AZ

Razi Nurullayev nəqliyyat müşavirəsindən danışdı: Naziri və AYNA sədrini təriflədi

“Nəqliyyat məsələlərinə həsr olunmuş Prezident müşavirəsinə dair fikirlərimi bölüşmək istəyirəm. Müşavirə mənalı və konkret oldu. Müşavirənin sonunda nəqliyyatla bağlı aydın olmayan məsələ qalmadı. Bu məsələlər nə qədər müzakirə olunurdu, nə qədər dartışılırdı, tənqid olunurdu, "heç bir iş görülmür, plan, layihə yoxdur, şəhər iflicdir, proqram yoxdur” kimi məsələlər tirajlanırdı. Mənim də narahatlığım çox idi. Məlum oldu ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və tabeliyində olan qurumlar çox ciddi şəkildə çalışaraq şəhərin nəqliyyat problemlərini aşkara çıxarıb və həll yolları üzərində işləyiblər”.

“Cebheinfo.az” xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib. Deputat qeyd edib ki, bu onu çox sevindirib:

“Ümumiyyətlə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və tabeliyindəki qurumların işini, cənab nazir Rəşad Nəbiyevin fəaliyyətini yüksək qiymətləndirirəm. Çünki nəticələr görürəm. Ölkə üzrə optik internet üzrə ən liberal siyasət aparılıb və indi, ən ucqar kəndlərdə belə ya internet var, ya da olacaq. Bu sahədə verilən tapşırıqları qüsursuz olaraq yerinə yetiriblər. Taksi xidməti sahəsində ciddi islahatlar aparılıb və artıq müsbət nəticələr var. Velospied və skuter yollarının isə daha da genişlənməsinin tərəfdarıyam və bu barədə də müşavirədə məlumat verildi. Çox yaxşı ki, Cənab Prezident də bunu dəstəkləyir. Narahat olanları isə başa düşə bilmirəm. Istənilən halda, çoxumuz velosiped, skuter və digər ictimai nəqliyyat vasitələrinə keçməliyik və ənənəni yaratmalıyıq. Əks halda, yüz yol çəkilə, tıxac bitməz”.

Deputat əlavə edib ki, müşavirədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri cənab Anar Rzayevi də kəşf edib:

“Mən istisnasız olaraq, müşavirələrə sona qədər və diqqətlə baxıram. Neçə dəfə rəhmətlik Heydər Əliyevin və Prezident İlham Əliyevin iradlarını eşitmişəm ki, konket danışın və layihəni təqdim edin, daha dediklərimizi təkrar etməyin. Çoxlu statistika, rəqəmlər, dolaşıq cümlələr və sonunda layihə, yaxud problem haqqında bir neçə cümlə.

Cənab Anar Rzayev əvvəldən sona qədər çox maraqlı, məzmunlu və faktlara söykənən bir təqdimat etdi. Bir kəlmə artıq cümlə, bir kəlmə artıq söz, əsas məzmundan yayınma halları olmadı. Səbəb budur ki, Bakının nəqliyyat problemi üzərində ciddi şəkildə araşdırma aparıblar, xarici mütəxəssislər cəlb ediblər, simulyasiya yaradıblar və problem məsələləri ən xırda detallarına qədər öyrəniblər. Bu gün Bakının nəqliyyat problemləri və onların həlli ilə bağlı məndə sual yoxdur. Layihə var və həyata keçiriləcək. Bu çox sevindiricidir”.

“Cebheinfo.az”

Seçilən
12
50
cebheinfo.az

10Mənbələr