AZ

Ankara bəyannaməsi: Türk dünyası üçün yeni əməkdaşlıq mərhələsi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyə, Azərbaycan və Özbəkistan arasında imzalanan Ankara bəyannaməsində qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərlə bağlı əməkdaşlığın inkişaf etdirilməsinə, habelə suverenlik və ərazi bütövlüyü əleyhinə atılan addımlara qarşı birgə fəaliyyətə dəstək ifadə olunub.
Bəs bəyannamənin hər üç ölkə üçün və xüsusən də Türk Dövlətləri Təşkilatı çərçivəsində ortaq mövqenin formalaşdırılmasına təsiri baxımından necə dəyərləndirmək olar? Əldə edilən razılaşma türk dünyasının inkişafına necə təkan verəcək?
Mövzunu Oxu.Az-a dəyərləndirən Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Aydın Mirzəzadə bildirib ki, bu görüş iki məsələdə xüsusi əhəmiyyət kəsb edir:
"Birincisi, üç türk dövləti birgə formada müəyyən qrup məsələləri müzakirə edirlər. İlk dəfədir ki, məhz Azərbaycan, Türkiyə və Özbəkistan rəsmiləri nəqliyyat, ticarət məsələləri üzrə bir araya gəldilər. Şübhəsiz ki, burada söhbət təkcə nəqliyyatdan getmir. Qardaş ölkələr kimi birgə mövqe nümayiş etdirmək, planları müzakirə etmək və gələcəklə bağlı müəyyən perspektivlər qurmaq türk dünyası birliyi faktorunu daha da gücləndirir. Prezidentin bir il bundan əvvəl "Bizim ailəmiz türk dünyasıdır və bizim başqa ailəmiz yoxdur" deməsi bir daha öz təsdiqini tapır".
"Digər məsələ isə hər üç ölkənin Orta dəhliz nəqliyyat layihəsinin tərkib hissəsi olmasıdır. Bu gün Orta dəhliz bu üç ölkəsiz işləyə bilməz. Layihə Çindən tutmuş Avropaya qədər keçən, bu dəhliz ətrafında yerləşən hər bir ölkənin bu günü və sabahı üçün böyük perspektivlər vəd edir və üç ölkə bu məsələdə öz imkanlarını, resurslarını birləşdirmək qərarına gəliblər. Burada kooperasiya, qarşılıqlı sürətli investisiyanın yatırılması böyük əhəmiyyət daşıyır. Xatırlatmaq yerinə düşər ki, Azərbaycan və Özbəkistan arasında 500 milyon dollarlıq birgə investisiya fondu var. Bu fond artıq həm Azərbaycanda, həm də Özbəkistanda bir sıra layihələr həyata keçirir. Azərbaycanın Türkiyə iqtisadiyyatına investisiya həcmi isə 20 milyard ABŞ dolları həcmindədir və bu göstərici də durmadan artır", - deyə deputat vurğulayıb.
Müsahibimiz əlavə edib ki, Azərbaycan, Türkiyə və Özbəkistanın xarici işlər, ticarət və nəqliyyat nazirlərinin görüşü bu günə və sabaha planları müzakirə etməyə, ümumi razılığa gəlməyə və sonradan səmərəsi görünəcək bir çox işlərin əsasının indidən qoyulmasına səbəb olur:
"Hesab edirəm ki, bu görüş həm siyasi, həm də iqtisadi baxımından çox əhəmiyyətlidir və hər üç ölkənin ictimaiyyəti, mətbuatı bunun xüsusi əhəmiyyətini bir daha görür və qiymətləndirirlər".
Mərahim Nəsib
Seçilən
3
50
oxu.az

10Mənbələr