AZ

Böyük Britaniyada pərakəndə ticarət işçilərinə qarşı oğurluq və zorakılıq halları rekord səviyyəyə çatıb

London, 30 yanvar, AZƏRTAC

Böyük Britaniyada pərakəndə ticarət işçilərinə qarşı oğurluq və zorakılıq halları ötən il rekord həddə çatıb və bununla bağlı vəziyyət nəzarətdən çıxıb.

AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, bu barədə British Retail Consortium (Böyük Britaniya Pərakəndə Ticarət Konsorsiumu) bəyanat yayıb. Bildirilib ki, bu artımın əsas səbəblərindən biri mütəşəkkil cinayətkar qruplaşmalardır. Hazırlanan illik cinayət hesabatına görə, 2024-cü il avqustun 31-dək olan bir il ərzində 20 milyondan çox oğurluq hadisəsi qeydə alınıb. Bu, gündəlik 55 min oğurluq deməkdir və ümumilikdə pərakəndə ticarət sektoruna 2,2 milyard funt sterlinq (təxminən 2,7 milyard dollar) ziyan vurub. Müqayisə üçün bildirilib ki, ondan öncəki il isə 16 milyon oğurluq hadisəsi qeydə alınıb. Hesabatda qeyd olunur ki, son dövrdə baş verən hadisələrin əksəriyyəti mütəşəkkil cinayət qrupları tərəfindən törədilib və bu qruplar ölkə üzrə mağazaları sistemli şəkildə hədəfə alır.

2023/24-cü illərdə pərakəndə ticarət işçilərinə qarşı zorakılıq və təhqir halları da kəskin artıb – gündə 2 mindən çox insident qeydə alınıb. Bu, əvvəlki il qeydə alınan 1300 hadisə ilə müqayisədə ciddi bir artımdır.

Bundan əlavə, hesabat göstərir ki, polis müdaxiləsindən məmnunluq səviyyəsi aşağı olaraq qalır. Respondentlərin 61 faizi hüquq-mühafizə orqanlarının reaksiyasını zəif və ya çox zəif kimi qiymətləndirib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

 

Seçilən
8
2
azertag.az

10Mənbələr