış qarışığı gündə 2-3 dəfə yeməkdən qabaq içirlər.
Qarğıdalı saçaqları
2-3 çay qaşığı qarğıdalı saçağına qaynamış su əlavə edilir, 15 dəqiqə gözləyib süzürlər. Alınmış həlimə bir çay qaşığı bal əlavə edib gündə bir neçə dəfə yarım stəkandan qəbul edirlər.
Quşəppəyi (çobançantası)
Xırdalanmış otun iki xörək qaşığına soyuq qaynamış su əlavə edib bir qədər gözlədikdən sonra süzürlər. Bir xörək qaşığından gündə bir neçə dəfə qəbul edirlər. Bu, gecə sidik qaçırmada daha effektivdir.
Pasientlərin çoxsu həmçinin aşağıdakıların effektini qeyd edirlər:
başınağacı (калина), qarağac (вяз) qabığından hazırlanmış soyuq həlim;
səhər yeməyinə qədər bir stəkan təzə yerkökü şirəsinin qəbulu;
gündə bir neçə çimdik xırdalanmış şüyüd toxumu istifadə etmək;
gilənarın cavan budaqlarından dəmlənmiş çay içməli.
Xalq təbabəti öz effektivliyini artıq çox illərdi özünü doğruldur. Lakin, əgər qadın görürsə ki, müalicə kursu aldıqdan sonra yaxşılaşma yoxdur, onda daha təsirli üsulların və ya cərrahi müalicənin təyini üçün həkimə müraciət etməlidir. Uzun müddət ərzində özünümüalicə sağlamlıq üçün təhlükəli ola bilər.
Həyat tərzini dəyişmə və profilaktika
Belə problemlər yarandıqda qadına öz həyat tərzində müəyyən dəyişikliklər etmək lazımdır. İlk növbədə şəxsi gigiyenaya fikir vermək lazımdır. Dərinin qıcıqlanıb infeksiyalaşmasının qarşısını almaq üçün duş qəbulundan sonra zədələnmiş hissələrə iltihabəleyhinə kremlər çəkmək lazımdır. Yaxşı olar ki, onun tərkibində vazelin, lanolin və ya kakao yağı olsun. Duş qəbulu zamanı ilıq, çox qaynar olmayan sudan istifadə etmək lazımdır.
Qadınların çoxsu sidik qaçırma və iyin yayılmasından qorxurlar. Bu problemləri həll etmək üçün xüsusi sovurucu müdafiə bezlərindən istifadə edirlər. Həmçinin apteklərdən xüsusi alt paltarı da almaq olar. Onu requlyar dəyişmək və yumaq lazımdır.
Sidik qaçırmanın profilaktikası aşağıdakı tədbirləri nəzərdə tutur:
5 kg-dan artıq yük qaldırmaq qəti qadağandır, bu, çanaq əzələlərinin həddən artıq gərginləşməsinə və sidik qaçırmağa səbəb ola bilər.
Hər bir halda sidik kisəsini tam boşaltmalı, sonraya saxlamamalı.
Qidalanmaya nəzarət etməli, normadan artıq olmaz.
Sidik-ifrazat sisteminin iltihabi xəstəliklərini vaxtında aşkarlayıb müalicə etməli.
Aktiv olmalı, gün rejiminə əməl etməli, idmanla məşğul olmalı, basseynə, gəzməyə getməli.
Bağırsağın fəaliyyətinə nəzarət etməli, qəbizliklə mübarizə aparmalı.
Özü üçün xoş emosional atmosfer yaratmalı, stres vəziyyətlərindən, xroniki yuxusuzluqdan, artıq fiziki və psixoloji gərginlikdən qaçmalı.
İçilən suyun miqdarına nəzarət etməli (sutkada 1,5-2,0 l).
Yatmazdan qabaq sidik kisəsinin boşaldılmasına mütləq nəzarət etməli.
Şirin qazlı sulardan, tünd çaydan, kofe və spirtli içkilərdən çox istifadə etməməli.
Müntəzəm olaraq uroloq və ginekoloqun qəbulunda olmalı.
Profilaktika üçün Kegel gimnastikası etməli.
Sadalanan profilaktik tədbirlərə gələcək analar və klimaksda olan qadınlar xüsusən diqqət yetirməlidirlər. Həmçinin müsbət emosional köklənmə böyük əhəmiyyət kəsb edir.
Sidik qaçırma – uzun müddət diqqətli müalicə tələb edən xəstəlikdir. Yalnız həyat tərzini və qida rejiminin korreksiyasını nəzərdə tutan kompleks müalicə patologiyadan qurtulmağa və normal həyat tərzi sürməyə imkan verir.
Sağlamlığınıza biganə qalmayın!
Ünvan: Bakı ş., Əhmədli qəs., Sarayevo küç. 38C
Əlaqə:
Tel: (+994 12) 370 06 66, 370 41 11, 370 40 64, 370 40 65
Çağrı Mərkəzi: 904
Mob: / (+994 55) 754 43 03
Email: [email protected]
Sayt: www.diaqnoz.az