AZ

"Belə eləyirsiz ki, heç kim cəhənnəmə gəlmək istəmir də!" - Babək Məmmədli

Kulis.az Babək Məmmədlinin Xeyrəddin Qocanın 75 illik yubileyi ilə əlaqədar yazısını təqdim edir.

"Ədəbiyyat qəzeti"nin sonuncu nömrəsində Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəylinin Xeyrəddin Qocaya həsr etdiyi “Satirik qələmlə mübariz keşikdə” adlı portret yazısı qarşıma çıxdı. Nostalji sovet lozunqlarını xatırladan dörd sözlük bu nimdaş başlığı görər-görməz burnuma əfsanəvi “Шипр” odekolonunun tünd qoxusu doldu, Şahmuradın məktəbimizin həyətində satdığı 20 qəpiklik “plombir”in buz qaysağı boğazımı qamaşdırdı, 10qəpiklik (şüşəsini təhvil verməklə) “Буратино” limonadının qazı gözlərimi sulandırdı. Daha neçə belə qiymətli xatirə-cövhər tapmaq ümidiylə, içimdə zaman-zaman boy göstərən uşaq marağıyla hörmətli akademikin duzlu, leş balığı qoxuyan söz dəryasının dərinliklərinə mütləq baş vurmalıydım, vurdum da. Və sərəncamımdakı qısa zaman kəsiyindən maksimum faydalanmağa çalışıb, — bu yay dənizdə yoxladım, duzlu suyun altında dəqiqə yarımdan artıq qala bilmirəm, — məncə, əliboş da qayıtmadım. Ənənəvi sovet ritorikasının xiffətini çəkənlər buyurub tamarzı qaldıqları kollektivçilikdövrünün nimdaş qoxusunu tənəffüs edə bilərlər və bəri başdan nəzərinizə çatdırım ki, yazını bölmələrə mən ayırmışam.

Xeyrəddin müəllim maarifçi kimi

Çoxcəhətlifəaliyyətə malik olan Xeyrəddin Qocanın keçdiyi yol maarifçilikdən publisistikaya, ictimai fəaliyyətdən rəsmi diplomatikişə, qəzetçilikdən satirik nəsrə qədər geniş bir dairəni özündə cəmləşdirir. Keçilən yolun təhlili göstərir ki, maarifçilik onun çoxcəhətli fəaliyyətinin möhkəm bünövrəsinitəşkil edir. Yazıçı üçün zəruri olan cəmiyyət həyatının, ictimai gedişatın, insanlararasımünasibətlərin dərindən dərk olunub ələkdənkeçirilməsi maarifçi düşüncənin səviyyəsi ilə müəyyən olunur. Müəllim ailəsində böyüyüb boya-başa çatması, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda ali təhsil alması Xeyrəddin Qocanındünyagörüşününformalaşmasında maarifçi baxışların mühüm yer tutduğunu göstərir”.

Xeyrəddin müəllim vətənin keşiyində

O, müstəqil Azərbaycan dövlətinin daha da inkişaf etdirilməsi yollarında əl-ayağa dolaşan nə varsa, hamısının satirik gülüşün tənqid hədəfinə çevrilməsi cəbhəsində mübariz keşikdədir”.

Xeyrəddin müəllim mollanəsrəddinçi kimi

“Xeyrəddin Qoca satirik ədəbiyyatda qüdrətli yazıçı və vətəndaş publisist Cəlil Məmmədquluzadənin rəhbərlik etdiyi “Molla Nəsrəddin” ədəbi məktəbinin yeni əsrdəki sadiq davamçısıdır. Özünün də etiraf etdiyi kimi, onun satira yaradıcılığına ardıcıl münasibətlərin mahiyyətində “mollanəsrəddinçilik işini davam etdirənlərdən biri olmaq arzusu” əsas yer tutmuşdur. Hazırda Xeyrəddin Qoca yeni dövr Azərbaycan ədəbiyyatında satirik nəsr və publisistika sahəsində mövcud olan boşluğu aradan qaldırmağa şərəflə xidmət edən ən aparıcı yazıçı-publisistdir. Məlum olduğu kimi, hazırkı ədəbi prosesdə satirik şeir yazmaq istiqamətində müəyyən canlanma müşahidə olunsa da, satirik nəsr və publisistika üzrə böyük bir boşluq nəzərə çarpmaqdadır. Xeyrəddin Qoca müasir mərhələdə satirik nəsrin və vətəndaşlıq publisistikasının fədakar yaradıcısıdır. Məhz onun yorulmaz satirik yazıçı kimi ardıcıl yaradıcı fəaliyyəti ilə ədəbiyyatımızda həmin boşluq hiss olunmur. Xeyrəddin Qoca neçə illərdir ki, “Molla Nəsrəddin” məktəbi ənənələrini davam və inkişaf etdirmək yollarında ardıcıl olaraq çalışmaqla yeni tarixi dövrün görkəmli mollanəsrəddinçisi miqyasına gəlib çıxmışdır”.

Əlbəttə, sevindim. Həm özümün bu dəryada boğulub ölmədiyimə görə, həm də Xeyrəddin müəllimin mollanəsrəddinçi miqyasına sağ-salamat gəlib çıxmağına görə. Maarifçi Xeyrəddin bəy sələfləri Sabirdən, Mirzə Cəlildən o güzgünü təhvil almasaydı bu gün korrupsioner məmurlar islah olunmaz, coşub-daşan gömrük rüsumları öz məcrasına yığışmaz, rəqabətli və dayanıqlı inkişafın bel sütunu sayılan orta sahibkarlıq çiçəklənməz, məhkəmə-hüquq sistemimizin, hörmətli akademikin təbirincə desək, mübariz keşikçiləri əyinlərinə geydikləri mantiya-mundirlərə hörmətlə yanaşıb xidmətçisi olduqları xalqa ədalətli, peşəkar xidmət göstərməz, bürokratik əngəllər hələ də ortada meydan sulayardı. Bu mənada Xeyrəddin bəyin əməyi danılmazdır.

Açığı, bu günə qədər hörmətli satirikimizin hər hansı bir hekayəsini, povestini oxumaq sizin kimi mənə də müyəssər olmamışdı. Ancaq, nə yaxşı ki, müdrik “Ədəbiyyat” qəzetimiz işin bu tərəfini də fikirləşib, eyni nömrədə zəmanəmizin dəyərli mollanəsrəddinçisinin miniatür hekayələrinə də yer vermişdi.

Beləliklə, hörmətli akademikin çoxrakurslu kinematoqrafik portret yazısından doğan xəcalət hissiylə baş-başa Xeyrəddin Qoca müəllimin ölkənin künc-bucaqda ilişib diqqətlərdən yayınmağı bacarmış azsaylı problemlərinə işıq salan, düşündürücü satirik hekayələrini oxumaq, nəhayət, mənə də nəsib oldu. Bu hekayələrdə yer alanbir neçə cəsarətli nümunəni icazənizlə diqqətinizə çatdırmaq istərdim:

Qəmiş qoyma!

Peşman oluram ağzımı açıb bir kəlmə söz deyirəm, yaxud əlimə qələm alıb eyiblərdən yazıram, o saat deyirlər, "sən qəmiş qoyma".

Yazıram ki, müxalifət qoymur sakit yaşamağa, bir müxalifətçi çıxır qarşıma, deyir, "sən qəmiş qoyma".

Deyirəm ki, bəzi vəzifəlilərə heç dana otarmaq da tapşırmaq olmaz, həmin vəzifəlilərin qohumları qabağımı kəsir, deyirlər ki, "sən qəmiş qoyma".

Yazıram ki, balaca bir ölkəyə bu qədər partiya lazım deyil, başqanlardan biri mənə zəng vurub salam-kəlamsız deyir, "sən qəmiş qoyma, özümüz bilərik".

Deyirəm ki, bu qədər qəzet buraxmazlar, heç camaatın pulu da çatmır bu qəzetləri almağa, qəzetçilərdən biri öz qəzetində məni "yıxıb-sürüyür", ağzına gələni yazır, başlığını da qoyur "Sən qəmiş qoyma".

Yazıram ki, haqsızlıq, ədalətsizlik baş alıb gedir, deyirlər, "sən qəmiş qoyma, qoy işimizi görək. Haqsızlıq, ədalətsizlik insan cəmiyyəti yaranandan var".

Soruşuram, ata-babalarınız Mirzə Cəlilə, Sabirə, Əbdürrəhim bəyə o zamanlar çox "qəmiş qoydular", indi onları tərifləyirsiniz, niyə? Cavab verirlər, "ata-babalarımız bilər, biz bilərik, sən qəmiş qoyma".

Mən isə deyirəm, yazıram ki, sizləri özbaşına buraxmaq olmaz! Qəmiş də qoyacağam, hələ o tərəfə də keçəcəyəm! Sizin də balalarınız gələcəkdə məndən danışarlar, bəsimdir!”

***

Gözlərim

Uşaqlıqdan gözü qıpığam, yəni qorxağam. İllər keçib, indi böyüyüb yekə kişi olmuşam, amma qorxu canımdan çıxmır ki, çıxmır. Böyürdən biri "pık" eləyən kimi bağrım yarılır. Yəqin maraqlanırsınız, bu nə qorxudur belə mənim canımı tir-tir titrədir?!

O vaxt qanmırdım, nə görürdüm, gəlib ata-anamın yanında danışırdım, onlar da üstümə qışqırırdılar, az qala, iki barmaqlarını gözlərimə soxurdular ki, "gördüyün hər şeyi danışma, yoxsa, iki gözünü bir deşikdən çıxardarıq". Odur-budur, hər şeydən qorxuram. Gördüklərimi görməməzliyə vururam.

Məsələn, görürəm ki, təzə-təzə siyasətin əlifbasını öyrənənlər ölkə prezidenti olmaq istəyirlər, özümü vururam görməməzliyə. Bilirəm ki, prezident olmaq hər kişinin işi deyil. Toyuğun peşəsi yatıb yuxusunda darı görməkdir. Görürəm ki, özünü göstərmək üçün kimdənsə "qəhrəmanlıq nidası" gəlir, tay-tuşları da ona qoşulub verirlər səs-səsə, ağız deyəni qulaq eşitmir, özümü vururam görməməzliyə. Düşünürəm, hər "qəhrəmanam" deyəndən qəhrəman olmur ki! Görürəm, gözümün qabağında bəzi vəzifəlilər xalqa "ot yondururlar", guya görmürəm, özümü vururam görməməzliyə. Çünki binayi-qədimdən belə olub, nə qədər müsəlmançılıqdı, yəqin həmişə də belə olacaq. Görürəm ki, əli qələm tutan ağına-bozuna baxmadan ağzına gələni yazır, bir nəfər də yerindən qalxıb demir ki, a bala, ayıbdır! Mən də susuram, özümü vururam görməməzliyə. Deyirəm, mənə nə var, kim-kimi söyür, kim-kimi "döyür". Görürəm ki, yaltaqlar, məddahlar ölkəni götürüb başına, dinmirəm, "mən dünya düzəldən deyiləm ki" - deyə düşünüb, özümü vururam görməməzliyə.

Başağrısı olmasın, mənim gördüyüm, görməməzliyə vurduğum hadisələr, şeylər çoxdur, saymaqla qurtaran deyil. Allah belə gözləri mənə verincə, kor yaratsa yaxşıydı. Vallah-billah, elə kor kimiyəm. Korun buynuzları olmaz ki!

***

"Əsas mənəviyyatdır..."

Ömrüm boyu kasıb yaşadım. Özümü ha ora-bura çırpdımsa, xeyri olmadı. Yanımda puldan-paradan söhbət düşəndə, elə hey dedilər:

- Əşi, pul-para, var-dövlət boş şeydir, əsas mənəviyyatdır. Vallah-billah, mənəvi zənginlik hər şeydən üstündür.

Doğrusu, belə sözləri uşaqlıqda çox eşitdiyimdən bir müddət deyilənlərlə razılaşırdım. Amma illər keçdikcə görürdüm ki, "zəngin mənəviyyatla" dolanmaq olmur. Yəni "zəngin mənəviyyatla" bazarlıq eləmək olmur, uşaqlara paltar almaq mümkün deyil, ad gününə əliboş getməli olursan, oğlunu, qızını oxuda bilmirsən, onların toyunu görəmmirsən və sair və ilaxır. Bir sözlə, yavaş-yavaş başa düşürdüm ki, "zəngin mənəviyyat" yaxşı şeydir, amma gərək bir az da pulun-paran olsun.

Məni yandıran o idi ki, "zəngin mənəviyyat" yolunu tutmağı məsləhət görənlərin hamısının vəzifəsi, ev-eşiyi, maşını, bağı, nəhayət, xərcləməyə çoxlu pulları vardı. Mən də yavaş-yavaş başa düşürdüm ki, pulun olması üçün vəzifə tutmaq lazımdır.

Belə-belə, ömrümün çoxu getdi. Əlli yaşa çatanda mənə kiçik bir vəzifə verdilər ki, bala, get, dolan. Yenə də quru maaşa baxmağa başladım. Yan-yörəmdəkilərin hamısının hər şeyi oldu, təkcə məndən başqa.

Bir gün lap böyük vəzifəlinin biri ilə görüşdüm. Söz dolanışıqdan-zaddan düşdü. Dedim, mən də vəzifədəyəm, amma elə əvvəlki kimi yaşayıram. Fərqi ondadır ki, burada məni xidməti maşın gəzdirir. Həmin vəzifəli də mənə nə desə yaxşıdır?

- Qardaşoğlu, əlli il belə yaşamısan, bundan sonra da yaşaya bilərsən. Neynirsən pulu-zadı? Əsas mənəviyyatdır!..

Bu sözləri eşidəndə hirsimdən ağlım başımdan çıxdı. Dəli kimi qışqırdım:

- Zalım balası, məni ələ salmısan? Mənəviyyat yaxşı şeydirsə, özün yaşa da mənəviyyatnan! Elə acından ölmək mənə qalıb?!

***

Prokurorun söhbəti

Rayonların birinə prokuror təyin olunmuşdum. Birinci gün işə çıxmışdım. Təzəcə oturmuşdum ki, qəbul otağından səs eşitdim. Katibəni çağırıb soruşdum, "bəlkə qəbuluma gələnlər var?" Katibə bildirdi ki, "bəli, hörmətli prokuror, gəliblər". Dedim, "bir-bir burax, keçsinlər içəri".

Heç demə, onlara da elə bu lazım imiş: bir-bir içəri girib, "ürək söhbəti" eləmək istəyirlərmiş...

Bir ağsaqqal kişi içəri girib salam-kəlamdan sonra ədəb-ərkanla əyləşdi. Döş cibindən bir zərf çıxarıb qoydu masamın üstünə. Soruşdum:

- Kişi, şikayətin nədir?

Nə cavab versə, yaxşıdır?

- Allah eləməsin biz şikayət-zad yazaq, hörmətli prokuror!

- Bəs masamın üstünə qoyduğun şikayət məktubu deyil?

- Əşi, yəni düşünürsən mən bu ağsaqqal vaxtımda şikayətə gəlmişəm? Şirkət başçısıyam, gəldim sizi görüm, gedim. Zərfdə üç min dollar var. Hər ayın başında yenə bir o qədər gətirəcəyəm.

Hirs vurdu təpəmə, dilləndim:

- Ağsaqqal kişisən, zərfi götür, get. Mən sən deyən prokurorlardan deyiləm!

Kişi çıxdı. Qəbuluma gələnlər bir-bir masamın üstünə zərflər qoydular, mən də onları bir-bir qovdum, getdilər.

Birinci günüm belə keçdi.

İkinci gün yenə təzəcə işə başlamışdım, katibə bildirdi ki, "hörmətli prokuror, dünənki ağsaqqal yenə gəlib". Fikirləşdim, yəqin, üzr istəməyə gəlib.

Kişi içəri girər-girməz, köhnə dostlar kimi mənə yaxınlaşdı, bir əli ilə əlimi tutdu, o biri əli ilə döş cibindən bir zərf çıxarıb qoydu masamın üstünə.

Yenə soruşdum: "a kişi, bu nədir?" Kişi yazıq-yazıq dilləndi:

- Üstünü düzəltdim, hörmətli prokuror! Altı min dollar elədim.

Elə bil, başımda ildırımlar çaxdı. Kişiyə necə qışqırdımsa, zərfi götürüb, o gedən getdi.

Sonradan mənə bildirdilər ki, bu adamlar hər ayın başında məndən əvvəl işləyən prokurorlara beləcə "baş çəkirlərmiş"... İndi gəl, belə rayonda işlə görüm, necə işləyirsən?!

***

Üçüncü hekayəsində bizə həqiqəti göstərməklə, — qısa olaraq “başlı başını saxlasın” deməklə —mənəviyyata ustalıqla bir qoz qoymuş müəllifsonuncu hekayəsində gözümüzdəki pərdəni də eyni ustalıqla cırıb, əslində, yoxsul bildiyimiz əyalətlərdə prokurorların deyil, sahibkarların rüşvətxor olduğunu sehrli güzgüsündə bizə göstərməklə özünün nə qədər cəsarətli və qəhrəman olduğunu incəliklə işləmişdir. Bir sözlə, bizi güldürə-güldürə ağlatmışdır. Güldürmək demiş, google-da müəllimin bu səpkili başqa iynəli yazılarını da oxumaq üçün axtarış verəndə onun “Ürəkdən gülmək istəyirsinizsə” adlı gülməcələr toplusu və şair Şəhriyar del Geraninin on bir il öncə müəllimdən aldığı müsahibəsi qarşıma çıxdı.

Müsahibə haqqında sonda yazaram, ancaq gülməcələri haqqında sizə bir söz deyim: bəlkə də, bir başqasının dilindən oxuyubgülə biləcəyimiz, əslində isə, düşündürücü, akademikin təbirincə desək, maarifləndirici lətifələri özünəməxsus tərzdə — yumora parodiya janrında (məncə, Xeyrəddin bəy bu janrın böyük təmsilçisi kimi hələ uzun müddət yaddaşlarımızda meqabayt yeri istismar edəcək) qələmə alıb, bizlərə miras qoyduğuna görə Xeyrəddin müəllimə nə qədər təşəkkür etsək, yenə borcu ödənməz. Qısa olaraq həmin topludan da bir neçə nümunəni diqqətinizə çatdırıb, sonda anonsunu verdiyim müsahibəni diricə bu yazının altına yerləşdirəcəm. Hələlik isə Lə-ti-fə-lər!

Xeyrəddin Qoca Azərbaycanın Türkiyədəki səfiri ilə söhbət edir. Türkiyənin Xarici İşlər naziri İsmayıl Cem onlara yaxınlaşır. "Nasılsınız?" deyə soruşur. Səfir təşəkkür edir. "Siz nasılsınız, sayın konsolosum?" -sualına Xeyrəddin müəllim heç kimin gözləmədiyi cavabı verir:

- Nasıl olacağam, bütün gecəni buz dolabının içində oturmuşam!

İsmayıl Cem "Buz dolabında nə yapıyordunuz, əfəndim?" - deyə təəccüblə soruşur. X.Qoca "Zəlzələdən qorxurdum!" cavabını verir.

Heç demə, professorlardan biri televiziyada çıxış edərək demişdir: "Zəlzələ olan kimi masa altına, buz dolabına... girin..."

Vallah kefdir, Xeyrəddin müəllim. Bu cür situasiyada da qəhrəmanlığından qalmır: masa altına girə bildiyi halda soyuducuda donmağı daha şərəfli sayır.

Bir başqa nümunə:

Cib telefonu zəng çalır. X.Qoca telefonu götürür:

- Sən hava limanına get. Qonaqları götür. Ünvanı bilirsən. Axşam məni hava limanında qarşılayarsan. Oldu? Sağ ol! - telefonu qapayır. Heç bir şey olmamış kimi, söhbətinə davam edir. "Bağışlayın, zəng edənə danışmağa imkan vermədiniz, o kim idi?" - deyə iş yoldaşı ondan soruşur.

Xeyrəddin Qoca duruxur:

- Düz deyirsən, vallah. Yazıq heç nə deyə bilmədi, axırda bircə "tamam" dedi. Sürücümdür. Lazım olsam, yenə zəng vurar.

Sözün düzü, burda müəllimin ötürdüyü fəlsəfi mesajı tuta bilmədim. Ancaq, heç şübhəsiz, bu da onun dərin idrak, zənginintellekt sahibi olmasının göstəricisidir.

Və yaxud bu nümunəyə baxaq:

Xeyrəddin Qocanın tanışları, dostları iyirminci əsrdə tez-tez deyirdilər: "Kaş iyirmi birinci əsrə çıxaydıq, görəydik, necə əsrdir..."

İyirmi birinci əsr başlayanda Xeyrəddin Qoca onların günləri, ayları daha maraqla izlədiyini hiss edərək "Nə görmüsünüz ey, iyirmi birinci əsrdə? Bilmirsiniz ki, bu əsrdə hamımız öləcəyik?!" deyərək gülümsəyir.

Gördüyünüz kimi, müəllim burda da cəsurluğundan qalmır: dünyanın faniliyini adamların yadına salıb gülümsəməklə ölümə meydan oxuyur.

Nəhayət, növbə çatdı söz verdiyim məşum müsahibəyə. Mənə görə, Şəhriyarın hörmətli satiriklə etdiyi bu mükalimə müəllif haqqında ən dəyərli portret yazısıdır və Xeyrəddin müəllimin yerinə olsam, avtobioqrafik avanqard hekayə nümunəsi kimi gələcəkdə çap olunacaq kitablardan birinə salaram. 75 yaşlı yubilyarı təbrik edir və ironik-satirik ədəbi fəaliyyətində ona uğurlar arzu edirəm!

***

“Açıq söhbət”in budəfəki qonağı tənqidi-komediya və satira ustası, Azərbaycanda Cəlil Məmmədquluzadə, Türkiyədə Əziz Nesin, Rusiyada Mixail Zoşşenko ilə müqayisə olunan sehrli qələm sahibi, Türkiyədə 5 il 4 ay konsul işləmiş ictimai-siyasi xadim Xeyrəddin Qocadır.

Onunla söhbətimiz qızmar günəşli bir yay gününə təsadüf etdi. Təxminən gül-güldən, bülbül-bülbüldən bezdiyi bir hava şəraiti…

Həyat o qədər çətindir ki, məmləkət dediyimiz bu diyarda sən hər an Xeyrəddin Qocayla üzləşə bilərsən. Onunla qarşılaşanda qəti qorxub-zad eləməyin. Onsuz da o, bizi kənardan çox yaxşı görür, çox yaxşı müşahidə edir. Onsuz da o, sizin hərəkətlərinizi sizlə qarşılaşmasa belə duya bilir. Allah-təala bu çətin günü mənim də alnıma yazıbmış. Ustadla söhbətdən birtəhər üzüağ çıxa bildim. Xeyrəddin Qoca çox təhlükəli yazardı. Hətta, özü də bunu hiss edirmiş kimi “Biz bizə bənzərik” kitabının girişində belə bir bildiriş verib: “Əvvəla, kitabı vərəqləməzdən əvvəl lazımdır əsəblərinizin möhkəm olub-olmadığını bir daha yoxlayasınız...”

Sənətkar tam olaraq haqlıdır. Adam dəli ola bilər kitabı oxuduqca. Əbəs yerə deyil ki, Nizami Cəfərov onun haqqında bu sözləri yazıb: “Xeyrəddin Qocanın tənqid hədəfləri olduqca rəngarəngdir”.

“Məqalələr, sənədlər, fotoşəkillər” adlı kitabda isə sənətkar haqqında yazılan məqalələr toplanmışdır. O kitabda Xeyrəddin müəllimin daha kimlərlə fotoşəkilləri yoxdur? – Çingiz Abdullayev, Fikrət Qoca, Türkan Şoray… Elə həmin kitabda fantastik bir statistika diqqətimi çəkdi. “X.Qocanın jurnalistikanın müxtəlif janrlarında minlərlə yazısı respublikamızda və xaricdə çıxan yüzdən artıq qəzet və jurnalda dərc edilmişdir...”

Xeyrəddin Qocadan bir cümlə də deyim, keçək söhbətə: “Gördünüz zəlzələ oldu, girin soyuducunun içinə, ya da masanın altına”.


- Ustad, sizi Cəlil Məmmədquluzadə ilə müqayisə edirlər. Buna fikriniz necədi?
- Mən bu yaxınlarda bir televiziyada dedim. Bilirsiz ki, telekanallarda tez-tez oluram. Dedim, mən Cəlil Məmmədquluzadə kimi yazsam, əlimə qələm götürmərəm. Niyə? Çünki Mirzə Cəlil var. Onda mən kiməm? Mən Xeyrəddin Qocayam. Nizami Cəfərov da mənim haqqımda yazdığı məqalədə deyib ki, Xeyrəddin Qoca özüdür. Onlar bizim ustadlarımızdı. Məni Çəmənzəminli ilə də müqayisə edirlər, Haqverdiyevlə də, Mirzə Ələkbər Sabirlə də. Mən Sabir kimi dahi tanımıram dünyada. Mirzə Cəlil bitməyən bir bulaqdır…

- Son kitabınız həddindən artıq ağır kitabdır, çox oxumaq olmur, adam psixoloji sarsıntı keçirir.
- Hə, o kitab birdəfəlik oxumaq üçün deyil. Gərək gündə o kitabdan bir-iki məqalə oxuyasan. Çox oxumaq olmaz! Mən o məqalələri gülmək üçün yazmamışam. 65 yaşa çatıram, hələ də bir müsbət cəhət görə bilmirəm. Camaatda irəliləyiş yoxdur. Əgər varsa bir nəfər mənə desin. Nömrəmi də yazarsız, qoy zəng edib desinlər. (Ustadın öz istəyilə mobil nömrəsini qeyd edirəm:
050 325 16 91 – Ş.G.)

- 5 ildən artıq Türkiyədə konsul işlədiz, bildiyim qədərilə Türkiyə ədəbiyyatına sirayət edə bildiz…
- Necə yəni sirayət?

- Yəni, ədəbi mühitə, kitab bazarına girə bildiniz.
- Yox, mənim buna vaxtım olmayıb. Amma Türkiyəli yazıçılarla tez-tez görüşürük.

- Kimlərlə?
- Ad çəkmək lazım deyil, ehtiyac yoxdur. Birinin adını çəkəcəm, o biri inciyəcək. Ancaq, Anar müəllimlə Nazim Hikmətin evində olmuşam.

- Kimləri oxuyursuz?
- Hamını. Hər gülün-çiçəyin öz ətri olduğu kimi, hər şair-yazıçının öz yaxşı əsəri var.

- O vaxtı Ramiz Rövşən deputatlığa namizədliyini irəli sürmüşdü, sizcə niyə seçilə bilmədi?
- Nə vaxt?

- O vaxt.
- Nə bilim, Ramiz Rövşənin namizədliyindən xəbərim yoxdur.

- Siz seçilmişdiz də…
- Mən 95-də seçilmişdim…

- Hardasa işləyirsiz indi?
- Yox, işləmirəm. Bu yaşımda kiminsə əlinin altında işləyə bilmərəm. Prezident təqaüdü alıram, dövlət ev verib, ümummilli lider Heydər Əliyev ürək əməliyyatı üçün məni müalicəyə göndərib. O olmasaydı indi həyatda yaşamırdım.

- Konsul işləyən vaxtlarda təyyarədə açıq vəziyyətdə əlinizdə lüstr gətirirmişsiz, bu doğrudu?
- Lüstr da gətirmişəm, başqa şey də. Amma, açıq yox, bağlı olub. Məni istəməyən adamlar uydurublar bunu. Sizə bir hadisə danışım. Bir dəfə konsul işləyən vaxtlarda oturmuşdum otağımda. Gəlib dedilər ki, Hindistanın baş konsulu sizinlə görüşmək istəyir. Mən də dedim, randevüm yoxdu axı bu günə. Dedilər, gəlib, qapının ağzındadı. Nə isə, dedim, gəlsin. Durdum qarşıladım, gəldi içəri, oturdu. Mən də başladım danışmağa ki, bəs biz uşaqlıqdan hind kinoları ilə böyümüşük, Hindistanın böyük tarixi var, mədəniyyəti var, öz musiqisi ilə dünyanı fəth edib, insanları humanistdi, bizə doğma olan ölkədi… Belə-belə danışıram, danışıram, danışıram. Görürəm mən danışdıqca bu qara adam daha da qaralır. Qayıtdı ki, mən Hindistanın deyil, Pakistanın baş konsuluyam. Axı Hindistanla da Pakistan düşməndir! (Gülmürük) Mən də dedim, bəs mənə səhv məlumat veriblər, bu mənim günahım deyil, bağışlayın. Əlavə də elədim ki, Pakistan da bizim müstəqilliyimizi tanıyan ilk ölkələrdəndi, mən orda olmuşam, çox isti yerdir, filan-filan… O da qayıtdı ki, bəs mən sizin konsulluğa gəlməməliydim. 30 metr o tərəfdə olan Ərəbistan konsulluğuna getməliydim, səhvən bura gəlmişəm. Deməli, hadisə belə olub. İndi bu adamlar da mənfi rəy yaratmaqdan ötrü danışırlar ki, Xeyrəddin konsul işləyəndə Hindistanın konsuluyla Pakistanın konsulunu ayırd eləyə bilməyib. Görürsünüz də, necə səviyyəsiz adamlar var?

- Əlbəttə, olur belə şeylər, xırdaca anlaşılmazlıqdı, nə var ki burda?! Əsərləriniz dünyada necə qarşılanır, Xeyrəddin müəllim?
- Bilmirəm axı, onu oxuculardan soruşmaq lazımdı. Onu bilirəm ki, Türkiyədə bir kitabım çıxdı, kompüterə baxdılar, gördülər çox qısa zamanda hamısı satılıb qurtarıb.

- Neçə tirajla?
- Dəqiq bilmirəm, tirajı yadımdan çıxıb, 100 min tiraj idi, yoxsa 50 min.

- Yenə sifariş verdilər?
- Yox hələ, sifariş verməyiblər. Amma, mənim kitablarım həmişə əl-əl gəzib. Bax, mən vermişdim kitabı Qanturalıya, o da verib sizə. Siz də verəcəksiz başqasına. Əl-əl gəzəcək o kitab.

- Televiziyalara gedirsiz, niyə qonorar almırsız? Niyə Millət vəkili olanda bu məsələni qaldırmadız?
- Sən də müxalifətçilər kimi danışırsan e... (acı-acı gülümsəyir) Bu mənim işim deyil axı, bunu Milli Məclisdə qanunla tənzimləməlidirlər.

- Bütün verilişlərə gedirsiz...
- Yox, hamısına getmirəm.

- Elgizin verilişinə gedirsizsə hər şey aydındı də.
- Yox-yox, cəmi 3 dəfə getmişəm ora. Həm də o veriliş başqalarına nisbətən yüz qat səviyyəlidi. Sadəcə çağırılan qonaqlar, ekspertlər səviyyəsizlərdi.

- Sizə alternativ yoxdu də Azərbaycanda…
- Çünki yazan yoxdu. Satira yazmaq çox çətindi, həddindən artıq çətindi. Orda bir dənə də olsa artıq cümlə, söz ola bilməz. Təvazökarlıqdan uzaq olsa da deyim ki, mən bir satirik yazının üstündə 100 dəfə işləyirəm.

Söhbətin bu yerində Xeyrəddin bəydən bir satirik mətn təqdim edib sizinlə sağollaşıram. Özünüz yaxşı baxın, oxuyun, nəticə çıxarın, həyatınıza düzən verin.
“Biri ölür, düşür cəhənnəmə. Qorxa-qorxa cəhənnəmin qapısını döyür ki, içəri girsin. Birdən başında buynuzları olan, bədənini qap-qara tük basmış, ağzı qıp-qırmızı bir cin qapıdan çıxıb gözlərini bərəldərək rəhmətliyə “qığğğ” eləyir. Rəhmətlik əsəbiləşərək dillənir:

- Belə eləyirsiz ki, cəhənnəmə heç kim gəlmək istəmir də!”.

(Biz bizə bənzərik, səh. 289. Bakı - 2010)

Seçilən
7
50
kulis.az

10Mənbələr