AZ

Məzahir Pənahov kimdir? — 27 il əvvəl MSK-ya belə gəldi

Dünən Azərbaycanda Bələdiyyə seçkiləri keçirildi. Seçkidə önəmli rol oynayan əsas fiqurlardan biri də MSK (Mərkəzi Seçki Komissiyası) sədri Məzahir Pənahovdur.

Lent.az “Bioqrafiya” rubrikasında MSK sədri Məzahir Pənahov barədə məlumat verir.

- Məzahir Pənahov nə zaman doğulub?

Məzahir Pənahov 1951-ci il martın 13-də anadan olub.


- Məzahir Pənahov harada doğulub?

Məzahir Pənahov Tovuz rayonunun Qaraxanlı kəndində ziyalı ailəsində anadan olub?

- Məzahir Pənahov harada təhsil alıb?

Məzahir Pənahov 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olub və 1972-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirib.

- Məzahir Pənahovun elmi fəaliyyəti necə keçib?

Məzahir Pənahov 1971–1972-ci illərdə Sankt-Peterburq şəhərində A. F. İoffe adına Fizika-Texnika İnstitutunun diplomçusu, 1973–1976-cı illərdə isə aspirantı olub. 1979-cu ildən elmlər namizədi, 1992-ci ildən elmlər doktorudur.

- Məzahir Pənahov hansı elmi dərəcələri alıb?

Məzahir Pənahov 1977-ci ildən 1993-cü ilədək Bakı Dövlət Universitetində müəllim, baş müəllim və dosent işləyib. 1993-cü ildən Bakı Dövlət Universitetinin "Ümumi fizika və fizikanın tədrisi metodikası" kafedrasının professoru, 1996-cı ildən 2019-cu ilədək həmin kafedranın müdiri olub. 1982–1983-cü illərdə Böyük Britaniyanın Mançester Universitetində, Təbiət Elmləri və Texnologiya İnstitutunda (UMIST) elmi tədqiqatlar aparıb.

- Məzahir Pənahovun elmi əsərləri varmı?

Məzahir Pənahovun elmi əsərləri var. Məzahir Pənahov nüfuzlu beynəlxalq jurnallarda dərc olunan yüzə yaxın elmi məqalənin, iki dərs vəsaitinin müəllifi, bir neçə monoqrafiya və dərs vəsaitinin elmi redaktorudur. Böyük Britaniya, Almaniya, Rusiya, Ukrayna, İran və digər xarici ölkələrdə keçirilən beynəlxalq elmi konfranslarda iştirak edib.

- Məzahir Pənahovun elmi fəaliyyəti hansı sahədə olub?

Məzahir Pənahovun elmi fəaliyyəti mürəkkəb strukturlu bərk cisimlərdə elektron və optik hadisələrin tədqiqi sahəsində olmuşdur. Metal-izotop heterokeçidli yarımkeçirici kontaktından ibarət mürəkkəb strukturlu bərk cisimlərdə elektron və optik hadisələrin nəzəriyyəsini işləyib və ilk dəfə bu tip mikrosistemlərin Volt-Farad xarakteristikasında Mott rejiminə uyğun məxsusiyyətin mövcud olduğunu aşkar edib. Az sonra təcrübədə təsdiqini tapan bu ideya belə strukturlar əsasında prinsipcə yeni növ müasir cihazların hazırlanması imkanını gerçəkləşdirməklə bərabər heterokeçidlərdə, digər parametrlərlə yanaşı, praktiki baxımdan müstəsna əhəmiyyət kəsb edən enerji sıçrayışını çox böyük dəqiqliklə təyin etmək üçün yeni metodun da əsasını qoyub.

- Məzahir Pənahov ilk dəfə nə vaxt MSK-da işləyib?

Məzahir Pənahov 1998–2000-ci illərdə MSK-nın Beynəlxalq Əlaqələr İdarəsinin rəisi işləyib.

- Məzahir Pənahov nə vaxt MSK-nın sədri seçilib?

Məzahir Pənahov 2000-ci il mayın 19-da Azərbaycan Respublikasının Prezidenti, ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə MSK üzvü təyin olunub və həmin gün Komissiyaya sədr seçilib.

- Məzahir Pənahovun başqa hansı xidmətləri olub?

Məzahir Pənahov Azərbaycan müstəqillik əldə etdikdən sonra 1992-ci ildə ABŞ-dən olan Azərbaycansevər həmfikirləri ilə birlikdə Los-Ancelesdə beynəlxalq standartlara uyğun iri həcmli "Azerbaijan International" jurnalının əsasını qoyanlardan biri olub və dünyanın əlliyə yaxın ölkəsinə yayılan, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması kimi nəcib bir missiyaya xidmət göstərən bu jurnalın 2000-ci ilədək Bakıdakı rəhbərliyini həyata keçirib.

- Məzahir Pənahovun seçkiyə hansı töhfələri olub?

Seçki sisteminin formalaşdırılması məqsədilə nüfuzlu beynəlxalq qurumlarla Azərbaycan arasında sıx əməkdaşlığın həyata keçirilməsində və bir sıra xarici ölkələrin ali seçki qurumları ilə qarşılıqlı əlaqələrin yaradılmasında müstəsna rolu olub, onun rəhbərliyi altında MSK 2002-ci ildə Mərkəzi və Şərqi Avropa Seçki Rəsmiləri Assosasiyasına (ACEEEO) üzv qəbul edilib.

- Məzahir Pənahovun ailə durumu necədir?

Məzahir Pənahov evlidir, iki oğlu və bir qızı var.

- Məzahir Pənahov hansı ordenlərlə təltif edilib?

Məzahir Pənahov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 mart 2011-ci il tarixli Sərəncamı ilə Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilib.

Məzahir Pənahov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 mart 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə "Şərəf" ordeni ilə təltif edilib.

Seçilən
1
50
demokrat.az

10Mənbələr