Niderland Müdafiə Nazirliyi Almaniyanın “Rheinmetall” şirkətindən 22 ədəd “Skyranger 30” mobil hava hücumundan müdafiə (HHM) sistemi satın almaq istəyir.
Bu barədə “Poliqon” Niderland Müdafiə Nazirliyinə istinadən xəbər verib.
Bildirilib ki, Niderland Müdafiə Nazirliyi sözügedən mobil HHM sistemlərin satın alınması üçün müqavilələrin tezliklə imzalanacağına ümid edir.
Əgər müqavilələr imzalanarsa, ilk “Skyranger 30” sistemlərinin 2028-ci ildə Niderland Silahlı Qüvvələri tərəfindən təhvil alınması nəzərdə tutulur.
Qeyd olunub ki, “Skyranger 30” mobil HHM sistemləri ilə Niderland Silahlı Qüvvələrinin dronlarla mübarizə imkanları artırılacaq.
“Rheinmetall” şirkətinin istehsalı olan “Skyranger 30” mobil HHM sistemi hədəfləri tapmaq və izləmək üçün radarlar, kameralar və lazerlərdən istifadə edir. HHM sistemi pilotsuz uçuş aparatları, təyyarələr və helikopterlərlə mübarizə aparmaq üçün nəzərdə tutulub. O, sürətli atəş açmaq qabiliyyətinə malik 30 mm-lik topla təchiz olunub. Bu top dəqiqədə 1250 mərmi atmağa qadirdir. Bundan əlavə, daha uzaq məsafələrdəki hava hədəflərini vura bilməsi üçün sistemə “yer-hava” tipli raketlər də inteqrasiya edilə bilər.
“Skyranger 30” mobil HHM sistemi həm təkərli, həm də tırtıllı zirehli texnikaların üzərində quraşdırıla bilər. Niderland bu sistemləri alacağı təqdirdə onlar Almaniyanın “Flensburger Fahrzeugbau GmbH” şirkəti tərəfindən hazırlanmış ACSV G5 (Armoured Combat Support Vehicle G5) tırtıllı döyüş maşınının üzərinə inteqrasiya olunacaq.