AZ

Nəqliyyat məsələlərinə göstərilən diqqətin bariz nümunəsi

Prezident İlham Əliyev: “İşğaldan azad edilmiş ərazilərdə nəqliyyat layihələri sürətlə həyata keçirilir”

 Azərbaycanda nəqliyyat qovşaqlarının inkişafı üçün ciddi işlər görülür. Bu proses nəticəsində, artıq Bakı və ətraf rayonların əsas nəqliyyat problemi həll olunmuşdur. Lakin, buna baxmayaraq, şəhərimizdə hələ də bir sıra nəqliyyat problemləri mövcuddur ki, bu da hər kəs tərəfindən hiss olunur. Bu məsələlər əhalinin sayının artması ilə bağlıdır. Yanvarın 28-də Prezident İlham Əliyevin iştirakı ilə keçirilən  nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə bu məsələlərə də toxunulub. Bu mövzuda müşavirədə müzakirələr aparılıb. Prezident İlham Əliyev müşavirədə deyib ki, Bakı şəhərinin və onun ətrafında yerləşən ərazilərin nəqliyyat infrastrukturunun inkişafını müzakirə etməyə ehtiyac var: “Baxmayaraq ki, son illər ərzində bu istiqamətdə bir çox işlər görülmüşdür, böyük infrastruktur layihələri icra edilmişdir, yenə də Bakı şəhərində tıxac müşahidə olunur və əfsuslar olsun ki, tıxacların sayı ildən-ilə artır. Bunun təbii səbəbləri var. Ölkəmizin, o cümlədən Bakı şəhərinin əhalisi ildən-ilə artır. Son 30 il ərzində Azərbaycan əhalisi 7 milyondan 10 milyona çatıb, hətta o rəqəmi də ötüb. Əlbəttə ki, vaxtilə yaradılmış şəhər yol infrastrukturu, o cümlədən metro imkanları bu artımı həzm edə bilmir”. Təbii ki, burada bir sıra amillər rol oynayır, amma yenə də effektiv həll yolları mövcuddur. Müşavirənin keçirilməsi bu istiqamətdə problemlərin sürətlə həll olunmasına xidmət edir. Ölkə rəhbəri tərəfindən aidiyyəti qurumların rəhbərləri ilə keçirilən müşavirə Azərbaycanın nəqliyyat məsələlərinə göstərdiyi diqqətin bariz göstəricisidir. Bu, bir daha sübut edir ki, Azərbaycan dövləti bu problemlərin aradan qaldırılması üçün daimi olaraq işlər görür.

Tıxac problemi dünyanın inkişaf etmiş şəhərlərində müşahidə olunan bir məsələdir. Bakıda da bu tıxacın mövcudluğu, şəhərin dinamik bir metropolə çevrildiyini göstərir. Bakı artıq dünya üzrə tanınmış şəhərlərdən biri olma yolundadır. Bununla yanaşı, şəhərə gələn turistlərin rahatlığı üçün nəqliyyat problemlərinin həllinə dair işlər görülür. Cənab Prezident bildirib ki, nəqliyyat məsələlərini həmişə diqqət mərkəzində saxlamışıq: “Son 15 il ərzində Bakı şəhərində bir çox böyük layihələr icra edildi, yeni metro stansiyaları istifadəyə verildi, yol qovşaqları, tunellər, körpülər inşa edildi, yeni yollar salındı. Əgər bu işləri görməsəydik, bu gün, ümumiyyətlə, Bakı şəhərində nəqliyyat iflic vəziyyətinə düşərdi. Amma yenə də görürük ki, növbəti böyük bir proqramın qəbul olunmasında böyük fayda olacaq. Bu məqsədlə bir müddət bundan əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə dövlət proqramının hazırlanmasına dair müvafiq göstərişlər verilib və bir neçə ay ərzində bu proqram üzərində iş aparılıb”. Hazırda ölkədə yeni metro xətləri açılır, yeni yollar və qovşaqlar salınır ki, bu da nəqliyyat problemlərinin həllinə müsbət təsir edir. Müşavirədə aidiyyəti qurumların rəhbərləri tərəfindən təkliflər irəli sürülüb. Ölkə rəhbəri tərəfindən yeni dövlət proqramlarının qəbul olunması ilə bağlı tapşırıqlar və tövsiyələr verilib. Bu proqramların detalları aidiyyəti qurumlar tərəfindən təqdim olunacaq.

 Azərbaycan dövləti əhalinin rahat yaşaması və ictimai nəqliyyatın daha effektiv istifadəsi üçün mütəmadi olaraq işlər görür. İllər ərzində əhalinin artması ilə bağlı yeni problemlər ortaya çıxa bilər, xüsusilə Bakı-Sumqayıt yolunda rastlanan sıxlıq. Yeni proqramların gələcəkdə bu məsələlərin həllinə öz müsbət təsirini göstərəcəyi gözlənilir.

Eyni zamanda, Prezident müşavirədə işğaldan azad olunan ərazilərdəki nəqliyyat məsələlərinə də toxunub. İşğaldan azad edilən ərazilərdə yeni yolların çəkilməsi, xüsusən Zəfər yolunun inşası bu məsələnin əhəmiyyətini vurğulayır. Qarabağda inşa edilən yeni nəqliyyat infrastrukturu, insanların bu ərazilərə asanlıqla daxil olmasını təmin edir. Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərdə erməni vandalizmi ilə üzləşməyimiz də diqqət çəkir. Azərbaycan dövləti, Qarabağda bərpa işlərinə başlayaraq, bu ərazilərdə yeni yol və keçidlər, körpülər, tünellər inşa edir. Bu, Qarabağda yaşayan əhalinin rahatlığını artırmağı məqsəd qoyur. Dövlətimizin başçısı qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə nəqliyyat layihələri sürətlə həyata keçirilir: “Azad edilmiş ərazilərdə görülən işlərin əsasını nəqliyyat layihələri təşkil edir. 3400 kilometrə yaxın avtomobil yolu - hələlik cəmi 44 avtomobil yolu layihəsi icra edilib, ya da ki, icra edilməkdədir. Eyni zamanda, 45 tunel, 447 körpü, 16 viaduk nəzərdə tutulub. Bunlardan 28 tunel, 392 körpü və 9 viadukun tikintisi tamamlanmışdır.

Horadiz-Ağbənd dəmir yolunun 60 faizi inşa edilib. Bərdə-Ağdam dəmir yolunun 94 faizi inşa edilib. Bu, sadəcə olaraq, əsas layihələrdir ki, mən ictimaiyyətin diqqətinə çatdırıram və bu rəqəmlər hər şeyi deyir, hər şeyi göstərir. Göstərir ki, hansı ölçüdə nəqliyyat layihələrini icra etmişik. Əgər bunları icra etməsəydik, bu gün həm Bakı şəhəri, həm digər şəhərlər, həm də ümumiyyətlə, ölkə şəhərləri arasındakı bağlantılar nəqliyyat imkanlarımızı tamamilə iflic vəziyyətinə sala bilərdi.

Amma yenə də deyirəm, həyat yerində durmur. İndi yeni dövlət proqramı qəbul edəcəyik. Ölkə üzrə, o cümlədən azad edilmiş ərazilərdə bütün nəqliyyat layihələri bundan sonra da icra ediləcək. Hər şey plan üzrə gedir. Bu ilin İnvestisiya Proqramında da bu məqsədlər üçün lazımi vəsait ayrılıb”.

Artıq Qarabağda yeni hava limanları inşa edilir. Bu layihələr, nəqliyyat məsələlərinin həlli ilə yanaşı, regionun inkişafına da töhfə verəcəkdir. Beləliklə, nəqliyyat infrastrukturunun müasirləşdirilməsi, həmçinin, insanların rahatlığı və regionun iqtisadi inkişafı baxımından önəmli bir addımdır.

İşğaldan azad olunan ərazilərin nəqliyyat koridoru müzakirə olunarkən, diqqət çəkən məsələlərdən biri də Zəngəzur dəhlizidir. Bu dəhliz, Azərbaycanın nəqliyyat əlaqələrini Naxçıvan Muxtar Respublikası ilə birbaşa bağlayır. Zəngəzur dəhlizinin açılması, Azərbaycan dövlətinin regiondakı nəqliyyat təhlükəsizliyinin təmin olunması baxımından önəmlidir. Prezidentin dediyi kimi, bu məsələnin həlli Azərbaycanın təşəbbüsü ilə mümkün olacaq. Razılaşmalarda və bəyannamələrdə də dəhlizin açılmasına xüsusi diqqət yetirilib.

Azərbaycan dövləti nəqliyyat problemlərinin aradan qaldırılması istiqamətində davamlı işlər görür. Yeni qəbul olunan proqramlar gələcəkdə mövcud problemlərin həllinə kömək edəcəkdir. Nəqliyyatla bağlı yeni proqramların qəbul edilməsi əhalinin rahatlığını artıracaq.

image-rustemova-aybeniz

Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

Seçilən
33
2
azerforum.com

10Mənbələr