“Ukrayna Prezidenti Volodimir Zelenski ilə Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 22-də Davos görüşündə mühüm məsələləri müzakirə ediblər. Bunlardan biri də Azərbaycan qazının Ukrayna üzərindən Avropaya çatdırılmasıdır. Zelenski sözügedən təklifi Əliyevə təqdim edib. Azərbaycanın məsələyə münasibəti maraq doğurur ".
“Azərbaycan prezidentinin Ukrayna prezidenti ilə Davosda görüşü əlbəttə ki, maraqlı görüşlərdən biridir. Nəzərə alsaq ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyən ölkədir. Doğrudur, biz Rusiya ilə də münasibətlərimizi saxlayırıq və Rusiyaya tətbiq olunmuş sanksiyalarda iştirak etmirik. Amma bütün hallarda biz Ukraynaya ən ciddi humanitar yardım göstərən ölkələrdən biriyik”.
Bu fikirləri AzNews.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
Politoloq qeyd edib ki, xüsusilə də Ukraynanın enerji tələbatının ödənilməsində və energetika infrastrukturunun ayaqda durmasında Azərbaycanın əhəmiyyətli yardımı olub.
“O ki qaldı, Azərbaycan qazının Ukrayna üzərindən Avropaya ötürülməsi məsələsi, bu, bir az daha siyasi və eyni zamanda iqtisadi məsələdir. Burada bir çox məsələlərə aydınlıq gətirilməlidir. Bu, ilk növbədə infrastrukturla bağlı olan məsələdir. Belə ki, Zelenskinin təklif etdiyi planın nədən ibarət olduğunu biz tam şəkildə bilmirik. Yəni, qaz iki variantla götürülə bilər. Birinci variant Azərbaycanı Rusiya ilə birləşdirən qaz kəməri vasitəsilə Azərbaycan qazı Ukraynaya ötürülə bilər. Lakin buna Rusiya razı olarmı, ya olmaz? Bu, başqa bir məsələdir. Təbii ki, bunun qarşılığında Rusiya da öz qazını Azərbaycana satmaq haqqında təklif irəli sürə bilər. Biz Rusiya ilə normal münasibətlərə malik olan bir ölkəyik. Doğrudur, son bir ayda bizim təyyarəmizin vurulmasından sonra münasibətlərdə müəyyən məqamlar var. Bu da Rusiya tərəfinin günahı ucbatından müəyyən bir sərinlik yaşanır. Azərbaycan qaz satışı edən, enerji resurslarının satışı ilə məşğul olan ölkələrdən biridir. Azərbaycan kiminsə bazarına müdaxilə etmir, onu yerini tutmaq istəmir. Nəzərə alsaq ki, Azərbaycanın qaz ehtiyatları ilə Rusiyanın qaz ehtiyatları çox ciddi şəkildə fərqlənir. Bizim Rusiyanın qaz bazarında ona mane olmaq imkanlarımız çox da yüksək deyil. Bu baxımdan hesab etmirəm ki, bu, hansısa bir təhlükəsizlik təhdidi yarada bilər. Sadəcə olaraq, Ukrayna üzərindən də gələcəkdə Avropanın qaz təminatında Azərbaycanın əhəmiyyətli rol oynaması bizim dövlət maraqlarımıza uyğundur”.