1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Bakı şəhəri, Suraxanı rayonu, Bahar qəsəbəsinin sakinləri ətrafa axan kanalizasiya sularının təmizlənməməsindən şikayətçidirlər.
Oxu.Az-a şikayət ünvanlayan sakinlər qeyd ediblər ki, şamboları təmizləmək çox baha başa gəlir:
"Qəsəbədə kanalizasiya yoxdur. Buna görə də kanalizasiya suları ətrafa tökülür. Şamboları vaxtında təmizləmək mümkün deyil, maliyyəti yüksəkdir. Buna görə də kanalizasiya qoxusundan boğuluruq".
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətidən (İŞBSTX) bildirilib ki, kanalizasiya sistemi mövcud olmayan ərazilərdə təchizat sisteminin qurulması məqsədilə müvafiq layihə sənədləri hazırlanıb:
"Qeyd olunan ünvanda İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mərkəzləşmiş tullantı su şəbəkəsi mövcud deyil. ADSEA-nın sifarişi ilə kanalizasiya sistemi mövcud olmayan ərazilərdə təchizat sisteminin qurulması məqsədilə müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası şəbəkənin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. O cümlədən, yaşayış məntəqələrində tullantı su şəbəkəsinin inşası tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır.
Hazırda mərkəzləşdirilmiş tullantı su şəbəkəsi mövcud olmayan yerlərdə vətəndaşlar şambo quyularından da istifadə edə bilirlər. Bu kimi quyuların təchizatı, təmizlənməsi və s. məsələləri isə onların öz hesablarına aparılır. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti fəaliyyətini şəbəkə mövcud olan ərazilərdə həyata keçirir".
Aygün Mirakif