AZ

Beyləqanda Gənclər Günü ilə bağlı tədbir keçirildi - Fotolar

Bu gün Beyləqan Rayon İcra Hakimiyyəti və Mil-Muğan Regional Gənclər İdman İdarəsinin birgə təşkilatçılığı ilə Beyləqan rayonu Gənclər Evində 2 fevral – Azərbaycan Gəncləri Günü ilə bağlı tədbir keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Regional Gənclər İdman İdarəsinin rəis müavini Elçin Qiyasov, hüquq-mühafizə orqanlarının rəhbərləri ictimaiyyət nümayəndələri, eyni zamanda rayonun fəal gəncləri iştirak ediblər. 

Əvvəlcə bu günün təsisçisi Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, ehtiram əlaməti olaraq abidə önünə gül dəstələri düzülüb.

Gənclər Evində baş tutan tədbir Dövlət Himni səsləndirilməsi ilə açıq elan olunub, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib. 

Tədbiri giriş sözü ilə açan Əziz Əzizov əlamətdar gün münasibətilə müstəqil Azərbaycan gənclərini ürəkdən təbrik edib, onlara xoşbəxt gənclik, sağlamlıq və uğurlu gələcək arzulayıb. Əziz Əzizov Gənclər Günü barədə Ulu Öndər Heydər  Əliyevin tarixi Sərəncamının əhəmiyyəti və bu sahədə ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə görülən işlər barədə geniş məlumat verib.

Rayon rəhbəri əlavə edib ki, bu gün hər bir Azərbaycan gənci Ümummilli Lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində daim rəhbər tutmalı, Azərbaycan gəncliyinin lideri olan Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin əbədi yaşaması üçün yumruğunu bir hədəfə vurmalıdır. Çünki, bu günün gəncliyi vətənpərvər, sağlam ruhlu, özünə inamlı, mübariz gənclikdir.

Ramazan Hadıyev və Elçin Qiyasov gəncləri xüsusi gün münasibətilə təbrik edərək, gənclər siyasəti ilə bağlı ölkə başçısı İlham Əliyevin qarşıya qoyduğu vəzifələr ətrafında geniş  çıxış etib, gənclərimizə şəxsi və ictimai həyatda uğurlar arzulayıb. 

Rayon gəncləri adından çıxış edən Vətən müharibəsi qazisi Qiyas Məmmədli və Gənclər Evinin əməkdaşı Nərmin Əlizadə ölkə Prezidentinin davamlı diqqət və qayğısını daim hiss etdiklərini, ölkəmizin bütün sahələrində gənclərin irəli çəkilərək onlara yüksək etimad göstərilməsinə minnətdarlıqlarını bildiriblər. 

Tədbirdə rayonun ictimai-siyasi həyatında, təhsildə, idmanda, eləcə də elm sahələrində fərqlənən bir qrup fəal gəncə Diplom və hədiyyələr təqdim olunub. Tədbir bədii hissə ilə davam edib.









Seçilən
2
42
qafqazinfo.az

10Mənbələr